Koronavirusa görə distant təhsilə keçən məktəblərin sayı açıqlanıb
“Əgər məktəbdə 6-7 müəllim arasında yoluxma olarsa, onların tədris apardığı siniflər təhlil olunur.
Müəllimlərin daha çox sinfə girdikləri, daha çox insanla ünsiyyətdə olduqları müəyyənləşdirilir".
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə əsasən, qaydalara görə ünsiyyətdə olan şəxslər müvəqqəti karantinə alınırlar: “Bu səbəbdən ayrı-ayrı siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-yə yaxın məktəbdə belə hal olub. Əsasən böyük şəhərlərdə olur. Çünki onlarda sıxlıq daha çox olur. Ümumilikdə Azərbaycanda 4 450-yə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-yə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.