Azərbaycan beynəlxalq təşkilatların biyabırçılığının qarşısını alacaqdır
Böyük siyasi gücə və iradəyə malik müzəffər Ordumuzun əks hücüm əməliyyatları uğurla davam etməkdədir.
Son əməliyyatlar nəticəsində Füzuli və Cəbrayıl şəhərlərində, eyni zamanda onların işğaldan azad olunmuş bir sıra kəndlərində Azərbaycan bayrağı ucaldılmışdır. Ermənistan nəinki hərb cəbhəsində, həmçinin siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır.
Qazanılan qələbələr təkcə silahın gücü deyil, Prezidentin, Millətin Liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir.
Bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarından olan çoxmilyonluq auditoriyaya sahib “Euronews”, “Rossiya 24”, “Rossiya-1”, “Perviy kanal”, “Əl-Ərəbiyə”, “Əl-Cəzirə”, “TRT Haber”, “CNN Türk” və digərlərinə ingilis, rus, türk və doğma azərbaycan dilimizdə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə dəlalət etmişdir.
Həmin müsahibələrdə dövlət başçımız dünyaya Azərbaycan həqiqətlərini bir daha aydın və net bəyan etdi:
- Qarabağin Azərbaycanın əzəli torpağı olması, tarixi ədalətin hər zaman onun Azərbaycana aid olmasını dünya ictimaiyətinə çatdırdı;
- Ermənistanın faşist, terrorçu və yalançı siyasi hakimiyyətə malik olmalarını ifşa etdi;
- 30 il səbrlə və ardıcıllıqla beynəlxalq hüquqa əsaslanmış müzakirələrdən sonra Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış 86.6 min kv. km. ərazilərimizin bərpasına və suverenliyinin bərpasına başlandığını;
- Həmsədr dövlətlərin də səs verdiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin icrasını və qəbul edilən qətnamələrə hər bir dövlətin hörmətlə yanaşmalı olduğunu vurğuladı;
- Azərbaycanın multikultural, tolerant ölkə olduğunu, Azərbaycanlıların keçdiyi məşəqqətli yoldan sonra yenə də sülhün, əmin-amanlığın qorunmasında, insan tələfatının olmamasının tərəfdarı və müharibənin dayandırılmasına hazır olduqlarını – Yalnız bütün Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, dərhal və qeyd-şərtsiz tərk edəcəyi halda;
Cənab Prezidentin verdiyi müsahibələrində söylədiyi fikirlərə dünya ictimaiyyətinin yenə də məhəl qoymayacağı təqdirdə, Azərbaycan BMT-nin nümunəvi üzv dövləti kimi BMT TŞ-nın qətnamələrinin icrasını özü, təkbaşına həyata keçirməklə beynəlxalq təşkilatların biabırçılığının qarşısını alacaqdır.
Azərbaycanın işi – haqq işidir və Ulu Öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyev tərəfindən dünyada tanıdılan müstəqil Azərbaycan Respublikası yeni qurulmaqda olan dünya xəritəsində öz suverenliyini və müstəqilliyini qorumağı bacaracaqdır.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı