Digər dronları məhv edən pilotsuz uçan aparat təqdim edilib
ABŞ-ın "Anduril" startapı digər dronların məhvi üçün nəzərdə tutulan "Interceptor" pilotsuz uçan aparatını nümayiş etdirib.
1news.az ictnews.az-a istinadən bildirir ki, "Interceptor" müəyyən bina və ya obyekt, məsələn, hərbi baza və ya həbsxana ətrafında hava məkanına nəzarət edən kiçik kvadrokopterdir. Xüsusi kompüter görmə sistemi vasitəsilə dron digər pilotsuz uçan aparatların havada görünməsini izləyir. Qayda-qanunu pozan aparat aşkarlanan zaman "Interceptor" operatordan hücum üçün icazə aldıqdan sonra tarana gedir.
Bildirilir ki, bu, "Anduril" startapının kəşf etdiyi ilk texnologiya deyil. Belə ki, müdafiə texnologiyaları sahəsində ixtisaslaşan startap bir müddət əvvəl ABŞ və Meksika sərhədini qanunsuz keçən miqrantların aşkarlanması üçün nəzərdə tutulan "Lattice" kompüter görmə sistemini təqdim edib. Hazırda sistem bir neçə ABŞ idarələri tərəfindən istifadə olunur.
1news.az