Erməni girovluğundan azad olunan Qazax sakini yaxın günlərdə xəstəxanadan evə buraxılacaq – YENİLƏNİB

Erməni girovluğundan azad olunan Qazax rayon sakininin vəziyyəti kafidir.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov məlumat verib.
Baş həkim bildirib ki, girovluqdan azad olunan Elvin İbrahimovun vəziyyəti kafidir: "Elvin İbrahimovun vəziyyəti kafidir. O, Mərkəzin həkimləri tətəfindən bütün tibbi yoxlanışlardan keçərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, səhətində ciddi problem yoxdur və yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".
15:09
Ermənistanda girovluqda olan Qazax sakini qaytarılıb.
Bu barədə 1news.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən məlumat verir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.
Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
1news.az