Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb
Noyabrın 11-də Türk Şurasının İstanbulda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və onun türk dövlətləri arasında təhsil, elm, mədəniyyət istiqamətində əməkdaşlıqda rolunu təqdir etdiyini bildirib. Türk Akademiyası ilə bağlı müvafiq çoxtərəfli sənədlərin imzalanması prosesinin başa çatmasından məmnunluq ifadə edən nazir, bundan sonra təşkilatın daha aktiv fəaliyyət göstərəcəyinə inandığını, bu istiqamətdə Azərbaycan tərəfinin hər cür dəstəyə hazır olduğunu ifadə edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb və bu qələbənin bütün türk dünyasının ortaq zəfəri olduğunu bildirib. O, eyni zamanda təşkilatın fəaliyyətinə göstərdiyi yüksək səviyyəli dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb, həyata keçirilməkdə olan və nəzərdə tutulan layihələr barədə məlumat verib.
Darxan Kıdırəli xarici işlər naziri Ceyhun Bayramova 10-cu əsrdə, Qaraxanlı dövləti dövründə ilk dəfə qədim türk dilinə çevrilən və Türk Akademiyası tərəfindən çap olunan müqəddəs “Qurani-Kərim” kitabını təqdim edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.