“Made in Uzbekistan Online” biznes forumu keçiriləcək
9-12 iyun 2020-ci il tarixlərində Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında “onlayn” formatlı biznes-forum keçiriləcək.
Forum Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın təşviqi agentliyi ilə birlikdə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil olunur.
İlk dəfə təşkil edilən “Made in Uzbekistan Online” biznes forumu Özbəkistanın məhsulları ilə tanış olmaq, eləcə də Azərbaycanlı və özbək sahibkarlar arasında yeni biznes əlaqələri qurmaq üçün səmərəli işgüzar platformadır.
Forum yeni tip “COVID 2019” koronavirus pandemiyasının iqtisadiyyatın müxtəlif sahələrinə təsirini yüngülləşdirməyə kömək etməklə yanaşı, istər Azərbaycanda, istərsə də Özbəkistanda pandemiya şəraitində biznesə dəstək vasitəsi funksiyasını yerinə yetirəcəkdir.
Sözügedən biznes-forumda Özbəkistanın ixrac yönümlü məhsullarının 57 istehsalçısının, eləcə də Azərbaycanın 60-dan çox sahibkarının iştirakı gözlənilir.
Hər iki ölkənin nazirlik, agentlik və şirkətlərini təmsil edən nümayəndələrin iştirak edəcəkləri forumun plenar sessiyasının rəsmi açılışı 8 iyun tarixinə planlaşdırılır. Açılış YouTube platformasında yayımlanacaq: https://www.youtube.com/watch?v=RY4DDi-7skk
Biznes-forumun proqramına iqtisadiyyatın aşağıdakı sahələri üzrə görüşlər daxildir:
- qida sənayesi və kənd təsərrüfatı - 9 iyun;
- maşınqayırma və dağ-mədən sənayesi - 10 iyun;
- yüngül sənaye - 11 iyun;
- elektrotexnika - 12 iyun.
Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b.ceo.az/welcome.htm
1news.az