“Welt” nəşrində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

“Welt” nəşrində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olunub

17:26 - 02 / 02 / 2021
“Welt” nəşrində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olunub

Almaniyanın nüfuzlu “Welt” nəşrində jurnalist Daniel-Dilan Bömerin “İsrailin ən yaxşı müsəlman dostları” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycandakı yəhudi icmasının tarixi inkişafına və yerli ictimaiyyətə inteqrasiyasına, Azərbaycan-İsrail münasibətlərinə, eləcə də ölkəmizin müasir tarixində baş verən hadisələrə toxunulur. Müəllif qeyd edir ki, Azərbaycan ilə İsrail arasında xüsusi bir tarixi bağlantı var. Bu bağlantının kökləri İsrailin Yaxın Şərqdəki yeni alyanslarından daha qədimlərə gedir.

Müəllif Azərbaycandakı yəhudi icmasının nümayəndələrinin fikirlərinə də yer verib. Bakı Yəhudi Məktəbinin direktoru, ravvin Zamir İsayev müsahibəsində Azərbaycanda yəhudi icmasına verilən yüksək qiyməti bir nümunə ilə izah edib. O, jurnalistlə söhbətində bildirir ki, 2015-ci ildə dünyanın heç bir yerində baş verə bilməyəcək hadisə Azərbaycanda baş verdi. Həmin il ölkədə ilk dəfə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilirdi və həmin gün həftənin şənbə gününə təsadüf edirdi. Yəhudilərin şənbə (şabbat) günü işləmədiyi nəzərə alınaraq, məhz yəhudi məktəbliləri üçün imtahanların tarixi iki gün önə çəkildi. Həmin vaxtdan Təhsil Nazirliyi imtahanların yəhudilərin bayram və qeyri-iş günlərinə düşməməsinə nəzarət edir.

Bu hekayəti oxucularına təqdim edən müəllif Azərbaycanın məhz belə bir ölkə olduğunu vurğulayır. Qeyd edilir ki, ölkə əhalisinin təxminən 99 faizinin müsəlmanlar olmasına baxmayaraq, azərbaycanlıları və yəhudiləri bir-birinə xüsusi tarix bağlayır. Ötən ilin hərbi əməliyyatları da bu tarixin içərisində özünəməxsus yer tutur. Azərbaycan Qarabağ müharibəsində “soyuq müharibə” başa çatandan bəri ən uzunmüddətli tarixə malik münaqişələrdən birində dönüş nöqtəsinin əsasını qoydu. Sovet İttifaqı dağılandan sonra Ermənistan xarici himayədarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, eləcə də ətraf əraziləri işğal etdi. Ermənistan müharibədən qələbə ilə çıxsa da, münaqişə davam etdi və ötən il baş verən təxribatların sonunda yenidən qızışan müharibədə Azərbaycan tərəfi zəfər çaldı. Azərbaycan 30 ildən bəri işğal altında olan torpaqlarını azad etdi və bu zəfərdə kimlərin dəstək göstərdiyini isə azərbaycanlılar qələbə paradında nümayiş etdirdilər. Həmin paradda başqa yerlərdə heç zaman bir arada olmayan bayraqlar dalğalanırdı: Türkiyə, Pakistan və İsrail bayraqları. İsrailin ərəb ölkələri ilə son dövrlərdəki yaxınlaşma cəhdlərini dünyanın təəccüblə seyr etdiyi bir vaxtda, Cənubi Qafqazda müsəlman-yəhudi alyansı çoxdan bəri ənənəyə çevrilib və həmin ənənə bu günün siyasi reallığını müəyyənləşdirir.

Jurnalistin digər müsahibi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin siyasi elmlər üzrə müəllimi Murad Salmanov isə qeyd edir ki, Türkiyə-İsrail münasibətlərinin elə də yaxşı olmadığı iddia edilsə də, onlar Azərbaycanda tərəfdaşdırlar. O, Azərbaycanda yəhudilərin iki min ildən bəri mövcud olmaları barədə danışaraq, yəhudi icmasının daim Azərbaycanla İsrail arasında yaxşı münasibətlərin qurulması üçün çalışdıqlarını diqqətə çatdırıb.

Qeyd edilir ki, Azərbaycanla İsrail arasında sıx iqtisadi bağlar da mövcuddur. 2018-ci ildə iki ölkə arasında ticarətin həcmi 1,4 milyard dollardan çox olub.

Məqalədə Azərbaycanda yaşayan digər xalqların vəziyyətinə də nəzər salınır, etnik plüralizmin ölkədə yüksək dəyərləndirildiyi vurğulanır. Rus əsilli İya Şaşlova adlı qadın müsahibəsində dövlət başçısı İlham Əliyevin Azərbaycanda etnik diskriminasiyanı qəti şəkildə qadağan etdiyini söyləyir. Burada ruslar yerli həyata tam inteqrasiya ediblər, çünki ölkədə çox tolerant cəmiyyət mövcuddur. Hətta ermənilər də burada yaxşı yaşaya bilərlər. İya Şaşlova, həmçinin qeyd edir ki, son müharibədə Rusiya Ermənistanı gözlənildiyi kimi dəstəkləmədi. Bu gün Rusiya Azərbaycanın Türkiyə və İsrail kimi tərəfdaşıdır.

Müəllif məqaləsinə Bakıdakı yəhudi məktəbindən qeydlərlə yekun vurur. Məktəbin direktoru Zamir İsayev Azərbaycandakı tolerant mühitin hansısa siyasi hesablama deyil, insanların həyat tərzi olduğunu deyir. Xatırladır ki, hələ XIX əsrdə Rusiyada çar yəhudilərin şəhərlərdə yaşamalarına qadağa qoyub onları kənd yerlərinə sürgün etsə də, Bakıda bu qaydaya əməl edilməyib. Çarın nə deməsindən asılı olmayaraq, bu şəhərdə yəhudilər həmişə yaşayıblar və hətta Rusiya imperiyasının müxtəlif yerlərindən buraya köç ediblər. “Mən özüm xaricdə çox yaşamışam və bir şeyi deməliyəm: İsraildən başqa heç yerdə yəhidilər Azərbaycanda olduğu qədər yaxşı yaşamırlar”. Jurnalistin “Bəs ABŞ-da necə?“ sualına cavab olaraq, Zamir İsayev Birləşmiş Ştatlarda hələ də sinaqoqlara hücumlar olunduğunu bildirərək deyir: “Burada isə belə bir şeyi təsəvvür etmək belə mümkün deyil. Azərbaycanda yəhudi məbədlərinin qorunmasına ehtiyac yoxdur. İnancından asılı olmayaraq, bütün vətəndaşlar dini ibadətə dəvətlidir”.

S.Xankişiyeva

 

Paylaş:
421

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər