Şavkat Mirziyoyev: Özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir
Özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir.
1news.az xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Ş.Mirziyoyev deyib:
“Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verirlər. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir. Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi.
İki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bizim günlərdə də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb. Rəmzi haldır ki, budəfəki səfər Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Bu gün bizim əziz qonağımız hörmətli Prezidentlə birlikdə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçəni və orada qoyulmuş abidəni açmaq məndən ötrü böyük şərəf oldu. Bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir.
Hörmətli jurnalistlər, məhdud tərkibdə və geniş formatda görüşlərdə biz ikitərəfli münasibətlərimizə aid məsələləri ətraflı müzakirə etdik. Sizə demək istəyirəm ki, biz bütün istiqamətlər üzrə çox səmimi, etimada əsaslanmaqla, çox diqqətlə, obrazlı desək əlimizə qələm götürərək münasibətlərimizi bundan sonra necə irəlilətməli olduğumuzu dedik ki, bu münasibətlər həqiqətən strateji səviyyəyə çatsın və İlham Heydər oğlunun Özbəkistana bugünkü tarixi səfərindən real nəticə əldə edilsin. Fikrimcə, geniş tərkibdə görüşdə də bizim nümayəndə heyətlərinin hər bir üzvünə nə istədiyimiz, necə işləyəcəyimiz barədə ətraflı məlumat verildi və biz razılığa gəldik ki, iki prezident hər ay işlərin gedişini yoxlayacaq. Ona görə ki, bizim hökumətlərarası komissiyaların sədrləri, həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar. Biz hətta razılığa gəldik ki, başlanğıc mərhələdə həmsədrlər ayda bir dəfə görüşəcək, real nəticə olması üçün vəziyyəti yoxlayacaqlar. Biz bunu nə üçün edirik? Ona görə ki, biz həqiqətən münasibətlərimizi tamamilə yeni səviyyəyə qaldırırıq. Bunu nə üçün edirik? İstəyirik ki, real nəticə olsun, iki ölkənin xalqları bunu hiss etsin.”