Azərbaycanda neft hasilatı 2020-ci ilin planına uyğun davam edəcək
Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır.
Bu barədə 1news.az-a Azərbaycan Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, “OPEC plus” ölkələri üzrə gündəlik neft hasilatının 1,7 mln barrel azaldılması ilə bağlı 2019-cu ilin dekabrın 6-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır. Azərbaycan bu müddət ərzində “Əməkdaşlıq Bəyannaməsi” üzrə 27 min barrel həcmində öhdəliyini tam yerinə yetirib. Yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı, təxminən, 754 min barrel olub. Azərbaycan neft istehsalını 2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək.
Azərbaycan qlobal neft bazarının sabitləşdirilməsinin tərəfdarıdır və bu məqsədlə “OPEC plus” ölkələri arasında uzlaşmanın əldə edilməsi üçün mart ayında aparılan məsləhətləşmələr prosesində yaxından iştirak edib. Bundan sonra da Azərbaycan “OPEC plus” formatında əməkdaşlığını neft istehsal edən ölkələr arasında Xartiya çərçivəsində davam etdirəcək.
1news.az