Rasim Musabəyov: David Tonoyan riyakar, ikiüzlü və bekara fiqurdur | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: David Tonoyan riyakar, ikiüzlü və bekara fiqurdur

14:54 - 28 / 01 / 2021
Rasim Musabəyov: David Tonoyan riyakar, ikiüzlü və bekara fiqurdur

44 günlük İkinci Qarabağ Müharibəsindəki sarsıdıcı məğlubiyyət və Ermənistanın kapitulyasiyası məblubiyyətin səbəblərinin təhlili və bu ölkənin rəsmi şəxslərinin özlərini təmizə çıxarmaq cəhdləri ilə müşayiət olunur.

Bu yaxınlarda Ermənistanın sabiq müdafiə naziri David Tonoyan “Mediamax” nəşrinə verdiyi müsahibəsində özünə bəraət qazandırmağa çalışıb.

Bundan başqa, Tonoyan Ermənistanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesini imitasiya etməsi haqqında da bir neçə sensasiyalı açıqlamalar edib.

Bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla söhbət etmişik.

- Ermənistanın sabiq müdafiə naziri İkinci Qarabağ Müharibəsini qızışdırmaqla bağlı məsuliyyət daşımadığını bildirib, baxmayaraq ki, məhz o, “Yeni torpaqlar üçün yeni müharibə” doktrinasını elan etməklə bu müharibəyə səbəb olmuşdur. O, Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışaraq bildirib ki, dinc siyasi həll yolundan məhz Azərbaycan imtina etmişdir. Bu barədə nə deyə bilərsiniz?

- David Tonoyan riyakar, ikiüzlü, siyasiləşdirilmiş və bekara fiqurdur. O, sadəcə həyasızcasına öz yaxasını kənara çəkməyə çalışır.

Müharibəyə Ermənistan hakimiyyəti səbəb olub. Ermənistanın yeni hərbi doktrinasının müəllifi olan Tonoyan da buna öz “töhfəsini” verib. Bu doktrinanın əsasını təşkil edən “Yeni torpaqlar üçün yeni müharibə” prinsipinə əsasən Azərbaycan torpaqlarının işğalını davam etdirmək məqsədilə işğalçı Ermənistan qüvvələri tərəfindən Azərbaycana hərbi zərbələrin endirilməsi planlaşdırılırdı.

Daha öncə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bəyan etmişdi ki, Tonoyanın bu doktrinası, o cümlədən, Ermənistan hakimiyyətinin digər təxribatçı bəyanatları və fəaliyyətləri Qarabağda yeni müharibənin alovlanmasına səbəb olmuşdur.

- Tonoyan, komandanlıqla bağlı problemlərin mövcud olduğunu və “müharibə şəraitində Baş nazir-Müdafiə Nazirliyi-Baş Qərargah komandanlıq xəttindəki qeyri-müəyyənliyi və bundan irəli gələn maneələri aradan qaldıra bilmədiyini” etiraf edərək sistemi günahlandırıb...

- O, bütün günahları Baş nazirin və Baş qərargah rəisinin üzərinə yıxmağa çalışır.

Bundan əlavə, Tonoyan guya “müharibə şəraitində Baş nazir-Müdafiə Nazirliyi-Baş Qərargah komandanlıq xəttindəki qeyri-müəyyənliyi və bundan irəli gələn maneələri aradan qaldıra bilmədiyini” ona görə iddia edir ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən müharibə zamanı müdafiə naziri faktiki olaraq hərbi əməliyyatların planlaşdırılması və aparılması prosesindən uzaqlaşdırılır, belə ki, bu səlahiyyətlər Ali baş komandan və Baş qərargah rəisinin üzərinə düşür. Burada o qeyd edir ki, Konstitusiyaya düzəliş edildikdən sonra bu qeyri-müəyyənliyi “Müdafiə haqqında qanun”la aradan qaldırmağa cəhd göstərilmişdi, lakin “həyat göstərdi ki, bu kifayət deyilmiş”. 

Bu bəyanatla Tonoyan sadəcə Ermənistan silahlı qüvvələrinin bütün uğursuzluqlarına görə məsuliyyəti Paşinyanın və Ermənistan Baş qərargah rəisinin üzərinə qoyur, özünün isə guya heç bir günahı yoxdur.

Halbuki, müharibə dövründə Tonoyan daim hərbi əməliyyatların aparıldığı zonada dolaşırdı. O, Şuşaya da gəlmişdi, hansısa əmrlər verirdi, baxmayaraq ki, orduda xidmət belə etməmiş biri kimi onun hərbi bilikləri faktiki olaraq sıfıra bərabərdir.

- Tonoyan həm də etiraf edib ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış cəbhə xəttinin saxlanması “həll prosesinin fasiləsizliyini” təmin edirdi. Belə çıxır ki, Ermənistan danışıqlar prosesini imitasiya edərək beynəlxalq ictimaiyyəti aldadırdı?

- O, yenə də yalan danışır. Çünki ermənilərin ideologiyası bundan ibarət idi: “Biz torpaqları işğal etmişik, onları sizə qaytarası deyilik, əgər istəsəz belə qaytara bilməzsiniz, çünki döyüşməyi bacarmırsınız, əgər bacarsanız belə, onsuz da sizə icazə verməyəcəklər. Buna görə, bu torpaqların Ermənistanın nəzarətində qalması ilə razılaşın”. Bax, budur onların ideologiyasıdır. 

İndi isə o, hansısa “danışıqlar prosesinin fasiləsizliyi”ndən danışır.

Onun səsləndirdiyi heç bir fikrin əhəmiyyəti yoxdur. Hətta Ermənistanın özündə belə onun fikirləri, ilk növbədə, öz yaxasını kənara çəkmək, ikincisi isə, siyasət meydanında qalmaq cəhdləri kimi qəbul edilir. Lakin, çətin ki, o buna nail ola bilsin. Ermənistanda onu boşboğaz hesab edirlər.

- Sabiq nazir etiraf edib ki, daha əvvəl “hərbi əməliyyatları düşmən ərazisinə keçirməyi və ehtiyac olarsa, orada xaos yaratmağı” təklif etmişdir. O təsdiq edib ki, hücum dəstələri yaradılırdı.

- Faktiki olaraq, Ermənistan bu gün Azərbaycanı atəşkəs rejimini pozmaqda, Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edir və bununla da, özünə haqq qazandırmağa və siyasi dəstək tapmağa çalışır.

Tonoyanın hərbi əməliyyatları Qarabağdan Azərbaycanın digər regionlarına keçirmək niyyətini etiraf etməsi bir daha Ermənistan hakimiyyətinin aqressiv siyasət yürütdüyünü sübut edir.

Faktiki olaraq, Tonoyan deyirdi ki, gəlin Azərbaycanın nə zaman hücum edəcəyini gözləməyək, özümüz hücuma keçək. Malik olduqları qüvvələrlə hücuma keçəcəkdilər? Gərək keçərdilər. Bu halda, faktiki olaraq, heç bir uğurdan söhbət belə gedə bilməzdi. Azərbaycan ordusu onları sözün əsl mənasında məhv edərdi. Necə ki, Hadrutda və Cəbrayılda əks-hücum etmək istəyən erməniləri məhv etdi. Bu halda, nəticə yenə də ermənilər üçün acınacaqlı olacaqdı, sadəcə Azərbaycanı danışıqlar prosesini pozmaqda ittiham edə bilməyəcəkdilər.

- Bəs onun, Ermənistanın hər baxımdan qeyri-bərabər mübarizədə məğlub olması, “5-ci nəsil silahların istifadə olunduğu “kontaktsız müharibə”yə hazırlaşa bilməmələri” ilə bağlı bəyanatını, həmçinin Türkiyənin Azərbaycanı dəstəkləməkdə ittiham etməsini necə şərh edərsiniz? Onlar heç cür qəbul edə bilmirlər ki, Azərbaycana məğlub olublar.

- O növbəti dəfə cəfəngiyat danışır. Görün, onun bəyanatları necə ziddiyyətlidir. Bir tərəfdən deyir ki, Azərbaycana hücum etmək lazım idi, digər tərəfdən isə, məlum olur ki, onlar hətta müdafiə olunmağa belə hazırlaşmamışdılar.

Bütün bu bəyanatları ilə Tonoyan göstərir ki, o sadəcə boşboğazdır. Bu şəkildə o, Ermənistanın müdafiə naziri kimi çalışmışdır. Daim hansısa konsepsiyalar, strategiyalar haqqında danışmaq, boşboğazlıq etmək üzrə o əsl ustadır. Amma, onun heç təsəvvürü belə yoxdur ki, müharibə nədir, ona necə hazırlaşmaq lazımdır, hansı nəticələr çıxarılmalıdır?

Tonoyan boşboğazdır və onun hazırki boşboğazlığı hətta Ermistanın özündə belə heç bir əks-səda doğurmur. Orada o, hərbi mövzular üzrə boşboğaz kimi qəbul edilir.

Lakin bundan əlavə o həm də oğrudur. Artıq məlum olmuşdur ki, onun müdafiə naziri olduğu müddətdə əldə edilmiş silahlar tamamilə yararsızdır. Orada böyük korrupsiya halları olmuş, əldə edilmiş silahların əslində metal tullantıları olduğu müəyyən edilmişdir. O, buna görə cavab verməli olacaq.

Fikrimcə, o çətin ki, Ermənistanın tam hərbi uğursuzluğuna görə məsuliyyətdən canını qurtara bilsin.

S.Аğayeva

 

Paylaş:
1639

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər