Böyük Britaniyanın koronavirus kabusu: hökumətdən narazılıq niyə artır? - TƏHLİL
Dünyanı ağuşuna almış koronavirus (COVİD-19) pandemiyası minlərlə insanın canını almaqda davam edir. Bu günə olan məlumata görə, dünyada yeni növ koronavirusa yoluxanların ümumi sayı 2,7 milyonu keçib.
Ölkələr üzrə hesabatda bildirilir ki, ən çox yoluxma halları ABŞ-da - 873 137 (49 759 ölüm halı), İspaniyada - 213 024 (22 157), İtaliyada - 189 973 (25 549), Fransada - 159 460 (21 856), Almaniyada - 151 784 (5 404), Böyük Britaniyada - 139 246 (18 738), Türkiyədə - 101 790 (2 491) qeydə alınıb (24 Aprel tarixinə olan vəziyyət).
Diqqət çəkən əsas məqamlardan biri də dövlətlərin koronavirusla mübarizədə fərqli yanaşma sərgiləmələridir. Daha dəqiq desək ölkələrin əksəriyyətində pandemiyaya qarşı ciddi tədbirlər həyata keçirilsə də, ölümcül virusa “dırnaqarası” yanaşan dövlətlər də var. Belə ölkələrdən biri də dünyanın ən inkişaf etmiş dövlətlərindən hesab olunan Böyük Britaniyadır. Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu ada dövləti koronavirusun tüğyan etdiyi və daha çox yoluxma və ölüm hallarının qeydə alındığı ölkələr sırasındadır. Buna baxmayaraq ölkə rəhbərliyi pandemiyayla mübarizədə ciddi tədbirlər görə bilmir, ya da görmək istəmir. Belə bir vəziyyət isə haqlı olaraq vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanır.
Britaniyada hökumətin koronavirusla bağlı siyasəti xüsusən mediada, Tvitterdə insanlar və elmi dairələr tərəfindən tənqid edilir. Müxalif Leyboristlər Partiyasının sabiq sədri Ceremi Korbin və hazırkı yeni seçilmiş sədri Keir Starmer hələlik hökuməti sərt tənqid etməsə də, vaxtaşırı öz təkliflərini verirlər.
Fotoda: Ceremi Korbin və Keir Starmer
Qeyd edək ki, Britaniya hökuməti mart ayının ortalarında əhalidə kollektiv immunitetin yarana bilməsi üçün virusun yayılmasının qarşısını almaq siyasəti aparmırdı. Belə olacağı halda, elmi dairələrin Britaniyada ölü sayının 500.000-dək olacağını proqnozlaşdırması hökuməti bu siyasəti dəyişərək virusun yayılmasının qarşısını mümkün qədər almaq siyasəti aparmağa vadar etdi.
Hökumət kollektiv immunitet siyasəti aparmaqda ittiham olunur
Mart ayının ortalarında bir sıra hökumət nümayəndələri kollektiv immunitet siyasətindən bəhs etsələr də, sonradan cəmiyyətdə bu yanaşmanın sərt tənqid olunması nəticəsində hökumət nümayəndələri ümumiyyətlə belə bir siyasətlərinin heç zaman olmadığını deməyə başladılar. Buna baxmayaraq, bir çoxları Britaniyada artıq üç həftədir ki karantin rejiminin tətbiq olunmasına baxmayaraq əslində hökumətin hələ də kollektiv immunitet siyasətini apardığını iddia edir. İddialar belədir ki, Britaniya hökumətinin məqsədi ilk gündən yoluxmanın dayandırılması deyil, sadəcə yavaşladılmasıdır.
Bu fikrin yaranmasına səbəb olan amillər aşağıdakılardır:
- Bu günədək virusla mübarizədə uğurlu olan dövlətlərin siyasətləri və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri göstərir ki, əsas hədəf mümkün qədər çox adamdan koronavirus analizlərinin götürülməsi, xüsusi mobil proqram vasitəsi ilə yoluxanlarla ünsiyyətdə olanların müəyyən edilməsi və onların özlərini təcrid etmələri olmalıdır. Britaniyanın apardığı siyasət isə ilk gündən bu istiqamətdə deyil.
- Bu günədək simptomları olan bütün şəxslərdən deyil, yalnız xəstəxanaya çatdırılan və birgə şəraitdə yaşamalı olan şəxslərdən (həbsxanalar, qocalar evi və sairə) koronavirus analizləri götürülür. Hökumət nümayəndələri gündəlik keçirilən mətbuat konfranslarında kütəvi testlərin aparılmasının sayını çoxaltmaq əzmində olduqlarını desələr də, hələ ki hədəflədikləri test sayına çatmayıblar. Beləliklə, hökumət həm testlərin sayının az olmasında, həm də bu xüsusda ictimaiyyətə vədlər verib o vədləri yerinə yetirməməkdə günahlandırılır. Misal üçün, təxminən iki həftə öncə Səhiyyə Nazirliyinin mətbuata açıqlamasında aprelin ortasınadək gündəlik test sayının 25 minə çatdırılacağı deyilirdi. 15 aprel tarixində məlum olub ki, hələlik ölkədə bir gün ərzində yalnız 19 min test aparılır. Həmin gün hökumətin keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinə verilən vədə əməl edə bilmədikləri barədə suala cavab olaraq o, gündəlik 25 min test sayını aprelin ortası deyil, sonu üçün hədəflədiklərini qeyd edib.
- Hökumətin virusun yavaşladılması ilə bağlı əsas məqsədi Milli Səhiyyə Sisteminin üzərinə yük düşməməsidir. Bu xüsusda, Britaniya hökuməti insan həyatının xilas edilməsini deyil, daha çox dövlətin pandemiyanı idarə edilən həddə saxlamasını prioritetə çevirməkdə günahlandırılır. İlk başlarda Boris Consonun “siz öz yaxınlarınızı itirəcəksiniz” ifadəsini işlətməsi çox sərt tənqid olunub, İrlandiya Baş nazirinin həmin ərəfədə “hər bir həyatı qorumalıyıq” kimi ifadələri nümunə göstərilib. Bununla bağlı Britaniya hökumətinin virusla mübarizə ilə bağlı seçdiyi sloqan da diqqət çəkir. Bir çox ölkələrin sloqanlarında sırf insan həyatının qorunmasını ehtiva edən ifadələr yer aldığı halda, Britaniyanın sloqanı “Stay at home, protect the NHS, save lives” şəklindədir. Bu insanların yalnız səhiyyə sistemini qorumaqla sağ qala biləcəklərinə dair təhdid kimi başa düşülür və həyatların xilas edilməsinin ən sonuncu prioritet olduğu kimi qəbul edilir.
- Karantin rejiminin ölkədə iki-üç həftə gecikdirilməsi. Xüsusən 12-23 mart tarixləri arasında istər əhali, istər media, istərsə də elmi dairələr karantin rejiminin tətbiqinə çağırışlar etsələr də, hökumət çox gec addımlar atır və sərt qaydaların tətbiqindən qaçırdı. Həmin ərəfədə xüsusən hökumətin məktəbləri və universitetləri bağlamaqla bağlı göstəriş verməməsi bütün sosial platformalarda müzakirə olunur, valideynlər buna qarşı petisiyalar toplayırdı (məktəblər yalnız 19 mart tarixindən bağlanmağa başladı).
- 16 aprel tarixində “Teleqraf” qəzetində dərc olunan məqalədə əvvəllər Ümumdünya Səhiyyə Təşkilatının direktoru olmuş britaniyalı professor Antoni Kostelloya istinadən bu ifadələrə yer verilib:
“Geniş şəkildə testlərin aparılmaması və yalnız karantin rejiminə etibar olunması, peyvənd tapılana qədər Britaniyanı koronavirus dalğası ilə üz-üzə qoyacaqr. Biz karantin rejimini iki və ya üç həftə əvvəl tətbiq etməliydik, amma etmədik. Bu Cənubi Koreyada indiyə qədər uğurla istifadə olunan testlərin aparılması, izləmə və rəqəmsal tətbiqetmələr tədbirləri ilə birlikdə həyata keçirilməlidir. Hər addımda yanılırdıq. Biz siyasətimizi dəyişməliyik. Onlar əyrini düzəltməkdən danışırlar bu da ki, onların K immunitetini dəstəklədiklərini ifadə edir”.
- Ventilyasiya aparatlarının alınması – bu məsələ də ziddiyyət doğuran məsələlər arasındadır. Hökumət karantin rejimi tətbiq etdikdən sonra dövlət xadimləri kütləvi olaraq öz Tvitter hesablarında ağciyər ventilyatoları istehsal edən şirkətlərə müraciət edərək hökumətlə əlaqə saxlamalarını xahiş etdilər. Bu xüsusda bir sıra biznesmenlər iddia edirlər ki, hökumətin çağırışına cavab versələr də, hökumətdən onlara cavab gəlməyib. Və bu da hökumətin əslində əsas niyyətinin kollektiv immunitet olması ilə əlaqələndirilir. Hökumət isə şirkətlərə cavab verildiyini və bəzilərinin sadəcə sırf tələb olunan ventilyatorları istehsal etmək qabiliyyətində olmadığını iddia edir.
Milli Səhiyyə Sisteminə ağır zərbə
Britaniyada artıq on ildən çoxdur ki, davamlı iqtidarda olan Mühafizəkarların Milli Səhiyyə Sisteminə pandemiyayadək zərbə vurması və hazırda lazımi dəstəyi verə bilməməsi kimi fikirlər əhalinin hökumətə olan inamının sarsıldıını deməyə əsas verir.
Nəzərinizə çatdıraq ki, Milli Səhiyyə Sistemi Britaniya daxili siyasətində hər zaman ən həssas məsələlərdən olub. Pandemiyaya qədər də Britaniya mediasında hazırkı iqtidarın bu xüsusda siyasəti sərt tənqid olunurdu. Pandemiyadan sonra Milli Səhiyyə Sisteminin bu cür böhranlara hazır olmaması, həkimlərə tələb olunan mühafizəni təşkil edilə bilməməsi bu sahədə çox böyük narazıçılıq yaratmışdır. Mediada dəfələrlə təkcə keçən il hökumətin MSS-ə daxil olan xəstəxanalarda minlərlə xəstə yatağını ləğv etməsi, MSS-ə aid olan bir sıra təchizatçıların ABŞ, Çin və digər ölkələrə satılması və ümumilikdə Mühafizəkarlar hökumətinin səhiyyə sistemində pandemiyadan öncə çoxlu büdcə kəsirləri etməsi vurğulanır. Boris Consonun vaxtı ilə deputat kimi həkimlərin maaş artımının əleyhinə səs verənlərdən olması da ayrıca qeyd olunmalıdır.
Fotoda: Baş nazir Boris Conson
Hazırkı şəraitdə bu sahədə sərt tənqid obyektlərindən biri də virusla mübarizə aparan həkimlərin qoruyucu geyimlərlə təmin edilməməsi məsələsidir. Bu xüsusən virusla mübarizə aparan həkimlərin özlərinin virusa yoluxub ölməsi barədə xəbərlər yayıldıqca müxalif Leyboristlər Partiyasının sabiq sədri Ceremi Korbin və hazırkı sədri Keir Starmerin tvitlərində və müraciətlərində dəfələrlə vurğulanıb.
Digər ölkələrdə olduğu kimi, Britaniyada da həftədə bir dəfə əsasən cümə axşamı günləri ictimaiyyət axşam saat 8-də həkimləri alqışlayır. Tvitter sosial şəbəkəsində əhali arasında hökumətin bu addımı “hökumətin səhiyyə sisteminə lazımi dəstəyi göstərə bilməməsi fonunda gözdən pərdə asılması kimi” dəyərləndirilir.
Həkimlərlə bağlı daha bir tənqid obyekti olan məsələ hələ də həkimlərin hamısından koronavirus analizlərinin götürülməməsi ilə bağlıdır. Bu həm virusa yoluxmuş həkimlərin bundan xəbərsiz xəstələri müalicə etməsi, həm də adi qrip əlamətlərinə görə özlərini evdə təcrid etmələri ilə nəticələnir.
Baş nazir özü virusa yoluxma ilə əlaqədar xəstəxanada olduğu müddətdə ona böyük dəstək ifadə edilsə də, yenə də əksər Tvitter istifadəçiləri onun xəstəliyə məhz xəstəliyi ilk gündən ciddiyə almaması nəticəsində yoluxduğunu, MSS-ni ziyarət edərkən koronavirus xəstələri ilə əllə salamlaşdığı barədə fəxrlə danışmasının utandırıcı olduğunu və bir zamanlar büdcəsini kəsdiyi MSS-ə bubgün özünün möhtac qaldığını yazırdılar.
Daha bir tənqid olunan məqam bu günədək Britaniya hökumətinin açıqladığı ölüm rəqəmlərinin yalnız xəstəxanada qeydiyyata alınan ölümlərlə bağlı olmasıdır. Son günlər Avropa ölkələrinin xüsusi qocalar evlərində xəstəlikdən ölənlərin rəqəmlərini açıqlaması Britaniyada da bu məsələni qaldırıb. Hazırda qocalar evlərində işləyən şəxslərdən koronavirus analizlərinin götürülməməsi, bunun qocalar evlərində yoluxmaların sürətlə artmasına səbəb olması, eləcə də qocalar evlərində xəstəlikdən ölənlərin statistikasının düzgün aparılmaması mediada hökumətə qarşı əsas tənqid elementlərindəndir.
Exit strategy – karantindən çıxış yolları
Məlum olduğu kimi 16.04.2020 tarixində Britaniyada ilkin olaraq tətbiq olunan üç həftəlik karantin müddəti bitirdi (hazırda ən az 7 may tarixinədək uzadılıb). Bununla bağlı, bəzi Avropa ölkələrində karantin rejiminin yumşaldılmasına başlanılmasına baxmayaraq Britaniya hökumətinin karantindən çıxış siyasətinin hazır olmaması tənqid edilir. Xüsusən hazırda Baş naziri əvəz edən xarici işlər naziri Dominik Raabın karantinin iyunadək davam etməsinin istisna edilməməli olduğunu deməsi əhalidə narazıçılıq yaradıb. Media və ayrı-ayrı şəxslər hökumətin karantin rejimini uzatmasını alqışlayır, lakin əhalidə müəyyənlik hissinin əmələ gəlməsi üçün müvafiq yumşaldılma planının hazırlanıb təqdim edilməsini tövsiyə edir.
Nazirdən etiraf: Britaniya iqtisadiyyatı güclü zərər görəcək
Hökumətin iqtisadiyyata dəstək planının gecikməsi, daha sonra isə hansısa təbəqəni ehtiva etməməsi mərhələli şəkildə tənqid olundu. Buna misal olaraq Maliyyə naziri ilk olaraq ölkədə fəaliyyət göstərən bizneslərə dəstəklə bağlı planını açıqladıqdan sonra özməşğulluq sahəsindəki şəxslər barədə də müvafiq tədbirlər görülməsi tələb edildi. Hökumət özməşğulluq sahəsindəki şəxslərə dəstəklə bağlı qərar verdikdən sonra xeyriyyə qurumlarının fəaliyyətinə və digər sahələrə də dəstək tələb edildi.
Maraqlıdır ki, tənqidlərə baxmayaraq Britaniya Maliyyə naziri ölkə iqtisadiyyatının güclü şəkildə zərər görəcəyini və dövlətin tam şəkildə işsizliyi aradan qaldıra bilməyəcəyini etiraf edir.
Karantin qaydaları tam aydın deyil
Karantin tətbiq edildikdən sonra bir müddət qaydaların tam şəkildə aydın olmadığı tənqid edildi. Yalnız əsas iş yerlərində çalışan şəxslərin (“key workers”) iş yerlərinə getməsi (və onların uşaqları üçün məktəblərin açıq qalması müzakirə edilərkən “key workers” məfhumunun izah edilməsi (yəni konkret olaraq hansı iş yerlərindən söhbət gedir) tələb olunurdu.
Karantin qaydalarının tətbiqinə nəzarət edən polis işçilərinin əhali ilə davranışda bəzən öz səlahiyyətlərini aşdıqları iddası da tənqidlər arasında yer alır.
Analizlərin götürülməsi və karantin rejiminin tətbiqində ayrı-seçkilik
Ölkədə xəstəliyə yoluxan nazirlərin və kral ailəsi üzvlərindən dərhal koronavirus testlərinin götürülməsi, bir sıra deputatlardan, o cümlədən sadə əhalidən isə testlərin götürülməməsi və onlara özlərini təcrid etmələrinin tövsiyə olunması mediada hökumətin insanlara qarşı qeyri-bərabər yanaşma sərgilədiyinə dair tənqidlərə məruz qalması ilə nəticələnib.
Eyni zamanda ölkədə kral ailəsi üzvlərinin və bəzi nazirlərin sosial məsafənin qorunması və zəruri olmadan evdən çıxmamaqla bağlı karantin rejiminə əməl etməmələri də (misal üçün Evlər, icmalar və yerli hökumət üzrə nazir Robert Jenrik karantin dövründə valideynlərini ziyarət etdiyinə görə) mediada tənqid edilib.
Fotoda: Robert Jenrik
Leyboristlər parityasının liderlərinin fərqli mövqeləri
Leyboristlər parityasının sabiq sədri Ceremi Korbinin (böhranın ilk vaxtlarında hələ də bu vəzifədə idi) mövqeyi də diqqət çəkir. 31 mart tarixində Baş nazirə yazdığı məktubda hökuməti aşağıdakı addımları atmağa çağırır:
- Həkimlərə, əsas iş yerlərində çalışanlara və qocalar evlərində işləyənlərə qoruyucu aksessuarların təmin edilməsi
- Çoxsaylı testlərin götürülməsi
- Sosial qayğı sahəsində insan resurslarının artırılması
- Sosial məsafənin saxlanmasının və əhalinin özünü qorumasının gücləndirilməsi
- Bizneslərə maliyyə yardımı edilməsi
- Britaniyanın virusa qarşı qlobal mübarizəyə sədrlik etməsi
Leyboristlərin hazırkı lideri Sir Keir Starmer isə hələ ki sərt tənqid metodu deyil, tövsiyə üsulundan istifadə edir. O, hökuməti həkimlər və əsas iş yerlərində çalışanlar üçün fərdi qoruyucu avadanlıqları təmin etməyə, karantinin yumşaldılması ilə bağlı strategiya hazırlamağa, testlərin götürülməsinin artırılmasına çağırır.
Britaniya cəmiyyəti medianın özünü belə tənqid edir
Tvitterdə bəzi istifadəçilər Boris Conson xəstəxanada reanimasiyada olduğu günlərdə ölkədə ölüm sayının çox olmasına (800-900) baxmayaraq, əsas qəzetlərin xəbər başlıqlarının bu rəqəmlərə deyil, Boris Consonun sağalma mərhələlərinə diqqət çəkməsini tənqid edirdilər.
Bundan əlavə, hökumətin gündəlik keçirdiyi mətbuat konfranslarında jurnalistlərin əsas narahat edici məqamlar barədə sual verməməsi əhalini qıcıqlandırır.
Aprelin 19-da “Sunday Times” qəzetində Britaniya hökumətinni tənqid edən böyük bir məqalə dərc olunub. Məqalədə hökumətin koronavirus pandemiyasını əvvəllərdə ciddi qəbul etmədiyi, proseslərə gec müdaxilə etdiyi və virusun təhlükəsinin böyüklüyü ilə bağlı məlumatlı olduqlarına baxmayaraq, məsul şəxslərin insanların həyatını heçə sayaraq kollektiv immunitetin dəstəklədiklərinə dair iddialar yer alıb.
Bu məqalə Britaniya ictimaiyyətində geniş rezonans doğurub və hökumətə qarşı təndiqlər daha da artıb. Hətta twitter sosial şəbəkəsində istifadəçilər tərəfindən Baş nazir Boris Consonu istefaya səsləyən #ResignBoris heşteqi kütləvi paylaşılaraq trend olub. Bununla bağlı Britaniya Hökumətinin Səhiyyə və Sosial Qayğı Departamenti geniş açıqlama yayaraq “Sunday Times” qəzetində yayımlanan məqalədəki iddialarlı yalanlayıb.
Böyük Britaniya üçün Azərbaycan nümunəsi
Göründüyü kimi, Böyük Britaniya kimi bir dövlət belə koronavirus pandemiyasının qarşısında aciz qalıb. İlk vaxtlarda pandemiyaya “dırnaqarası” yanaşan və lazımi tədbirlər görməyən hökumət indi bunun acı nəticəsi ilə üz-üzədir. Ən böyük zərbə isə təbii ki, adi vətəndaşlara dəyir. Ölüm hallarının getdikcə artması isə əhalinin hökumətə olan inamının azalmasına və narazılığının artmasına səbəb olur.
Koronavirusun yayılmağa başladığı ilk vaxtlarda Böyük Britaniya hökuməti də lazımi tədbirlər görsəydi bu gün vəziyyət acınacaqlı olmazdı. Burada Tayvan, Cənubi Koreya kimi ölkələrin təcrübəsi xüsusi qeyd edilməlidir. Hökumətin vəziyyəti düzgün qiymətləndirməsi və ciddi tədbirlər görməsinin nətiəsidir ki, adıçəkilən ölkələrdə həyat tədriən əvvəlki məcrasına qayıtmaqdadır.
Eyni sözləri ölkəmiz haqqında da deyə bilərik. Pandemiyanın yayılmağa başladığı ilk günlərdə Azərbaycanın qonşu dövlətlərlə sərhədləri bağlandı, xaricdəki soydaşlarımızın təxliyəsinə başlandı, bir qədər sonra isə ölkədə xüsusi karantin rejimi elan olundu, digər ciddi tədbirlər görüldü. Bunun nəticəsidir ki, bu gün Azərbaycan koronavirusa yoluxma halları o qədər də çox deyil, sağalanların sayının getdikcə artması isə sevindirici məqamdır.
Növbəti sevindirici xəbər bu gün gəldi - 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib (ətraflı burada). Bu fakt bir daha göstərdi ki, vaxtında düzgün qərarlar qəbul etməklə və ciddi tədbirlər görməklə pandemiyanın qarşısını almaq və bu bəladan az itki ilə xilas olmaq mümkündür. Böyük Britaniya hökuməti görünür bunu gec anlayıb. Əks təqdirdə bu gün Krallıq pandemiya ocaqlarından birinə çevrilməzdi. Krallıqda koronavirus pandemiyası ilə bağlı hadisələrin hansı məcrada davam edəcəyini isə zaman göstərəcək.
1news.az