“Guya ölkəmizdəki azsaylı xalqların nümayəndələri zorla döyüşə göndərilib” - Hacı Şahin | 1news.az | Xəbərlər
Siyasət

“Guya ölkəmizdəki azsaylı xalqların nümayəndələri zorla döyüşə göndərilib” - Hacı Şahin

15:02 - 25 / 10 / 2021
“Guya ölkəmizdəki azsaylı xalqların nümayəndələri zorla döyüşə göndərilib” - Hacı Şahin

"Qarabağ Azərbaycandır və nida". Bəli, böyükdən kiçiyə hamıya məlumdur ki, Prezident İlham Əliyevin bu şüarı Azərbaycan Ordusunu qələbəyə səsləyən çağırış oldu.

1news.az- ın məlumatına görə 44 günlük davam edən müharibədə Azərbaycan xalqının birliyi bütün dünyaya azərbaycanlıların özünütəsdiqi kimi qəbul edildi. Qələbədən sonra Ali Baş Komandanın bu müqəddəs torpaqlara ayaq basması, burada aparılan tikinti-quruculuq işlərinin sürətləndirilməsi, Qarabağımıza yeni nəfəsin verilməsi bütün dünyaya Azərbaycanın öz torpaqlarına necə sahib çıxdığını nümayiş etdirdi. Erməni vandalları tərəfindən törədilən ekoloji terror, maddi, mədəni və dini abidələrimizin dağıdılması, məscidlərimzin yerlə-yeksan edilməsi, burada donuz saxlanılması faktları ermənilərin təkcə Azıərbaycan xalqına deyil, eyni zamanda bütün dünya müsəlmanlarına münasibətini sərgilədi.

Cənab Prezident İlham Əliyev də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə məlum məsələyə toxunaraq bunu müsəlmanlara qarşı təhqir adlandırdı.

“Ermənilərin bizim məscidlərdə donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. Beləliklə ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar”.

Məsələ ilə bağlı 1news.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər şurasının (QŞ) üzvü Hacı Şahin Həsənli bildirdi ki, 30 il ərzində Azərbaycanın dini abidələri, məscidləri təhqir olundu:

“Bu məscidlər əsirlikdə idi. Mənə qismət oldu ki, həm Ağdan cümə məscidində ibadət etdik, həm də Şuşada Yuxarı Gövhər Ağa məscidində bayram namazı qıldıq. Unudulmaz anlar idi. İnana bilmirdik ki, uzun illər işğal altında olan bu dini abidələr bu gün inanclıların üzünə açılıb. Bizim abidələrimiz təhqir olunan zaman biz dünya birliyinə və müsəlman ölkələrinə müraciət edirdik, amma təəssüf ki, lazımlı reaksiyanı əldə edə bilmədik. Biz öz Ordumuzun gücünə və öz gücümzə arxalanaraq bu abidələri düşmən tapdağından azad etdik. Azərbaycan parlaq qələbə əldə etdi”.

44 günlük Vətən müharibəsini Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri adlandıran din xadimi əlavə etdi ki, bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu:

“Azərbaycan torpaqlarının hər bir qarışını düşmən tapdağından azad etdi. Bu 44 gün ərzində Azərbaycan cəmiyəti tam şəkildə səfərbər olaraq Ali Baş Komandanın ətrafında sıx birləşə bildi. Biz Qələbəni məhz bu birliyin sayəsində əldə edə bildik. Onu da deyim ki, bu qələbənin qazanılmasında Azərbaycanda yaşayan müxtəlif xalqların inanc sahiblərinin rolu çox oldu. Ölkəmizdə yaşayan müxtəlif din təmsilçiləri, müxtəlif milli mənsubiyyətə sahib olan insanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda bu savaşda fədakarcasına iştirak etdilər. Müxtəlif din təmsilçilərindən- rus millətindən olan provaslav inanclı, yəhudi millətli, digər millətlərə aid olan insanlar da şəhidlik zirvəsinə ucaldı. Biz təkcə torpaqlarımızı işğaldan azad etmədik, həm də uzun illər tapdaq altında olan heysiyyatımızı, milli qürurumuzu bərpa etdik. Bu müharibədə Azərbaycan dövlətinin hər bir vətəndaşı birbaşa və ya dolayı yolla iştirak edirdi. Biz həm də mənəvi irsimizi amansız düşmənin caynaqlarından xilas etdik”.

Dinindən və inancından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün bu torpaqların müqəddəs olduğunu dilə gətirən Hacı Şahin Həsənli bildirdi ki, bunu müharibə zamanı xalqımız yüksək səviyyədə nümayiş etdirdi:

“Ermənilər çalışırdı ki, Azərbaycanda dini və etnik baxımdan ixtilaf yaratsınlar, guya ki, azsaylı xalqların nümayəndələri zorla döyüşə göndərilir. Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri birgə bəyanat verərək Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə birgə sənəd imzaladılar. O sənəddə Azərbaycanın ərazi bütövlüyün müdafiə etdilər və ermənilərin təcavüzünü pislədilər. Bu parlaq qələbə yaddaşımızdan silinməyəcək. Bu qələbəni bizə qazandıran qəhrəman Azərbaycan Ordusu parlaq səhifəyə imza atdı. Azərbaycan xalqı Ali Baş Komandana bağlılığının sədaqətini döyüş zamanı nümayiş etdirdi. Allah xalqımızı və dövlətimizi qorusun, Şəhidlərimizə rəhmət eləsin!”.

Paylaş:
412

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər