Deputat: “Prezidentin yeni informasiya strategiyası Azərbaycanı informasiya müharibəsində daha da güclü edir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Prezidentin yeni informasiya strategiyası Azərbaycanı informasiya müharibəsində daha da güclü edir”

Qafar Ağayev17:59 - 24 / 05 / 2021
Deputat: “Prezidentin yeni informasiya strategiyası Azərbaycanı informasiya müharibəsində daha da güclü edir”

Mayın 20-də Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cənubi Qafqaz:Regional inkişaf əməkdaşlıq perspektivləriadlı müzakirələri keçirilib.

Müzakirələr zamanı Prezident İlham Əliyev bir çox məsələlərdən, xüsuslə də regionda baş verən məslələrdən danışıb.

İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.

30 il çəkən işğal faktı səbəbindən, Azərbaycanın öz mövqeyini birmənalı şəkildə bəyan etdiyini deyən Prezidentin sözlərinə görə, ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik.

“Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir” – deyə Prezident əlavə edib.

Regionda əməkdaşlığa toxuxanan Prezident qeyd edib ki, nə baş verməsindən asılı olmayaraq, biz bir daha gələcəyə baxmalıyıq: “Mən dəfələrlə açıq şəkildə demişəm ki, biz səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq. Biz artıq təklif vermişik, lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi cavab verməyib. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq”.

Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi bu müzakirələr zamanı da önəmli məsələlərə toxunub və önəmli mesajlar verib. Bəs görəsən bu mesajlar nələrdən ibarətdir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hal-hazırda dünyada söz sahibi olan təşkilatlardan biridir.

“Bu təşkilarlarda eks prezidentlər, baş nazirlər, dünyada sayılıb seçilən dövlət və ictimai xadimlər üzvdürlər. Bu mərkəzin mütəmadi olaraq tədbirləri, konfransları keçirilir, üzvlərinin Azərbaycana səfərləri olur. Beynəlxalq Nizami Gəncəvi Mərkəzi təsis olunduqdan bu günə qədər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda sülhün bərqərar olunması və Nizami Gəncəvinin dəyərlərinin və irsinin dünyaya çatdırılması istiqamətində misilsiz xidmətlər göstərməkdədir. Təşkil edilmiş növbəti konfransda cənab Prezidentin şəxsən iştirak etməsi, çıxışı və çox maraqlı açıqlamalar verməsi hər kəsin diqqətini cəlb etdi. 44 günlük Vətən Müharibəsində Ali baş komandanımızın rəhbərliyi altında rəşadətli ordumuz qəhrəmanlıq göstərərək ərazilərimizdən erməni terrorist və faşistlərini qova bildi və ərazi bütövlüyümüzü bərpa etdi. Ancaq bu fədakarlıqla paralel olaraq xalqın vəhdəti, həmçinin cənab Prezidentimiz İlham Əliyevin həmin müddət ərzində xarici, beynəlxalq televiziya və informasiya agentliklərinə verdiyi müsahibələrin rolu olduqcaq önəmlidir. Həmin dövrdə informasiya müharibəsi də gedirdi, indi də davam edir. Həmin müharibədə Azərbaycanın haqlı savaşını, mübarizəsini doğru, düzgün çatırmaq üçün cənab Prezident bu müsahibə və açıqlamaları verdi”.

“Unutmamalıyıq ki, həmin müsahibələr zamanı çox sayda qərəzli və məqsədyönlü suallar ünvanlanırdı ki, yerində, məntiqlə cavablandırılan bu suallar nəticə etibarı ilə Azərbaycanın xeyrinə olurdu” – deyə, deputat sözlərinə əlavə edib:

“44 günlük Vətən müharibəsindən sonra da Preziedent İlham Əliyev ictimaiyyətə, beynəlxalq aləmə bu cür açıqlamalar və müsahibələr verməyə davam etdi. Bu ilin fevral ayında xarici jurnalistlərin iştirakı ilə 5 saata yaxın davam edən görüşdə İlham Əliyev tərəfindən bütün sualların cavablandırılmasını da qeyd edə bilərik. Həmçinin 2021-ci ilin əvvəllərində dünyanın beyin mərkəzlərinin nümayəndələrinin suallarını cavablandırmaqla regionda mövcud vəziyyət, regionun gələcəyi, perspektivi və region ölkələrinin etməli olduğu vacib addımlar, Azərbaycanın, Ermənistanın və Rusiyanın rəhbərlərinin birlikdə imzaladığı üçtərəfli bəyanat, buradakı öhdəliklərin yerinə yetirilməsi, Azərbaycanın bu məsələdə rolu, Ermənistanın hələ də hərbi cinayətləri davam etdirməsi, Ermənistan tərəfindən minaların xəritəsinin verilməməsi, Ermənistanın kommunikasiya xətlərini atmaqda maraqlı olmaması və bu kimi vacib məsələrə açıqlama verildi.

Azərbaycanın nə qədər haqlı olduğunu və sülh tərəfdarı olduğunu nümayiş etdirdi. Bütün bunlara əsaslanaraq demək olaraq ki, cənab Prezident yeni informasiya strategiyası ortaya qoyub, bu informasiya strategiyası nəticə etibarı ilə Azərbaycanı informasiya müharibəsində daha da güclü edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sonuncu konfransında Prezident İlham Əliyevin çıxışı və mesajlarına nəzər yetirsək görərik ki, Azərbaycan diqtə edən tərəfdir. Azərbaycan müharibəni özü dayandırdı, sülhün tərəfdarıdır. Azərbaycan öz ərazilərini işğaldan azad etdi, başqa bir dövlətin torpağında gözü yoxdur. Azərbaycan qarşı tərəfi də öhtəlikləri yerinə yetirməyə və regionda sülhü dəstəkləməyə çağıran mesajlar verdi”.

N.Həmzəyev deyib ki, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin növbəti görüşü dünyada sayılıb seçilən siyasətçilərin rəhbərlik etdiyi bu mərkəzin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və Azərbaycanın regionun aparıcı dövləti olduğunu göstərdi.

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər