Naqif Həmzəyev: “Heydər Əliyev qardaş qırğınının qarşısını aldı, Gəncə qiyamı tamamilə yatırıldı”
“Azərbaycan 90-cı illərin əvvəllərində müstəqillik qazandıqda, çox təəssüflər olsun ki, rəhbərliyə gələn AXC-Müsavat hakimiyyəti savadlı, bilikli kadrlardan təşkil edilmədi”.
Bunu 1news.az-a açıqlama Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Nəticə etibarı ilə, idarəetməni bilməyən, dövlət strukturunda çalışmamış insanlar hakimiyyəti idarə etməyə başladılar. Qısa bir müddətdə ölkə daxilində çaxnaşmalar baş verdi. Bununla paralel olaraq da Dağlıq Qarabağ məsələsinin ortaya çıxması, faktiki olaraq Azərbaycan ərazilərinin bir hissəsinin işğalı ilə nəticələndi. Bütün bunlarla yanaşı, qardaş qırğını baş tutdu və 4 iyun 1993-cü ildə Gəncə hadisələri həmin dövrdə hakimiyyətdə olanların dövləti idarə edə bilməməsi və onların hakimiyyətdən uzaqlaşdırılması üçün Sürət Hüseynovun dəstələrinin ortaya çıxması ilə nəticələndi”.
Deputat bildirib ki, bu çətin vəziyyətdən çıxmaq üçün xalqın təkidi ilə ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu.
“Heydər Əliyev Bakıda hakimiyyəti və ona təklif olunan vəzifəni qəbul etmədən öncə Gəncə şəhərinə səfər etmək və problemi yerində araşdırmaq niyyətində olduğunu bildirdi. Ulu öndər o vaxt heç bir orduya, gücə arxalanmadan, yalnız xalqın etimadına söykənərək, arxalanaraq Gəncə şəhərinə gəldi, onu bir qrup jurnalist müşaiyət etdi. Heydər Əliyev Gəncəyə gələrək, Sürət Hüseynov və o vaxtki AXC-Müsavat Hakimiyyətinə qarşı qalxmış insanlarla görüşdü, onları sakitləşdirdi və qardaş qırğınının qarşısı alındı. Sürət Hüseynov və onun dəstəsi Bakını mühasirəyə almışdı, məqsədləri Bakı şəhərinə daxil olub hakimiyyəti ələ keçirmək idi. Göründüyü kimi ulu öndər Heydər Əliyev bu qardaş qırğınının qardaşını aldı. Gəncə qiyamı tamamilə yatırıldı, daha sonra ulu öndər seçki yolu Azərbaycan Respublikasının Prezidenti seçildi.
N.Həmzəyev deyib ki, 15 iyun Azərbaycan tarixində qurtuluş günü kimi tarixə keçib.
“Gəncə şəhərində ucaldılmış zəfər tağı da ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə qurtuluş gününə həsr edilib. Heydər Əliyevin hakimiyyəti gəlməsi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, Azərbaycanın əsl müstəqilliyə nail olması və ərazilərimizin böyük hissəsinin itirilməsinin qarşısı alındı. 1994-cü ildə müvəqqəti atəşkəs imzalandı. Bu atəşkəs Azərbaycanın öz iqtisadiyyatını gücləndirməsinə, ordusunu qurmasına, dövlət quruculuğu yolunda sürətli addımlamasına imkan yaratdı”.
“Biz bu gün əldə etdiyimiz bütün uğurları ümummilli lider Heydər Əliyevə, onun siyəsətinə borcluyuq” – deputat fikirlərinə əlavə edib:
“Əminliklə deyə bilərik ki, məhz 4 iyun Gəncə hadisələri daha böyük itkilərlə baş verə bilərdi, Azərbaycanın bir neçə yerə parçalanması, müstəqilliyinə son qoyulması və Azərbaycanın tarix səhifəsindən silinməsi hədəflənmişdi. Ancaq Heydər Əliyevin Bakıya gəlməsi, hakimiyyəti qəbul etməsi, prezident seçilməsi Azərbaycanı bu bəladan xilas etdi. Ulu öndərin layiqli davamçısı İlham Əliyev atasının həyata keçirə bilmədiyi işlərin böyük əksəriyyətini reallaşdırdı. Ən əsası, itirilmiş torpaqlarımızı işğaldan azad edə bildik. Ulu öndərin bütün arzu və istəkləri yerinə yetirilir. Heydər Əliyevin vəsiyyətini cənab Prezident İlham Əliyev həyata keçirir. Biz nə qədər inkişaf etsək də, uğur qazansaq da, tariximizi qətiyyən unutmamalıyıq. Başımıza gətirilmiş müsibətlərin, bəlaların kökünü araşdırmalıyıq və bunu gələcək nəsillərə çatdırmalıyıq”.