Elçin Şıxlı: “İlk növbədə medianın özünü dolandırması üçün şərait yaradılmalıdır”
Xəbər verdiyimiz kimi, yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılır. Agentlik Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir.
Mediada islahatlar necə aparılmalıdır? Media işçilərinin yeni yaradılan qurumdan, aparılacaq islahatlardan gözləntiləri nələrdir?
Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının sözlərinə görə, indiyə qədər edilən ən böyük səhv ondan ibarət olub ki, informasiyanın nə demək olduğunu informasiyaya cavabdeh olan dövlət məmurları anlamayıb.
“Daha doğrusu sovet düşüncəsinə əsasən anlayıblar. Onlar elə düşünürdülər ki, informasiya istehsal edən müəssisələrə, yəni, kütləvi informasiya vasitələrinə nəzarət etmək lazımdır. Bu isə ən böyük və birinci səhvdir. Mən dəfələrlə söyləmişəm, kütləvi informasiya vasitələri ilə deyil, informasiya ilə işləmək lazımdır. Yəni bunlar özləri informasiya daşıyıcısıdılarsa, o informasiyanın nə zaman, harada və nə şəkildə yayılmasını başa düşməlidirlər. Bunu başa düşməyiblər və indiyədək başa düşmürlər.
Ən böyük səhv həm də bundan ibarət oldu ki, müstəqil media strukturlarının tənqidlərinə dözməyib onun yerinə çox əcaib, təhqiredici, feyk xəbərlər daşıyıcısı, özünün fikri olmayan və nəhayət ələ baxan media yaratdılar. Bu səhvlərin nəticəsini görürük. Bunları aradan qaldırmaq üçün mediaya nəzarət etmək yox, informasiya ilə işləməyi öyrənmək lazımdır”.
E.Şıxlının sözlərinə görə, hazırkı vəziyyəti düzəltmək üçün əsas prinsipləri anlayandan sonra addımları rahat şəkildə atmaq olar:
“İlk növbədə medianın özünü dolandırması üçün şərait yaratmaq lazımdır. KİVDF-dəki kimi qəzetlərə pul xərcləmək olmaz, qazanmağa şərait yaradılmalı idi. Bu şərait var idi, onu adminstrativ yollarla məhv elədilər. İndi həmin baryerləri götürmək lazımdır. Əsas məqam media strukturlarının özlərini iqtisadi cəhətdən dolandırmasıdır. Çox sayda saytların yaranmasına səbəb onlara kimlərinsə pul ayırmasıdır. Bu pulların mənbəyi ilə bağlı heç bir məlumat yoxdur. Bütün bunların aradan qaldırılması və saytların sayının azaldılması üçün medianın özünün özünü dolandırması lazımdır. Bu şərait olmasa heç nə düzəlməyəcək”.
Qafar Ağayev