Saakaşvili Gürcüstan həbsxanasında aclıq aksiyasına başlayıb
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq elan edib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria bildirib.
Səkkiz il vətənindən uzaq qaldıqdan sonra bu gün Tbilisidə saxlanılan ölkənin üçüncü prezidenti yerləşdirildiyi həbsxanada Ombudsmanla görüşüb.
Onun sözlərinə görə, Mixeil Saakaşvilinin səhhəti ilə bağlı xüsusi bir şikayəti yoxdur. M.Saakaşvili bildirib ki, polis əməkdaşlarını özü içəri buraxıb və həbs zamanı müqavimət göstərməyib.
Ombudsman qeyd edib ki, M.Saakaşvili aclıq elan edib: "Və Ukrayna vətəndaşı olaraq, Ukrayna konsulu ilə görüş tələb edir".
L.Lomcaria əlavə edib ki, M.Saakaşvili ona qarşı irəli sürülən ittihamlarla və məhkəmədə artıq baxılmış işlər üzrə əvvəlki hökmlərlə razılaşmadığı üçün aclıq aksiyasına başlayıb.