Adil Əliyev : “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi hərbi cinayətdir” | 1news.az | Xəbərlər
Siyasət

Adil Əliyev : “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi hərbi cinayətdir”

Qafar Ağayev13:52 - 20 / 05 / 2021
Adil Əliyev : “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi hərbi cinayətdir”

Bu günMilli Məclis Sədrinin müavini, Parlamentin Gənclər və idman komitəsinin Sədri Adil Əliyev Dünya Kikboksinq Federasiyasının (WAKO) prezidenti Roy Beyker ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, sədr müavini Adil Əliyev ölkəmizin Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Formula 1 kimi dünya şöhrətli yarışların ən yüksək səviyyədə təşkilatçısı olduğunu diqqətə çatdırıb.

O, ölkəmizdə Kikboksinq idman növünə xüsusi marağın olmasına diqqət çəkərək, onun Azərbaycanda ən populyar idman növlərindən biri olduğunu qeyd edib.

Vitse-spiker dünyada geniş yayılmış Covid-19 infeksiyasının idman sahəsinə də çox ciddi təsirlərinin olmasına diqqət çəkərək, bu təsirlərin II Dünya müharibəsinin idmana vurduğu zərərə bərabər olduğunu bildirib. Nəzərə çatdırıb ki, dünyada bu virusun geniş yayılmasına baxmayaraq, ölkə başçısının göstərişinə əsasən aparılan sistemli və ardıcıl işlər nəticəsində yoluxma sayı minimuma endirilib.

Görüş zamanı idmançılarımızın uğurlarından danışan Adil Əliyev, eləcə də 2020-ci ilin Şanlı tariximizə Zəfər ili olaraq düşməsini, Ermənistanın 30 il müddətində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını, BMT TŞ-nin dörd qətnaməsini kobud şəkildə pozaraq torpaqlarımızı işğal altında saxladığını, təxribatlar törətməsini və nəhayət həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində düşmənin məğlub edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, müharibə bitsə də, Ermənistan minalanmış ərazilərimizin xəritələrini vermir, hərbçilərimiz, mülki vətəndaşlarımız minaya düşərək həlak olurlar, bu, hərbi cinayətdir.

Görüşdə iştirak edən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin Seyidzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmanda kütləviliyin təmin edilməsinin gənc nəslin tərbiyəsindəki əvəzsiz rolunu qeyd edib.

Dünya Kikboksinq Federasiyasının prezidenti Roy Beyker Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər idman növlərində mütəmadi olaraq qazandıqları uğrların digər ölkələrə nümunə olduğunu bildirib. O, kikboksinq idman növünün ölkəmizdə geniş yayılması və burada nüfuzlu idmançıların hazırlanması sahəsində görülən işləri yüksək qiymətləndirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər