“Cənab Prezident, vətəndaşlara sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirik” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Xəyal Abdullayevdən, Ağdam, Azərbaycan
“Möhtərəm Prezident.
Bu gün biz bəşəriyyətin böyük sınaqla üzləşdiyi çətin dövrdə, koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda güclü mübarizə aparılmasına baxmayaraq dünyanın bir sıra yerlərində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində hər gün yüzlərlə insan bu dəhşətli xəstəliyin qurbanına çevrilir. Lakin koronavirus infeksiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk gündən etibarən Sizin qəbul etdiyiniz qərarlar pandemiyanın ölkəmizdə geniş yayılaraq kütləvi insan ölümünə səbəb olmasının qarşısını aldı. Sizin çevik və yüksək idarəetmə bacarığınız sayəsində infeksiyaya yoluxmaların sayı aşağı həddə saxlanılmaqdadır.
Cənab Prezident, bu xeyirxah işinizə görə Sizə uzun ömür, cansağlığı arzulayır, uğurlar diləyirəm”.
Dadaşov Mehrab, Cavadov Elçin, Mehtiyev Pərviz, Əliyev Vüqar, Əmrahlı Vüsal. Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
2003-cü ildən başlayaraq Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqlik və rəhbərliyinizlə aparılan siyasət, atılan addımlar bütün sosial problemlərin həllini tapacağına, hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olacağına əminlik yaradıb.
Ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərdəndir. Sizin vətəndaşların sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində atdığınız qətiyyətli addımlarınızı, gördüyünüz işləri mütəmadi izləyir və təqdir edirik. Rəhbərliyiniz nəticəsində vaxtında görülmüş tədbirlərin müsbət nəticəsidir ki, Azərbaycan koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ölkələr arasında öncüllərdəndir. Artıq neçə vaxtdır ki, Azərbaycan da COVID-19 infeksiyasına qarşı mübarizə aparır. Müsbət haldır ki, ölkəmizdə milli həmrəylik xeyli dərəcədə artıb. Bu, bir daha Sizin müdrikliyinizi və xalqın Sizə olan sarsılmaz inamını göstərir.
Cənab Prezident, inanırıq ki, gördüyünüz işlər və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısı tezliklə alınacaq və biz, İnşallah bu bəladan az itkilərlə çıxacağıq. Sizə vətəndaşlara sahib çıxdığınız üçün sonsuz təşəkkür edirik. Bu çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi, Mehriban xanımı və övladlarınızı qorusun. Amin”.
Mövzu ilə əlaqədar oxuyun:
“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar
“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar
S.Xankişiyeva