Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” müsabiqə proqramına başlayır - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” müsabiqə proqramına başlayır - FOTO

20:05 - 01 / 07 / 2021
Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” müsabiqə proqramına başlayır - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına başlayır. Komitə Qarabağda Sarıcanlı, Horadiz, Zar, Şəlvə, Böyük Mərcanlı kəndlərinin və Xudafərin qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqədə iştiraka dəvət edir.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev komitənin bu aktual məsələyə həsr etdiyi iclasda deyib.

Aidiyyəti dövlət qurumlarının təmsil olunduğu işçi qrupun iclasını açan A.Quliyev bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulub və ölkəmiz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq regionda təhlükəsizliyin, ədalətin bərqərar olması və öz ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, Əlaqələndirmə Qərargahı, İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə İşçi Qrupları yaradılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, dağıdılmış yaşayış məntəqələrinin baş planlarının və digər ərazi-planlaşdırma sənədlərinin hazırlanması, şəhərsalma proseslərinin sistemli və əlaqələndirilmiş şəkildə təşkili üçün Əlaqələndirmə Qərargahının nəzdində yaradılmış Şəhərsalma Məsələləri üzrə İşçi Qrupu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə uğurla fəaliyyət göstərməkdədir.

A.Quliyev qeyd edib ki, iyulun 1-də Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun geniş tərkibli növbəti 15-ci iclasında Qarabağın dirçəldilməsi üzrə görülən kompleks planlaşdırma işlərinin davamı olaraq regionun bir neçə kənd və qəsəbələri üçün memarlıq planlaşdırma həlləri üzrə “Qədim Qarabağın yenilənən siması” adlı açıq müsabiqənin keçirilməsi barədə qərar qəbul olunub.

O, həmçinin işğaldan azad olunmuş ərazilərin bərpasının planlı və sistemli təşkili üçün komitə tərəfindən Qarabağ regionunun şəhərsalma konsepsiyasının və ərazi-planlaşdırma sənədlərinin hazırlanması üzrə işlərin sürətlə və əlaqəli şəkildə davam etdirildiyini, bu məqsədlə bir sıra yerli və nüfuzlu beynəlxalq şirkətlərin cəlb edildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən müddət ərzində regionun Ümumi planının hazırlanması çərçivəsində şəhərlərin, bir çox kənd və qəsəbələrin sərhədləri dəqiqləşdirilib, müvafiq ərazi-planlaşdırma sənədlərinin işlənməsinə başlanılıb. Buna paralel olaraq, uzun illər işğal altında olmuş yaşayış məntəqələrinin, xüsusən də əhalinin böyük hissəsinin yaşadığı kənd ərazilərinin tarixinə əsaslanaraq gələcək simasının, memarlıq planlaşdırma həllərinin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir.

“Qeyd olunanları nəzərə alaraq, Qarabağın öz qədimliyini, tarixiliyini, memarlıq ənənələrini qoruyaraq yenidən canlandırmaq və burada milli ruhun müasir tələblərə cavab verən infrastrukturla vəhdətini təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan memarlıq planlaşdırma həlləri üzrə “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına başlayır. Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində təqdim olunan layihələrdə Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndlərində, həmçinin Cəbrayıl rayonunun Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının həlledici istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır”, - deyə komitə sədri bildirib.

Diqqətə çatdırılıb ki, ümumi mükafat fondu 60 min manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan kəndlərdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci ilin iyulun 15-dək qeydiyyatdan keçməli, layihələr isə iyulun 31-i saat 18:00-dan gec olmayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur. Bu il avqustun 15-də elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 3 nəfər mükafatlandırılacaq. Belə ki, 1-ci yerin sahibi 5000 manat mükafat və 1-ci dərəcəli diplomla, 2-ci yerin sahibi 3000 manat və 2-ci dərəcəli diplomla, 3-cü yerin sahibi isə 2000 manat və 3-cü dərəcəli diplomla təltif olunacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Müsabiqənin əhatə etdiyi kəndlərdə bərpa-quruculuq işləri aparılacağı təqdirdə qalib gələn layihələr nəzərə alınacaq. Layihədə maraqlı şəxslər qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırlanmış “Qədim Qarabağın yenilənən siması” internet səhifəsini (www.bizimqarabagh.az) ziyarət etməyə dəvət olunur.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov şəhərsalma sahəsində işlərin sistemli və planlı şəkildə həyata keçirilməsinin önəmli olduğunu vurğulayıb. O deyib ki, dövlətimizin qarşısında duran vacib məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir və hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Bu işlərə paralel olaraq, işğaldan azad olunmuş ərazilər üzrə şəhərsalma istiqamətində konsepsiyanın hazırlanması və şəhərlər üzrə baş planın hazırlanması sahəsində də ölkə başçısının tapşırığına uyğun olaraq sistemli şəkildə fəaliyyətlər həyata keçirilir.

Prezident Administrasiyasının rəsmisi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması və onun vəzifələri, eləcə də görülən işlər barəsində də geniş məlumat verib.

N.Süleymanov qeyd edib ki, Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir. Əlaqələndirmə Qərargahının yaradılmasında məqsəd isə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün fəaliyyətlərin mərkəzləşdirilmiş sistemli şəkildə və əlaqələndirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir: “Hazırda Əlaqələndirmə Qərargahının nəzdində İdarələrarası mərkəz fəaliyyət göstərir. Sözügedən mərkəzin nəzdində 10-dan çox işçi qrupu mövcuddur. Bu işçi qruplar demək olar ki, fəaliyyətin bütün istiqamətlərini əhatə edir”.

İclasda məruzə ilə çıxış edən Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov müsabiqə, onun keçirilməsinin zəruriliyi və şərtləri ilə bağlı ətraflı məlumat verib.

Tədbirdə qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli və surətli şəkildə aparılması, həmçinin memar, urbanist və layihəçilərin hər birimizin qürur mənbəyi olan Qarabağda baş verən şəhərsalma proseslərində yaxından iştirakını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər kəndləri də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər