Azərbaycan və Slovakiya XİN rəhbərlərinin müzakirə etdikləri məsələlər açıqlanıb – VİDEO – YENİLƏNİB
Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla slovakiyalı həmkarı İvan Korçokun görüşü barədə məlumat yayıb.
1news.az-ın verdiyi xəbərə görə, məlumatda deyilir:
Nazirlər arasında təkbətək başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
C.Bayramov Azərbaycan və Slovakiya arasında siyasi dialoqu yüksək qiymətləndirərək, ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında əməkdaşlığın bir çox sahələrdə inkişafı potensialı vurğulanıb. Hər iki ölkənin münasibətlərinin əsasında beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinin dayandığı bir daha vurğulanıb.
C.Bayramov ikitərəfli iqtisadi münasibətlərin inkişafının əhəmiyətini və bu sahədə mövcud olan potensialı qeyd edərək, cari səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Slovak Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığa dair Sazişin imzalanmasının, habelə Biznes Forumunun keçirilməsinin iqtisadi əməkdaşlığın inkişafına ciddi töhfə verəcəyinə inamını ifadə edib.
Nazir İvan Korçok səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşə və aparılan müzakirələrə məmnunluqla istinad edib. Ərazi bütövlüyünə hörmət prinsipinin Slovakiya üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına təkan verdiyini söyləyən nazir, bu xüsusda Azərbaycan Milli Məclisinin spikerinin Slovakiyaya baş tutan səfərini qeyd edib. Nazir Korçok iqtisadi münasibətlərin inkişafı potensialını vurğulayıb və bu istiqamətdə birgə səylərin və konkret tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini bildirib. O, ölkəsinin Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq prosesində iştirakı marağını ifadə edib.
C.Bayramov Slovakiyalı həmkarına bölgədə mövcud olan son vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Slovakiyadan sifarişimiz əsasında alınacaq mina təmizləmə maşınlarının ilk hissəsinin yaxın zamanda Azərbaycana gətiriləcəyi qeyd olunub. Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədiyi və mina təhlükəsinin insanların həyatına birbaşa təhdid doğurmaqda davam etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Dost və tərəfdaş ölkələrin iştirakı ilə mina təmizləməsi işlərinin sürətlə davam etdirildiyi Slovakiya nazirinin diqqətinə çatdırılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
11:41
Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok arasında görüş başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Twitter səhifəsində bildirilib.
C.Bayramov slovakiyalı həmkarını Xarici İşlər Nazirliyinin binasının önündə qarşılayıb.
Sonra XİN başçılarının görüşü başlayıb.
FM @Bayramov_Jeyhun welcomes Minister of Foreign & European Affairs of #Slovak Republic @IvanKorcok within his official visit.
Nazir Ceyhun Bayramov #Azərbaycan/a rəsmi səfəri çərçivəsində #Slovakiya Respublikasının xarici & Avropa işləri naziri İvan Korçoku salamlayır
🇦🇿🇸🇰 pic.twitter.com/2HKtRxGaTW — MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 19, 2021