“Siz daim xalqın yanında olduğunuz kimi, xalq da həmişə Sizin yanınızdadır” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Siz daim xalqın yanında olduğunuz kimi, xalq da həmişə Sizin yanınızdadır” – Minnətdarlıq məktubları

11:33 - 30 / 07 / 2020
“Siz daim xalqın yanında olduğunuz kimi, xalq da həmişə Sizin yanınızdadır” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Sahib Hüseynovdan, Sabirabad, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Sabirabad rayonundan da yan keçməyib. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların həyata keçirilməsi ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına xidmət edir.

Rayon mərkəzində yaşadığımız Şirvani küçəsinin qısa müddət ərzində təmizlənərək təmir olunması sakinlərin sevincinə səbəb oldu. Səliqəli səkilər, yeni zibil qutuları artıq küçəmizə yaraşıq verir.

Görülən işlərə görə Sizə minnətdarıq, cənab Prezident”.

Cavid Rəhimzadədən, Goranboy, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Mən erməni vəhşiliyinin qurbanı olan, soyqırımına məruz qalan Xocalı şəhərinin sakiniyəm. Amma gənc olduğum üçün həmin şəhəri görməmişəm. Bilirəm ki, Sizin sayənizdə doğma şəhərimə qayıdacağam.

Hazırda Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm. Sizin rəhbərliyinizlə Azərbaycanın azadlığı, suverenliyi, müstəqilliyi və itirilmiş torpaqlarımızın qaytarılması üçün erməni düşmənlərini məhv etməyə hər an hazıram”.

İlham Abbasovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bugünkü Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi və siyasi cəhətdən güclü dövlətlərlə bir sırada dayanıb. Düşmən ölkə bu inkişafı qəbul edə bilmədiyinə görə təxribata əl atdı, yenidən torpaqlarımıza təcavüz etmək istədi. Lakin, erməni qüvvələri Sizin sayənizdə susduruldu. Həmin döyüşlərdə verdiyimiz şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Vətən sağ olsun. Amma onlar tərəfdən hələ də hər hansı bir təxribat ola bilər. Bu səbəbdən mən öz mövqeyimi göstərərək, ölkəmizin ərazi bütövlüyünün bərpasında iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdim. Biz Sizin əmrinizə tabeyik, hər an əmrinizi gözləyirik.

Mən Qarabağ müharibəsinin veteranıyam, Horadiz əməliyyatında fəal iştirak etmişəm. Siyasi kursunuzu tam dəstəkləyirəm.

Azərbaycan xalqı və gənclər Sizi dəstəkləyir. Sizə dəstək bildirmək üçün küçələrə çıxan insanların arasında təxribat yaratmaq üçün Milli Məclisin binasına daxil olanları da kəskin qınayıram. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün bir yolumuz var - Sizin əmrinizə tabe olmaq”.

Samir Cəfərovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən də bu günlərdə igid əsgərlərimizin yanında olmaq, cəbhə xəttində gedən döyüşlərdə könüllü iştirak etmək istəyirəm. Anadan olduğum Ağdam şəhəri işğal olunandan sonra Bakı şəhərində yaşayıram. Amma Ağdama qayıtmaq arzusu bir gün də məni tərk etməyib.

Hərbi xidməti başa vurmuş idmançıyam. Bu günlər mənim yerim əsgərlərimizin yanındadır. Döyüş əmrinizə hazıram. Siz daim xalqın yanında olduğunuz kimi, xalq da həmişə Sizin yanınızdadır. Biz Sizin əsgərlərinizik”.

Zülfiyyə Qasımovadan, Şəmkir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Böyük azərbaycanlı və böyük vətənpərvər Heydər Əliyevin “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” kəlamı hamımız üçün bir örnəkdir. Hər şeydən öncə doğma torpağı və Vətəni sevən, onun adını uca tutan və bu yolda gerçək cəfakeş olan Ulu Öndərin həyatı gənc nəslin vətənpərvərlik, yurdsevərlik ruhunda tərbiyəsində xüsusi önəm kəsb edir.

Bu gün isə Sizin Vətən sevginiz xalqımıza dəstəkdir. Uşaqdan böyüyə hamımız “Vətən, Qarabağ, İlham Əliyev naminə" deyərək düşmənin üzərinə yeriməyə hazırıq. Bu mübarizədə qeyrətli, qürurlu, vətənpərvərlər qadınlar da igidlərimizlə bir sırada durmağa hazırdır”.

Flora Xəlilovadan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Azərbaycan Milli Mətbuatının 145 illiyi ilə bağlı imzaladığınız sərəncamlara görə Sizə təşəkkür edirəm. Məni Prezidentin fərdi təqaüdünə layiq gördüyünüz üçün minnətdarlığımı bildirirəm. Qəlb sevindirmək, zəhməti dəyərləndirmək, həm də insanda yaşamaq-yaratmaq eşqini artırmaq deməkdir. Əslində bu xoş niyyət dahi lider Heydər Əliyevdən gələn bir məziyyətdir. Nə gözəl ki, bu ənənəni ləyaqətlə davam etdirirsiniz. Uca Allah Sizə çətin və şərəfli fəaliyyətinizdə, mübarizənizdə kömək olsun. Bir ana, bir qələm sahibi kimi arzum budur ki, üçrəngli bayrağımız işğaldan azad ediləcək doğma torpaqlarda dalğalansın. O şərəfli gündən, dövlətimizin zəfərindən, millətimizin qələbə yürüşündən yazmaq, bu tarixi anlara şahidlik etmək mənə də qismət olsun. Ailəmiz adından bir daha Sizə ehtiramımı və minnətdarlığımı bildirirəm”.

Nəzirə Süleymanovadan, Saatlı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu pandemiya dövründə xalqa göstərdiyiniz qayğıya görə özümün və ailəmin adından Sizə təşəkkür edirəm. Tovuz təxribatının qarşısının belə uğurla alınmasının başlıca səbəbi Sizin müdrikliyinizdir.

Biz Sizə həmişə güvənmişik, bundan sonra da güvənəcəyik. Allah Sizi və ailənizi qorusun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər