Cəlal Qasımov: Şirkətimiz bu il yeni strateji dövrə daxil olub | 1news.az | Xəbərlər
Müsahibə

Cəlal Qasımov: Şirkətimiz bu il yeni strateji dövrə daxil olub

S.Xankişiyeva14:30 - 09 / 03 / 2021
Cəlal Qasımov: Şirkətimiz bu il yeni strateji dövrə daxil olub

PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımovla müsahibəni təqdim edirik:

- Salam Cəlal bəy, xoş gəlmisiniz. Təşəkkür edirik vaxt tapıb dəvətimizi qəbul etdiyiniz üçün. Vaxtınızı çox almadan birbaşa suallara keçmək istərdim. Sizin digər çıxışlarınızdan bilirik ki, bu il Şirkətiniz yeni strateji dövrə daxil olub. Bu səbəbdən bu günkü müsahibəmizi bu mövzuya həsr etmək istərdik. İlkin olaraq bizə Şirkətinizin ümumi baxışı barədə məlumat verərdiniz.

- Salam. Təşəkkür edirəm dəvətiniz üçün. Tamamilə doğrudur. Şirkətimiz bu il həqiqətən də yeni strateji dövrə daxil olub. Vurğulamaq istərdim ki, növbəti 3 ili əhatə edən strategiyamızın əsasını korporativ dəyərlərimiz – yəni dürüstlük, keyfiyyət, əməkdaşlıq, sahibkarlıq ruhu və gəlirlilik - üzərində qurulmuş, innovativ yanaşma və bu yanaşmadan ərsəyə gələn məhsul və həll yollarını müştərilərimizə çatdırmaq məqsədi təşkil edir. Düzü, bizim baxış və missiyamız barədə bəyanatları əzbərdən deyərək uzun-uzadı cümlələrlə Sizi yormaq istəmirəm. Bu səbəbdən daha çox diqqət mərkəzimizdə olan əsas məqamlar barədə danışacağam. Biz, şirkətlər qrupu olaraq Azərbaycanın və qonşu ölkələrin iqtisadiyyatlarına investisiya etməklə, həm biznes portfelimizi genişləndirmək, həm də bu ölkələrin artan investisiya tələbatını ödəməyə çalışırıq. Fəaliyyətimiz əsasən region ölkələrinin – yəni Azərbaycan, Türkiyə və Gürcüstanın – qeyri-neft sektorunu əhatə edəcək. Bundan əlavə, bizim fəaliyyətimiz Monteneqroda turizm və əmlak sektorunu da əhatə edir.

- Ümumi baxışınızın izahı üçün çox sağ olun. Bəs Şirkətinizin əsas hədəflərinə biraz daha yaxından baxsaq, nələri vurğulamaq istərdiniz?

Bütün şirkətlərdə olduğu kimi, bizim də əsas hədəfimiz biznes fəaliyyətimizi genişləndirmək, dayanıqlılığımızı yüksəldərək etibarlı investor kimi mövqeyimizi qoruyub saxlamaq və bununla regional iqtisadiyyata töhfəmizi verməkdir. Ümumi hədəfdən savayı, növbəti 3 ili əhatə edən strategiyamızda yer alan spesifik mövzular da var ki, onlardan biri innovasiya və yaradıcılıq mədəniyyətini təşviq etməkdir. Ölkəmizin inkişafı üçün yerli innovasiya ekosisteminin və startap mədəniyyətinin təşviqi, eləcə də beynəlxalq müstəvidə tətbiq edilən ən qabaqcıl ideyaların cəlb edilməsi olduqca önəmlidir və təəssüf ki, bu fəaliyyət hazırda ölkəmizdə çox yüksək səviyyədə deyil. PAŞA Qrup olaraq biz, həm Qrup daxilində, həm də xarici auditoriyada innovasiya mədəniyyətini təşviq etmək, ümumilikdə innovativ startapları nəzərdən keçirmək, onları dəstəkləmək və hətta bizim baxışımıza uyğun gəldikləri halda, onlara bizim ekosistemə qoşulmağı təklif etmək və ya onlara yatırım etmək niyyətindəyik. Ölkə daxilində innovasiya ekosisteminə dəstək olmaqla yanaşı, biz ölkədən kənar olan öndəgedən şirkətlərlə əməkdaşlıq edərək, xarici startapları ölkəyə cəlb etməyi də düşünürük.

Bu yaxınlarda biz ASAN xidmətin İnnovasiya Mərkəzinin təşkil etdiyi “Azərbaycan 500 ASAN Startap Proqramı”na da dəstək göstərmişik. Sözügedən proqramın məqsədi ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və impuls yaratmağa kömək etməkdir. Qeyd edim ki, 2020-ci ilin sonunda PAŞA Holding innovasiya ekosisteminə göstərdiyi dəstəyə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunan “İlin ekosistem dəstəkçisi” nominasiyasında qalib seçilmişdir. Əslində, ayrıca vurğulamaq istərdim ki, biz bu innovasiyayə göstərilən dəstəyə əsla sosial məsuliyyət və ya xeyriyyə aksiyası kimi baxmırıq. Əlbəttə, biz korporativ sosial məsuliyyətimizi son dərəcədə anlayırıq və bu istiqamətdə müxtəliv növ tədbirlər görməyə davam edəcəyik. Lakin innovasiya mədəniyyətinin təşviqi bizim üçün sosial məsuliyyət deyil, strateji hədəf və eyni zamanda uzunmüddətli yatırımdır. Onu da qeyd edim ki, biz innovasiya mədəniyyətini yalnız dəstəkləmirik, eyni zamanda özümüz bu mədəniyyəti bilavasitə yaşayırıq. Qrupumuza daxil olan bütün şirkətlər bizim innovativ mədəniyyət nümayəndələri olmağımızın bariz nümunəsidir. Bildiyiniz kimi, 2018-ci ildə Qrupumuza PAŞA Technology, 2020-ci ildə də isə - Competo şirkəti daxil olub. Bu şirkətlərin hər ikisi startap olaraq ərsəyə gəlib və daha sonra keyfiyyətli nəticə göstərməklə özlərini müstəqil şirkət olaraq doğruldublar və hazırda doğruldmaqdadırlar. Gözləntimiz odur ki, sözügedən şirkətlər qədəm qoyduğumuz strateji dövr ərzində PAŞA ekosisteminin inkişafına və şaxələnməsinə ciddi töhfə verəcəklər. Bundan əlavə, bizim banklar, sığorta şirkətlərimiz – hər biri ayrı-ayrılıqda öz gündəlik fəaliyyətlərində, məhsul və xidmətlərində innovativ yanaşmaları ilə seçilirlər və buna görə də bu istiqamətdə müxtəlif mükafatlar əldə edirlər.

- Ekosisteminiz barədə biraz ətraflı məlumat verə bilərsinizmi? Ekosistem deyəndə nə nəzərdə tutursunuz və Competo və PAŞA Technology şirkətlərinin burda rolu nədən ibarət olacaq?

- Əlbəttə. Ekosistem deyəndə biz müxtəlif sahələrdə fəaliyyət göstərən Qrup şirkətlərimiz və partnyorlarımızın fərdi və korporativ məhsullarını inteqrasiya edəcək vahid bir orqanizmin yaradılmasını nəzərdə tuturuq. Məqsədimiz müştərilərimiz üçün məhsullarımızı vahid nöqtədən istifadə etmək imkanı yaratmaq və onlar üzrə məlumatlarımızı unifikasiya edib müştərilərə daha sərfəli və onların profilinə uyğun təkliflər təqdim etməkdir. Ekosistemimizi zənginləşdirəcək əsas elementlərdən biri kimi biz Competo şirkətini və onun Umico məhsullarını görürük. PAŞA Technology şirkətimiz isə Qrup şirkətlərimizin məlumat bazalarını, eləcə də bu məlumatların təhlükəsizliyini təmin edəcək. Şirkət hazırda yüksək səviyyəli beynəlxalq sertifikatlara layiq görülmüş məlumat mərkəzlərinin idarəsini həyata keçirir.

- Aydındır, Cəlal bəy. Təşəkkür edirəm. Sosial məsuliyyət fəaliyyətinizi qeyd etdiniz. Bu istiqamət necə, bu strateji dövrdə də diqqət mərkəzində olacaq? Bu arada, bilirik ki, Sizin şirkətlər Qrupu həm YAŞAT Fonduna, həm də Qarabağ Dirçəliş Fonduna böyük məbləğdə vəsait köçürüb. Qarabağın inkişaf məsələsi Sizin strategiyanızda necə əks olunur, onu da deyərdiniz zəhmət olmasa.

- Mütləq qaydada. PAŞA Holding olaraq biz korporativ sosial məsuliyyətimizi biznesin bir hissəsi və özümüzün əsas öhdəliyi kimi görürük. Bu istiqamətdə icra etdiyimiz bütün fəaliyyətlər bizim Sosial Məsuliyyət strategiyamıza əsasən icra olunur. Bundan əlavə, ölkədə baş verən hadisələr bizim sosial məsuliyyət gündəliyimizdə birbaşa olaraq öz əksini tapır. Bildiyiniz kimi, bizim Şirkətlər Qrupu bütün mühim məsələlərdə ölkə rəhbərliyinin çağırışlarına reaksiya verən ilk şirkətlərdən olub. Bu mövqeyi biz əlbəttə ki, hazırki strateji dövrdə də qoruyub saxlayacayıq. Sizin də qeyd etdiyiniz kimi, ilin əvvəlindən maliyyə şirkətlərimiz tərəfindən həm YAŞAT Fonduna, həm də Qarabağ Dirçəliş Fonduna, hər birinə ayrı-ayrılıqda 2 milyon AZN olmaqla, vəsait ianə edilib. Bundan əlavə, şirkətlərimiz tərəfindən mütəmadi olaraq təhsil, səhiyyə, mədəniyyət, idman və digər istiqamətlərə dəstək göstərilir.

Qarabağ mövzusuna gəlincə isə, düşünürəm, Qarabağın dirçəlişi hazırda bütün şirkətlərin strategiyasında öz əksini tapır. Mənim ötən ilin sonunda bir müsahibəm olmuşdur və orada da qeyd etmişdim ki, azad olunmuş ərazilərdə vətəndaşlarımızın firavan yaşaması həqiqətən də hər birimizin arzusu, eyni zamanda əsas hədəfidir. Regionun öndəgedən şirkətlərindən biri olaraq biz də bu istiqamətdə müxtəlif növ layihələr həyata keçirəcəyik. Bizim banklar yeni filialların açılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edəcəklər. Qarabağda filialların açılması PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri tərəfindən də planlaşdırılır. Bundan əlavə, Kapital Bank azad edilmiş bütün rayon mərkəzlərində yeni filiallar açaraq müştərilərə xidmət etməyi planlaşdırır. Keçiriləcək layihələr üzrə prioritetləşdirmə prosesinin vacibliyini nəzərə alaraq biz bu istiqamətdə olan inkişaf planlarımızı müvafiq dövlət strukturları ilə də razılaşdıracağıq.

Növbəti suala keçməzdən öncə, bir məsələni də vurğulamaq istərdim – bu bizim insanların fədakarlığıdır. Yəqin ki, Siz də bu barədə məlumatlısınız. PAŞA Qrup, əsasəndə Kapital Bank əməkdaşlarının təşkilatçılığı ilə Red Hearts xeyriyyə fondu qurulmuşdur və həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə bu cəmiyyət əsgər və şəhid ailələrinə dəstək istiqamətində geniş miqyaslı layihələr icra etmişdir. Bir menecer olaraq mən həqiqətən də fəxr edirəm ki, bu kimi cəmiyyətlər bizim əməkdaşlar tərəfindən idarə olunur.

- Cəlal bəy, çox sağ olun. Düzü fikir vermişəm ki, Sizin şirkətlər və Siz şəxsən insan kapitalına xüsusi diqqət ayırırsınız və bunu mütəmadi olaraq vurğulamağa çalışırsınız. Bizə biraz insan kapitalı strategiyanız barədə danışardınız.

- Tamamilə doğru vurğuladınız. Bizim üçün insanlar istedad və Qrupumuzun ən əsas və vacib varlıqlarıdırlar. Hər biri ayrı-ayrılıqda bizim Şirkətimizin uğurunun səbəbidir. Bunu dərk etmək bizi müəyyən addımlar atmağa vadar edir. Şirkətin effektivliyi hər bir əməkdaşımızın öz işini necə yerinə yetirməyindən asılıdır. Yəni strategiyanın icrası ən az strategiyanın formalaşdırılması qədər önəmlidir. Bundan əlavə, şirkətdaxili iki tərəfli şaquli kommunikasiya uğurlu strategiyanın əsas şərtlərindəndir. Bu səbəbdən insanlar və korporativ mədəniyyətin rolunu əsla unutmaq olmaz.

Fəaliyyətimizdə biz korporativ idarəetmə, əməkdaşlarımız üçün inkişaf proqramları, eləcə də təşkilatımızın ümumi və risk sağlamlığını daim yüksəltməyə çalışırıq. Şirkətimiz tərəfindən beynəlxalq məsləhətçi şirkətlərin köməyi ilə Təşkilatın Sağlamlığı İndeksi (TSİ) və Risklərin Sağlamlığı İndeksi (RSİ) ölçülərək, bu istiqamətdə olan güclü və zəif tərəflərimiz müəyyənləşdirilib. Bu mövzu üzrə çox detallara varmaq istəməzdim, bəlkə Şirkətimizin digər rəhbər şəxsləri tərəfindən gələcəkdə məhz bu mövzuya həsr olunmuş ayrıca müsahibə də təqdim olunar, lakin bildirmək istərdim ki, bu təşəbbüsün nəticəsində Holdinq və törəmə müəssisələrimizdə risklərin idarəetmə səviyyəsinin ümumdünya və regional oyunçularla müqayisədə yüksək olduğuna, eləcə də ümumilikdə təşkilati mədəniyyətimizin beynəlxalq standartlara uyğun olduğuna bir daha əmin olduq. Bu kimi göstəricilər isə öz növbəsində bizə ən çox seçilən və ya arzuolunan iş yeri statusunu əldə etməyə imkan verir.

- Ətraflı məlumat üçün çox sağ olun Cəlal bəy.

- Mən təşəkkür edirəm dəvətiniz üçün. Sağ olun.

Paylaş:
5122

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər