Qırğızıstanın Baş naziri ilə parlament spikeri istefa verdi
Qırğızıstanın Baş naziri Kubatbek Boronov və parlament spikeri Dastan Cumabekov istefa veriblər.
1news.az-ın məlumatına görə, bu barədə "Sputnik Qırğızıstan" xəbər verib.
Bu, parlamentin növbədənkənar iclasında açıqlanıb. İclas parlament binasının etirazçılar tərəfindən ələ keçirilməsi və orada yanğının baş verməsi səbəbindən "Dostuk" hotelində keçirilib.
Artıq məlumdur ki, ölkənin yeni Baş naziri koloniyadan azad olunmuş müxalifətçi Sadır Japarov, yeni spikeri isə Mıktıbek Abdıldayevdir.
Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan insanlar etiraz aksiyalarına başlayıb. Onlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş prezident Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş Nazir Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, onlar Bişkekin yeni merini təyin ediblər.
Qırğızıstanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlament seçkilərinin səsvermə nəticələrinin tanınmaması barədə qərar qəbul edib.
1news.az