Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında fərmana dəyişiklik edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73, № 12, maddə 1109; 2006, № 7, maddə 590, № 9, maddə 736; 2007, № 3, maddə 219, № 12, maddə 1244; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298, № 7, maddə 610; 2011, № 9, maddə 789, № 11, maddə 1011; 2014, № 2, maddə 119, № 12, maddələr 1582, 1584; 2016, № 2 (II kitab), maddə 268, № 3, maddə 472; 2017, № 10, maddə 1780; 2018, № 7 (I kitab), maddə 1453; 2019, № 5, maddə 847; 2021, № 5, maddə 441) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 5.19-cu bəndinin ikinci cümləsində “, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və” sözləri “və 12 (on iki)” sözləri ilə əvəz edilsin.