Səfir: İspaniya Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır - MÜSAHİBƏ
Ənənəvi “Diplomat söhbət” rubrikamızın bugünkü qonağı Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov olub, suallarımızı mehribanlıqla cavablandırıb.
1news.az həmin müsahibəni oxuculara təqdim edir.
- Azərbaycanla İspaniya arasında münasibətlərin durumunu necə dəyərləndirə bilərsiniz? İspaniyanın Azərbaycan üçün və Azərbaycanın İspaniya üçün önəmi haqqında nə düşünürsünüz?
- Azərbaycan Respublikası və İspaniya Krallığı arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, bir çox sahəni əhatə edən əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və İspaniya bir-birilərini özünün strateji tərəfdaşı kimi görür və hər iki ölkə həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etməsində maraqlıdır.
Bu mənada qeyd etmək istərdim ki, 2022-ci il xüsusi tarixə - iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. Cari ildə dost İspaniya ilə yüksək səviyyədə olan əlaqələrimizin daha da dərinləşəcəyinə - növbəti səviyyəyə qaldırılacağına əminliyimi ifadə etmək istərdim.
- Azərbaycan-İspaniya münasibətlərinin gündəliyində hansı aktual mövzular mövcuddur?
- Azərbaycan və İspaniya arasında münasibətlərin gündəliyində ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi, İspaniyanın Azərbaycanda Səfirliyinin təsis edilməsi, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, ölkələrimiz arasında iqtisadi, turizm, enerji, mədəniyyət, elm, təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri yer alır.
- Azərbaycan, Avropa Birliyi ölkələrini işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərində iştiraka, sərmayə yatırmağa dəvət etmişdir. İspaniya bu istiqamətdə hansısa addımları planlaşdırırmı?
- İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində iştirak etməyə İspaniya tərəfindən maraq böyükdür. Bu mənada, keçirilmiş çoxsaylı görüşlərdə müqabil tərəf azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak etməyə hazır olduqlarını bildirmişlər. İspaniyanın regionlarına səfərlərimiz zaman burada da ölkəmizlə əməkdaşlığa böyük maraq göstərilmiş, müxtəlif sahələr üzrə, o cümlədən energetika, arxitektura, kənd təsərrüfatı sektorunda ixtisaslaşmış şirkətlərin ölkəmizə səfəri təşkil edilmiş, səfərin nəticəsi kimi sözügedən şirkətlər tərəfindən konkret təkliflər əsasında müvafiq layihələr hazırlanmaqdadır.
Təsadüfi deyil ki, İspaniyanın energetika və arxitektura sahəsində ixtisaslaşmış şirkətləri, habelə Andalusiya regionunun kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir qrup şirkəti ölkəmizdə səfərdə olmuş, sözügedən şirkətlərlə müvafiq sahələrdə əməkdaşlıq edilməsi barədə razılığa gəlinmişdir.
İspaniya tərəfinin məsələyə əhəmiyyətli dərəcədə maraq göstərdiyini nəzərə alaraq, cari ilin ikinci yarısında İspaniyanın aidiyyəti dövlət qurumları, ticarət palataları və iri şirkətlərinin nümayəndələrinin iştirakı ilə ölkəmizdə biznes forumun keçirilməsi planlaşdırılır. Sözügedən biznes forumun keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın qarşılıqlı maraq kəsb edən sahələrinin müəyyənləşdirilməsi və buna uyğun olaraq konkret addımların atılması baxımından əhəmiyyətli olacaqdır.
Bununla yanaşı, iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədilə ölkəmizin aidiyyəti dövlət qurumları, iqtisadi zonaların və iri şirkətlərinin nümayəndələrinin cari il ərzində İspaniyaya səfər etməsi nəzərdə tutulur.
- Təhsil, mədəniyyət, humanitar səhələrdə əməkdaşlığımızda hansı yeniliklər gözlənilir?
- İlk növbədə qeyd etmək istərdim ki, ölkəmizlə İspaniya arasında mədəniyyət, elm, təhsil, humanitar sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial və qarşılıqlı maraq mövcuddur. Bununla əlaqədar olaraq, İspaniyanın Mədəniyyət Nazirliyi, habelə adıçəkilən ölkənin regionlarının sözügedən sahəyə məsul qurumları, eləcə də tanınmış muzeyləri və digər mədəniyyət ocaqları ilə müvafiq sahə üzrə əməkdaşlıq əlaqələrinin inkişafı baxımından sıx təmaslar yaradılmışdır.
Eyni zamanda bildirmək istərdim ki, iki ölkə arasında istinad etdiyiniz sahələr üzrə əməkdaşlığı özündə ehtiva edən, 28 noyabr 2012-ci ildə Madrid şəhərində imzalanmış “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında Saziş” 19 aprel 2013-cü il tarixində qüvvəyə minmişdir.
Sözügedən sənəd çərçivəsində və 2022-ci ilin İspaniya ilə ölkəmiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etdiyini nəzərə alaraq, cari ilin ikinci yarısı ərzində Bakı və Madrid şəhərlərində müvafiq olaraq, İspaniya və Azərbaycan mədəniyyəti günlərinin planlaşdırılır. Bununla yanaşı, İspaniyanın Kral Xalça Müəssisəsi ilə “Azərxalça” MMC arasında uğurlu əməkdaşlıq əlaqələri qurulmuş, sözügedən müəssisələrin təşkilatçılığı ilə ölkəmizdə və İspaniyada müvafiq olaraq İspaniya və Azərbaycan xalçalarının sərgilərinin, müxtəlif konfransların təşkili, iki ölkənin xalça toxuculuğu ənənələrinin təbliği məqsədilə toxucuların mübadiləsi, habelə qeyd olunan sahə üzrə ekspertlərin iştirakı ilə seminarların keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, ADA Universiteti ilə İspaniya Krallığının Diplomatik məktəbi arasında əməkdaşlığı nəzərdə tutan sənədin mətni tərəflər arasında razılaşdırılmış və sözügedən sənədin cari il ərzində imzalanması nəzərdə tutulmuşdur.
Eyni zamanda qeyd etmək istərdim ki, dünyanın və Avropanın qabaqcıl universitetlərindən biri olan “IE University” təhsil müəssisəsi ilə ADA Universiteti arasında əməkdaşlıq əlaqələri qurulmuşdur.
Ölkəmizin Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılmış, yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan vermək üçün gənc sahibkarlar ətrafında davamlı ekosistem yaradılması sahəsində fəaliyyət göstərən “Sabah Lab” İnkubasiya Mərkəzi ilə “IE University” təhsil müəssisəsinin Biznes Məktəbi arasında əməkdaşlıq uğurla davam etməkdədir.
- Yaxın zamanda İspaniyadan Azərbaycana, yaxud əks istiqamətdə yüksək səviyyəli səfərlər planlaşdırılırmı və hər hansı sənədlərin imzalanması gözlənilirmi?
- Daha öncə də qeyd etdiyim kimi 2022-ci il İspaniya ilə ölkəmiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. Bu mənada, yaranmış tarixi imkandan faydalanaraq cari il ərzində İspaniya və Azərbaycan arasında ali və yüksək səviyyədə səfərlərin həyata keçirilməsi istiqamətində iş aparılmaqdadır. Eyni zamanda, hazırda bir sıra beynəlxalq sənəd layihələri üzrə İspaniya tərəfi ilə danışıqlar aparılır və mətnləri razılaşdırılan sənədlərin sözügedən səfərlər çərçivəsində imzalanması nəzərdə tutulur.
Müəllif: Yalçın Əliyev