Dövlətçilik tariximizin şanlı qürur səhifəsi
Əgər ulu öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ən yaxşı halda ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi
Xalqın xilaskarı olmaq missiyası
Azərbaycan 1991-ci ilin oktyabrında Sovet İttifaqının süqutunun məntiqi nəticəsi olaraq dövlət müstəqilliyini yenidən bərpa etsə də, təəssüf ki, xalqımız bu sevinci uzun müddət yaşaya bilmədi. Çünki müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizlikləri, idarəçilik qabiliyyətlərinin yoxluğu, ayrı-ayrı siyasi qüvvələr və mafioz qruplar arasında hakimiyyət uğrunda gedən amansız mübarizə Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirməsinə imkan vermirdi. Belə bir şəraitdə 1992-ci ildə hakimiyyəti silah gücünə zəbt edən AXC-Müsavat cütlüyü birillik hakimiyyəti dövründə ölkəmizi daha da çıxılmaz vəziyyətə saldı. Küçədən hakimiyyətə gələn “bəylər”in diletantlığı, bacarıqsızlığı nəticəsində bütün sahələrdə gündən-günə güclənən anarxiya, xaos, özbaşınalıq, Ermənistan-Azərbaycan cəbhə xəttində yaranan gərgin vəziyyət, xüsusilə Qarabağda və ətraf rayonlarda ərazilərin biri-birinin ardınca düşmən tərəfindən işğal edilməsi hakimiyyətə qarşı xalqın narazılığını və nifrətini daha da artırırdı. Ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması onsuz da dözülməz olan vəziyyəti daha da ağırlaşdırırdı. Separatçı Əlikram Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında "Talış-Muğan Respublikası" adlı qondarma qurum yaratmağa çalışırdı. Şimal bölgəsində isə separatçı "Sadval" təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Bütün bunların məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə AXC-Müsavat hakimiyyəti əleyhinə qiyam baş verdi, qardaş qanı axıdılmaqla vətəndaş müharibəsi başladı.
Bu proseslər bir daha sübut edirdi ki, AXC-Müsavat cütlüyü ölkədə qayda-qanun yaratmaq, xüsusilə müstəqilliyimizi qorumaq iqtidarında deyil. Çünki onları birillik iqtidarları dövründə yalnız bir məqsəd düşündürürdü: Nəyin bahasına olursa-olsun, hətta ölkə qan gölündə boğulsa belə hakimiyyəti qoruyub saxlamaq. Bu məqsəd naminə ölkəmizə yeni-yeni faciələr gətirən, günahsız insanların həlak olmasına şərait yaradan AXC-Müsavat iqtidarının xarici siyasəti də bərbad vəziyyətdə idi. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan bu başıpozuq dəstə bütün dövlətlərlə, xüsusilə qonşularla münasibətləri korlamış, hətta bəzi ölkələrə qarşı əsassız iddialar irəli sürməklə Azərbaycanı təcrid vəziyyətinə gətirib çıxarmışdı. Bir sözlə, AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı, Azərbaycanın dünyadan təcrid olunması ilə nəticələnmişdi.
Vəziyyətin daha da ağırlaşacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan AXC-Müsavat rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməyə, ulu öndər Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etməyə məcbur oldular. Ümummilli Lider onların bu təkliflərini qəbul etmir, vəziyyət isə getdikcə daha da pisləşirdi. Son nəticədə Azərbaycan xalqı ayağa qalxdı, üzünü xilaskarına tutaraq böyük dövlətçilik təcrübəsinə malik, nüfuzlu siyasi xadim olan Heydər Əliyevi təkidlə ölkəyə rəhbərlik etməyə çağırdı. Xalq özünün sınanmış rəhbərinə inanır və etimad göstərirdi. Bilirdi ki, yalnız ulu öndər Heydər Əliyev kimi böyük siyasi nüfuza və zəngin dövlətçilik təcrübəsinə malik olan dahi lider bu vəziyyətdən çıxış yolu tapa, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər. Əslində, bu, bütün xalqın qəlbinin səsi idi. Xalqımız ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi mövcud bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin gələcək taleyində dönüş anı oldu, Böyük Qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Milli Qurtuluş Günü: Çağdaş dövlətçiliyimizin təməl daşı
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı- Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi nəticəsində ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, gələcək sürətli inkişafın möhkəm təməlləri qoyuldu. Milli Məclis 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı 15 İyun tarixini Milli Qurtuluş Günü elan etdi.
Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın əbədi Liderinə möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Ümummilli Liderin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz sevgisi.
Zəngin dövlətçilik təcrübəsinə malik olan Ümummilli Lider “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” söyləyərək uğurlu xilaskarlıq missiyası nəticəsində Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən xilas etdi. Milli Qurtuluş yeni, yüksək intibaha açılan qapı kimi tariximizi şərəfləndirdi. Ümummilli Liderin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik bacarığı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Ulu Öndər sonralar müstəqilliyimizin ilk illərini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.”
Düşünülmüş və məqsədyönlü siyasəti ilə 1993-cü ilin iyun ayından ölkədəki vəziyyəti müsbət istiqamətdə inkişaf etdirməyə nail olan ümummilli lider Heydər Əliyevin həmin il oktyabrın 3-də Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyini gözləyən faciələrin qarşısı alındı. Ulu Öndər qarşıdakı dövrün hədəflərini belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur.”
Ulu öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi mühüm amil kimi qeyd etmişdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.”
Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. Bu reallıq daim vurğulanır ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə bütün dövrlərdə dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi tərəddüdlərə səbəb olmuşdu. Ölkəmizlə iqtisadi əlaqələr qurmaq istəyən dövlətlər yatıracaqları investisiyaların təhlükəsizliyinə əmin deyildilər. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bu tərəddüdləri də aradan qaldırdı. Ölkəmizdə ictimai-siyasi sabitliyin daimiliyini təmin edən Ulu Öndər “Açıq qapı” siyasəti həyata keçirərək ölkəmizə xoş niyyətlə ayaq basan bütün xarici iş adamlarına qapıları açdı və onlarda ölkəmizə yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əminlik yaratdı. Ümummilli Liderin gərgin səyləri nəticəsində 12 may 1994-cü ildə Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlu addımlara yol açdı. Məhz həmin ilin 20 sentyabrında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla da Azərbaycanın uzunmüddətli iqtisadi inkişafının və dünya iqtisadiyyatına inteqrasiyasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını bu gün Azərbaycan bütün sahələrdə hiss edir. Bu baxımdan ki, neft gəlirlərinin idarə edilməsində şəffaflıq kriteriyalarını qorumaq məqsədilə 1999-cu ildə Ümummilli Liderin Fərmanı ilə yaradılan Dövlət Neft Fondu ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin icrasını təmin edir. Ulu Öndərin hakimiyyətə gəldiyi ilk gündən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yüksək rifahının təmin edilməsi prioritet məsələ idi. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Bu müdrik proqnozun bu gün real həyatda öz təsdiqini tapmasına əmin olmaq üçün “Əsrin müqaviləsi”ndən sonra imzalanan neft və qaz sazişlərinə, onların reallığa çevrilməsində Azərbaycanın lider roluna diqqət yetirmək kifayətdir. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur, həyata keçirilən siyasətin əsasını təşkil edir.
Artıq 1993-cü ilin iyunundan bizləri 29 illik zaman ayırır. Bu illər yalnız tarixi qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, eyni zamanda, Azərbaycanın gələcək inkişafının etibarlı bünövrəsinin təməlinin qoyulması kimi çağdaş tariximizə həkk olundu. Ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Bütün bunlar, eyni zamanda, Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürdü. İctimai asayiş bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edilərək münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə hissi yaradıldı. Neft müqavilələrinin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk demokratik parlament seçkiləri keçirildi və referendum yolu ilə Milli Konstitusiyamız qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bütün bu sadalananlar 1993-2003-cü illərdə görülən işlərin qısa xronologiyasıdır. Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar sırasında Azərbaycanın demokratik təsisatlarının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə söz, mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlərin görülməsi bir daha təsdiqlədi ki, Azərbaycanda demokratiya prinsiplərinə sadiqlik quru söz deyil, əməli fəaliyyətdir. Milli Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr tam aydınlığı ilə müəyyənləşdirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv Fərman və sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Ulu öndər Heydər Əliyevin Fərmanı əsasında senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər böyükdür ki, şübhəsiz, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusudur. Onun xidmətlərini özündə əks etdirən və gələcək nəsillər üçün zəngin mənbə olacaq xeyli sayda kitablar çap olunub. İllər keçdikcə dahi şəxsiyyətin xidmətlərinin böyüklüyünü təsdiqləyən daha yeni məqamlar üzə çıxır və onlar diqqətlə araşdırılır.
Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, yüksək insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın qürur ünvanına çevrilən Azərbaycanın bütün uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ideal Lider obrazını yaratdı. Onun dövləti, xalqı üçün gördüyü işlərin fonunda bir daha təsdiqləndi ki, hər bir ölkənin tərəqqisi, inkişafı Lider amili ilə sıx bağlıdır. Dövlətinin, xalqının gələcəyini düşünən, daim irəli aparmaq üçün fədakarlıq göstərən Liderə xalqın sevgisi sonsuz olur.
Ulu Öndərin yaratdığı partiyanın üzvü olmaq böyük xoşbəxtlikdir
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri sırasında bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən, sözlə əməl birliyi, monolitliyi sayəsində milyonların sevgisini qazanan, hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiyanın zamanın tələbi, xalqın istəyi ilə təsis olunması o illərin reallıqlarının aydın mənzərəsini yaradır. 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti tarixə mühüm hadisə kimi yazıldı. Ümummilli Lider “Yeni Azərbaycan uğrunda” cavabı ilə xalqla bir olduğunu növbəti dəfə nümayiş etdirdi, Azərbaycanın düşdüyü vəziyyətdən xilasında belə bir partiyanın böyük rol oynacağına əminliyini ifadə etdi. Məhz bu əminlik, Yeni Azərbaycan Partiyasına dünənin, bugünün və gələcəyin partiyası kimi göstərilən böyük etimad bugünkü reallıqlarımıza yol açdı. Tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək Yeni Azərbaycan Partiyasının ötən ilin martında keçirilən VII qurultayında dövlət başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin söylədiyi “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi” və bunun davamı olaraq “Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular” fikirləri həmin illərin ümumi mənzərəsini, YAP-ın yaradılmasını zəruri edən səbəbləri açıqlamaqla yanaşı, bugünkü inkişafımızda partiyanın rolunun da təqdimatı oldu. Ölkə Prezidenti bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Bu il YAP yaradılmasının 30 illiyini qeyd edəcək. 30 il zaman baxımından o qədər böyük olmasa da uğurlarla zəngin, yeni-yeni hədəflərə çağırışlar və onlara yüksək səviyyədə nail olunduğu dövrdür. Uğurlu başlanğıc, düzgün müəyyənləşdirilən strategiya, hədəf gələcəyə böyük təminatdır. Bu gün Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərimizin reallıqlarının qarşıya qoyduğu yeni vəzifələrin uğurlu icrası istiqamətində daha səylə çalışır, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməkdən qürur hissi keçirir. Partiyanın 800 minə yaxın üzvünün hər biri Heydər Əliyev idyalarının təbliğatçısıdır. Ümummilli Liderin yaratdığı, qətiyyətli Prezidentin, qalib Ali Baş Komandanın rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük xoşbəxtlik və məsuliyyətdir. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
1993-cü ildən inkişaf yoluna çıxan Azərbaycanın uğurlarında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin, həmrəyliyinin böyük rolu vardır. Ulu öndər Heydər Əliyev ilk gündən bu tezisi irəli sürdü: “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı- Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.” Sevindirici faktdır ki, Azərbaycan xalqı zəngin dövlətçilik ənənələrinə malik olan xalq kimi daim dünyanın diqqətindədir. Xalqımızın qədim tarixinə, millii-mənəvi dəyərlərinə, ədəbiyyatına, musiqisinə bağlılğı atdığı hər addımda özünü qabarıq şəkldə büruzə verir. Bu bağlılıq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə də öz sözünü dedi.
Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı bu gün bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib. 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bütün soydaşlarımızın vahid ideya ətrafında birliyini təmin etdi və bu il Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının keçirilməsinə yol açdı. Dünya azərbaycanlılarını bir araya gətirən Şuşadan bütün dünyaya birliyimizi, həmrəyliyimizi nümayiş etdirdik. Bu gün hər bir azərbaycanlı möhtəşəm Zəfərimizin sevincini yaşayır, qalib Azərbaycanla qürur duyur.
Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı zirvələrə ucaldır
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrlərdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət bu gün həm Azərbaycanın inkişafı və yüksəlişində, həm milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yerini tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi nəticəsidir. Azərbaycan bu illər ərzində daha da gücləndi, qüdrətləndi, dünya birliyinin fəal üzvü kimi sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi. Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.
Hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi tərəqqi son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edib. 2003-cü ildən başlanan dövr iqtisadiyyatın şaxələndirilməsi yönümündə mühüm addımların atılması və uğurların əldə edilməsi mərhələsi kimi də xarakterizə olunur. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar davamlılğı ilə diqqətdədir. “Yeni əsrin müqaviləsi”nin imzalanması bu dövrün əsas iqtisadi uğurları sırasındadır. Sonra Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə həyata keçirilməsini qeyd edə bilərik. Bu günlərdə ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorunda qazandığı uğurların və hədəflərin təqdimatı oldu. Qürurvericidir ki, Azərbaycan Enerji Həftəsinin yekununu mədəniyyət paytaxtımız Şuşada qeyd etdi. Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirən Şuşa bu mühüm addımla, eyni zamanda, iqtisadi mərkəzə çevrildiyini bəyan etdi. Qarabağın tacı azadlığa qovuşmasından bugünədək beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi, mühüm və tarixi sənədlərin imzalanmasına şahidliyi ilə diqqətdədir. Ötən il Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyənin müttəfiqliyinin sənəddə təsdiqi olan Şuşa Bəyannaməsi imzalandı. Bu məkandan bir daha dünyaya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığı bəyan edildi.
Milli Qurtuluşdan tarixi Qələbəyə doğru…
Ulu öndər Heydər Əliyev ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük uzaqgörənlik və əminliklə bildirmişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini, arzusunu reallığa çevirdi.
Bu gün Azərbaycanın bütün sahələrdə uğurlarının təqdimatı olan tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Azərbaycan postmünaqişə dövrünün gündəliyini formalaşdırmaqla söz sahibliyini, qalib ölkə olaraq diktə edən tərəf kimi möhkəmlənən mövqeyini bütün dünyaya qətiyyətlə nümayiş etdirir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Milli Qurtuluşla başlanan Heydər Əliyev siyasətinin müstəqil Azərbaycanı regionun liderinə çevirməsi, dünyada söz sahibliyi bu gün beynəlxalq səviyyədə etiraf edilən əsas reallığımızdır. Ulu öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində yer alan çağırışlar, inam və etimad real həyatda öz təsdiqini tapıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən qalib ölkənin qalib Lideri İlham Əliyevə milyonların sevgisi şəksizdir. Bütün çıxışlarında, öz döğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla görüşlərində Qarabağ münaqişəsinin həllini tapacağını, məcburi köçkünlər üçün yaradılan şəraitin müvəqqəti olduğunu, onların tezliklə öz torpaqlarına qayıdacaqlarını böyük əminliklə söyləyən Müzəffər Ali Baş Komandan o günün gələcəyinə inanırdı. Çünki hədəf ərazi bütövlüyümüzün bərpası, işğala son qoymaq, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləmək idi. Nəhayət, 2020-ci ilin 10 noyabrında həmin an yetişdi. Həmin gün 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan sənəd- üçtərəfli Bəyanat imzalandı.
Qarabağ münaqişəsinin tarixə qovuşması, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın bugününə və gələcəyinə nəzər salmaq sevincini bizlərə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
Heydər Əliyev Fondunun uğurlarımızda rolu böyükdür
2004-cü ildə Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun ötən illər ərzində fəaliyyətinin xronologiyasına diqqət yetirsək bu qurumun bütün sahələrin inkişafına dəstəyini görərik. Fondun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti beynəlxalq səviyyədə də təqdir edilir. Buna əmin olmaq üçün təkcə 44 günlük Vətən müharibəsindən bugünədək Heydər Əliyev Fondunun gördüyü işlərə, həyata keçirdiyi layihələrə diqqət yetirmək kifayətdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vətən müharibəsi dövründə bütün çağırışlarında bu fikirlər ifadə olunurdu: “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”
Bu gün hər bir azərbaycanlı bu xoşbəxt anın yaşanmasından qürurludur. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2020-ci ilin 16 noyabrından işğaldan azad edilmiş ərazilərimizə başlayan səfərləri Böyük Qayıdışı hər an yaxınlaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu torpaqlarımızda tarixi və dini abidələrimizin bərpası, yenidən qurulması həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri keçirilərək bu ənənələr bərpa edilib.
Bu sıralamanı xeyli sayda davam etdirə bilərik. Heydər Əliyev Fondu müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycanı inkişafa, tərəqqiyə, möhtəşəm uğurlara aparan ideyalarının həyata keçirilməsi, təbliği istiqamətində fəal iştirak edir, uğurlu layihələri ilə diqqətdədir.
Milli Qurtuluşdan başlanan yolun ümumi mənzərəsinin təqdimatı illər öncə ulu öndər Heydər Əliyevin bir hədəf kimi qarşıya qoyduğu “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” tezisinin reallıqda əksini tapması, ölkəmizin tarixi Zəfəri ilə bu Günəşin işığını daha da artırmasıdır. Qurtuluşdan Zəfərə doğru addımlayan, qalib ölkə olduğunu dünyaya bəyan edən müasir müstəqil Azərbaycan, Milli Qurtuluş Günün mübarək!
Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru