Sakit Okean Alyansına üzv ölkələrin səfirləri Bakıda turizm potensialını təqdim ediblər

Sakit Okean Alyansı dörd üzv ölkəsi – Çili, Kolumbiya, Meksika və Perudan ibarət bir regional inteqrasiya təşəbbüsüdür. Alyansın niyyəti regional inteqrasiyanı, həmçinin, ölkə iqtisadiyyatlarının artımı, inkişafı və rəqabətliyini canladırmaqdır.
1news.az-a Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Alyans üzvləri inanırlar ki, bu, əmlak, xidmət, kapital və insanların azad dövriyyəsinin mütərəqqi inkişafı vasitəsilə mümkündür.
Alyans 28 aprel 2011-ci il tarixində qurulub və o, dünyanın səkkizinci iqtisadi gücü, səkkizinci ixrac qüvvəsidir. Dörd ölkənin ümumi əhalisi 216 milyondur.
Sakit Okean Alyansı tərəfindən turizm haqqında innovativ təşəbbüslərin irəli sürülməsini nəzərə alaraq, təşkilatın üç ölkəsinin Bakıda yerləşən səfirlikləri turizm potensialının təşviq olunması məqsədilə müştərək bir tədbir təşkil ediblər. Tədbirdə Meksika səfiri Rodriqo Labardini, Peru səfiri Mariya Milaqros Kastanyon Seoane və Kolumbiya səfirliyinin müvəqqəti işlər vəkili Marta Qalindo Penya iştirak edərək ölkələrinin turizmi haqqında geniş məlumat təqdim ediblər.
Meksikalı diplomat bildirib ki, Meksika 2017-ci ildə gələn 39 milyondan çox turist ilə dünyanın ən çox ziyarət olunan 6-ci ölkəsidir. Turizm Meksikanın ÜDM 9%-i təşkil edir. Romantik turizmin 23%-i Meksikanın payına düşür. Bundan əlavə, ölkədə cəmləşən dünya növlərinin 12%-i və iki okeanın – Atlantik və Sakit – sahilləri onu meqamüxtəlif ölkəyə çevirir. Meksikanın 35 məkanı (27 mədəni, 6 təbii və 2 qarışıq) YUNESKO tərəfindən Bəşəriyyətin İrs Siyahısına daxil edilib.
Meksikanın görməli yerləri arasında xarabalıq və piramidləri, müstəmləkə şəhərləri və çimərliklər var. Mülayim ölkə iqlimi və mədəni tarixi irs Meksikanı dünya səviyyəsində cəlbedici turistik istiqamətə çevirir. Ölkədə, həmçinin Sehirli Kəndlər adlanan məkanlar mövcuddur. Bunlar rəmzi, memarlıq və təbii atributları qoruyub-saxladığı üçün mədəniyyəti və tarixi zəngin olan qədim məkanlardır.
P.Sultanova