“Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə bu bəlaya qalib gələcəkdir” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Durdanə Əzizlidən, Şirvan, Azərbaycan
“Hörmətli cənab Prezident.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycan xalqının səsinə səs verərək hakimiyyətə yenidən qayıdışı ilə xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəlalardan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız. Dünyanı bürüyən pandemiya dövründə dünyanın əksər inkişaf etmiş ölkələrində belə çarpayı çatışmazlığı ucbatından xəstələrin hətta xəstəxanalara götürülmədiyi bir halda, bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilir və həkimlər onlara gecə-gündüz xidmət göstərirlər. Sizin uzaqgörən siyasətiniz nəticəsində modul tipli xəstəxanaların sayı artırılır və tikintisi surətlə davam etdirilir. Biz şirvanlılar xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz bu qərarlara görə Sizə təşəkkür edirik. Biz tam əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə qarşısına çıxan bu bəlaya qalib gələcəkdir. Allah Sizi və ailənizi qorusun”.
Murad Ağayarovdan, Bakı, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Biz Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlər daim Sizin və Mehriban xanım Əliyevanın diqqət və qayğısını görmüşük. 1993-cü ildə erməni təcavüzü nəticəsində torpaqlarımız işğal olunduqdan sonra müvəqqəti olaraq Ceyranbatan qəsəbəsi ərazisində məskunlaşdıq, şəraitimiz çox acınacaqlı və ağır idi. 2012-ci ildə Sizin tapşırığınıza əsasən Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 1680 ailə üçün nəzərdə tutulan binalar inşa edildi və 2013-cü ildə biz məcburi köçkünlərə verildi. Hazırda həmin mənzillərdə çox gözəl şəraitdə yaşayırıq.
Cənab Prezident, koronavirus pandemiyasının bütün dünyaya sürətlə yayıldığı zamanda Sizin vaxtında müdrik və çevik addımlarınız sayəsində bizim ölkədə virusun geniş yayılmamasının, insan ölümünün çox olmasının qarşısı alınmaqdadır. Pandemiyanın bütün dünyaya vurduğu iqtisadi zərərə baxmayaraq, bizim ölkədə abadlıq-quruculuq işləri dayanmadı və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün binaların inşası başa çatdırıldı. Ötən ay “Qobu Park 3” yaşayış kompleksinin açılışı buna əyani sübutdur.
Bütün bu görülən işlər Sizin apardığınız uğurlu xarici və daxili siyasətin nəticəsidir. Biz məcburi köçkünlər hər zaman ətrafınızda sıx birləşərək Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik”.
Mövzu ilə əlaqədar oxuyun:
“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar
“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar
S.Xankişiyeva