Rəşxan Qaraşlı dünyanın ən yaxşı sahibkarı adı uğrunda mübarizə aparacaq – FOTO
Gənc iş adamı Rəşxan Qaraşlı bu il Azərbaycanda ilk dəfə audit və konsaltinq şirkəti “Ernst & Young” (EY) şirkəti tərəfindən keçirilən “ilin Sahibkarı” beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalibi olub.
İndi o, 40-dan çox ölkədən olan işgüzar dairələrin ən yaxşı nümayəndələri ilə mübarizə aparacağı müsabiqənin final mərhələsində Azərbaycanı təmsil etməli olacaq.
Adətən müsabiqənin finalı hər il Monte-Karlo kurort şəhərində keçirilirdi, lakin bu il koronavirus pandemiyası ilə əlaqədar mərasim ilk dəfə olaraq onlayn keçiriləcək.
Rəşxan Qaraşlı otel və restoran biznesini peşəkar təmizlik məhsulları ilə təmin edən HORECA şirkətini idarə edir. Şirkət, 2011-ci ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir, ölkədə HORECA-nın sayəsində ortaya çıxan bir sıra dünyaca məşhur markaların rəsmi distribyutoru olaraq fəaliyyət göstərir.
Şirkət tərəfindən təklif olunan malların siyahısına geniş spektrli təmizləyici - quru təmizlikdə istifadə olunanlardan hovuzların emalı üçün lazım olanlara qədər məhsullar daxildir. Bu gün HORECA peşəkar təmizlik məhsulları üçün yerli bazarda liderlərdən biridir.
Uğurlu biznesi barədə danışarkən Rəşxan Qaraşlı insan potensialına inandığını və istənilən şirkətin uğurunun əsasını ordakı əməkdaşların təşkil etdiyinə inandığını qeyd etdi.
“Hər zaman şirkətimizdə düzgün insanları seçərək, onların komandamıza uyğunlaşmasına etibar edirəm. Şirkətin ümumi uğuru üçün işçilərin hər birini həvəsləndirmək, gördüyü işin əhəmiyyəti barədə onları düşündürmək, iş prosesinin rahatlığını təmin etmək vacibdir. Əgər komanda birləşib ortaq məqsədlə çalışırsa, uğur qazanmaq üçün hər şans var”, - Rəşxan Qaraşlı 1news.az-a danışdı.
Nəticədə müsbət nəticə verən bu yanaşmanın ibrətamiz nümunələrindən biri, şirkətin 2015-ci ildə milli valyutanın devalvasiyası fonunda işçilərin ixtisar edilməməsi və əmək haqlarının azaldılması deyil, əksinə müvəffəqiyyət üçün kiçik bir müavinət verilməsi qərarı idi.
Rəşxan Qaraşlının sözlərinə görə, nəticədə 2016 və 2017-ci illər HORECA üçün ən uğurlu fəaliyyət dövrü oldu.
İş adamı bu hekayəni müsabiqə görüşləri zamanı, milli seçim mərhələsindən keçərkən münsiflər heyətinə danışdı. O, finala nikbinlik və əminliklə gedir.
"Belə yarışlarda “düzgün” və ya “səhv” cavab yoxdur. Hər bir iş adamının öz hekayəsi, öz idarəetmə tərzi var. Müsabiqənin nəticəsi münsiflər heyətinin qərarından asılı olacaq. Qələbəyə ümid edirəm” - Rəşxan Qaraşlı dedi.
O, hesab edir ki, belə bir yarışmada iştirak etmək şəxsən onun üçün və bütövlükdə ölkə üçün dəyərli bir təcrübə olacaq, çünki bütün iştirakçılar əbədi olaraq EY tərəfindən keçirilən “İlin sahibkarı 2020” komandası olaraq qalacaqlar. Bu, faydalı əlaqələr və gələcəkdə ortaq layihələrin mümkünlüyü deməkdir.
Fotoda: milli seçim nəticələri üzrə R.Qaraşlı
1986-cı ildə EY tərəfindən təsis edilən "İlin Sahibkarı" müsabiqəsi, yüksək potensiala sahib insanların - uğurlu və dinamik iş quran və idarə edənlərin sahibkarlıq fəaliyyətlərini qeyd etmək üçün ilk və yeganə qlobal proqramdır.
Müsabiqənin saytında qeyd edildiyi kimi, müxtəlif illərdə qalib gələnlər arasında Maykl Dell (Dell), Qi Laliberte (Cirque du Soleil), Hovard Şults (Starbucks Corporation), Pyer Omidyar (eBay, Inc), Con Uillard “Bill” Marriott Jr (Marriott International, Inc) və başqaları var.
HORECA şirkətinin rəhbəri Rəşxan Qaraşlının sözlərinə görə, müsabiqənin son mərhələsi çərçivəsində beynəlxalq münsiflər heyəti ilə ünsiyyət belə maraqlı təcrübə idi, çünki bu insanlar “biznesə başqa tərəfdən baxır və qeyri-standart suallar verirlər”.
Bu il "İlin sahibkarı" müsabiqəsinin final mərhələsinin münsiflər heyətinə Avstraliya, İngiltərə, Hong Kong, Argentina, Cənubi Afrika və Türkiyədən yüksək səviyyəli idarəçilər daxildir.
“Ernst & Young” tərəfindən təşkil edilən "İlin sahibkarı" müsabiqəsinin final mərhələsinin nəticələri 4 iyun tarixində açıqlanacaq. Bu il onlayn-mərasimi tamamilə hamı izləyə bilər, tamaşaçı simpatiyası mükafatını alacaq iştirakçıya səs vermək imkanı da var.
Fotoda: "İlin sahibkarı 2020" müsabiqəsinin beynəlxalq münsiflər heyətinin üzvləri
Rəşxan Qaraşlının sözlərinə görə, onun özü üçün, iş dünyasında əsas rolu 24,6 milyard dollar sərvəti ilə Forbes reytinqində 31-ci pilləni tutan amerikalı sahibkar, ixtiraçı və mühəndis İlon Muskdır:
“Lakin milyardlarla dollar sərvəti olan bu insanda ən çox xoşum gələn o, pulu yalnız zənginləşmək və rahatlığını artırmaq üçün qazanmır, eyni zamanda bəşəriyyətin qlobal inkişafı üçün vacib olan gözəl layihələrə çox miqdarda pul xərcləməyidir”.
Tərcümə: S.Xankişiyeva