Bir qrup QHT Oxçuçayın çirkəndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər - FOTO
Bu gün Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycanda fəaliyyət göstərən bir neçə ekoloji təşkilatın rəhbərlərinin görüşü keçirilib.
Təşkilat rəhbərləri son aylar ərzində Ermənistan ərazisində fəaliyyət göstərən müəssisələrin Oxçuçay çayının ağır sənaye tullantıları ilə çirkləndirilməsi məsələsini müzakirə ediblər və problemlə bağlı ciddi narahatlıqlarını bildiriblər.
Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tədbirdə çıxışı zamanı qeyd edib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: “Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə almaqla, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır”.
Tədbirdə çıxış edən digər ekoloji təşkilatların rəhbərləri də məsələ ilə bağlı ciddi narahatlıqlarını bildiriblər. Sonda dünyanın nüfuzlu ekoloji qurumlarına yaranmış təhlükəli vəziyyətlə əlaqədar müraciət ünvanlanıb.
Müraciətdə qeyd edilib ki, Oxçuçay çayı sənaye tullantıları ilə çirkləndirilərək yararsız hala gəlib. Erməni mədən sənayesinin fəal oyunçusu olan Almaniya şirkəti CRONİMET ətraf mühitin standartlarına uyğun çoxsaylı açıqlamalara baxmayaraq fəaliyyətinin ətraf mühitə təsirini davamlı olaraq nəzərə almır. Oxçuçay su nümunəsi sınaqlarında ağır metalların, xüsusən mis, molibden, manqan, dəmir, sink və xromun yüksək miqdarı aşkar edilib. Suyun tərkibindəki ağır metalların miqdarı yalnız flüvial faunanı məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcədə təhlükəlidir.
Sənəddə bildirilir ki, Oxçuçayın çirkləndirilməsinin qarşısını almalıdır. Ümid edirik ki, dünyanın nüfuzlu ekoloji təşkilatlarına ünvanlanan müraciət cavabsız qalmayacaq.
Ekoloji təşkilatlar həm də Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edərək məsələ ilə bağlı səfirlə görüşün keçirilməsini xahiş ediblər.
Report