“Ən gözəl iştirakçı” - İlk idman ustasının faciəli həyatı | 1news.az | Xəbərlər
İdman

“Ən gözəl iştirakçı” - İlk idman ustasının faciəli həyatı

10:56 - 12 / 07 / 2022
“Ən gözəl iştirakçı” - İlk idman ustasının faciəli həyatı

Mən Zülfiyyə Hüseynova – cüdoda 1996 və 2000-ci illər Olimpiya oyunlarının iştirakçısı və 1995-ci ildə Hərbçilərin Dünya Oyunlarının qalibi, samboda 5 dəfə dünya çempionu - sizə 31 il bundan əvvələ təsadüf edən hadisəni danışacağam...

Azərbaycanda cüdonun tarixi ilə bağlı yazılarda bu növdə qadınlar arasında ilk idman ustasının Arzu Atayeva olduğu bildirilir. Amma təəssüf ki, internetdə haqqında başqa məlumata rast gəlmək mümkün deyil.

SSRİ-nin son illərində respublikamızı müxtəlif ümumittifaq turnirlərində onunla birlikdə təmsil etmişik. Yadımda texnikalı və həddindən artıq cəld idmançı kimi qalıb. Hərdən ona “pişik” deyirdik, pişik kimi güləşirdi. Cüdoda ən sevimli fəndi diz üstündə oturub bel üzərindən tullama (drop seoi nage) idi.

Düzdür, o, “Dinamo”nun, mənsə həmkarlar ittifaqları idman cəmiyyətinin (KBTİC) üzvü olmuşuq, məşqçilərimiz də ayrı-ayrı mütəxəssislər idi. Amma məşq toplanışlarında, yarışlarda görüşürdük.

O dövrdə cüdoçular və samboçular bəzən eyni zalda məşq edirdi. Bu növlərdə qızlar az idi, ona görə həm cüdo, həm də samboda güləşə bilirdik. Həmçinin turnirlər müxtəlif vaxtlarda keçirildiyindən, hər ikisinə çatdırmaq olurdu.

İ. Əsədova adlı müəllif 1990-cı ildə “İdman” qəzetində belə yazmışdı: “Əgər siz 21 yaşlı mehriban və şən Arzu Atayevaya idman salonundan kənarda rast gəlsəniz, onun idmançı olduğunu deməzsiniz. Halbuki Arzu təcrübəli güləşçidir. O, idman yoluna “Dinamo” cəmiyyətində cüdoçu kimi başlamış, yeddi dəfə respublika çempionu olmuş, dəfələrlə ümumittifaq yarışlarında mükafata layiq yerlər tutmuşdur. 1987-ci ildə Arzu SSRİ çempionatında fərqlənmiş, ikinci yerə çıxmış və idmanın bu növündə usta normasını yerinə yetirən respublikada ilk qadın atlet olmuşdur”.

Söhbət gənclərin SSRİ birinciliyindən gedirdi.

Sonra özünü samboda da sınadı. 1989-cu ildən çıxış etdiyi ümumittifaq yarışlarının - həmkarlar ittifaqlarının çempionatı, Xarlampiyevin xatirə turniri və s. qalib və mükafatçısı oldu.

Ən böyük uğuruna 1990-cı ildə Kiyevdə təşkil edilən SSRİ çempionatında imza atdı: yeddi qələbə ilə finala çıxdı, həlledici görüşdə isə xal hesabı ilə uduzaraq gümüş medal qazandı.

1989 və 1990-cı illərin yekunlarına əsasən, keçirilən sorğularda Azərbaycanın ən yaxşı idmançıları siyahısına da düşə bilmişdi.

Gülərüz, səmimi qız kimi yadımda qalıb. Simaca şox gözəl idi - ağappaq, sarışın, xaricilərə oxşayırdı.

Sovet dövründə qadınların yarışında “Ən gözəl iştirakçı”nı da seçirdilər. Bir neçə dəfə ümumittifaq turnirlərində (məsələn, Bryansk, Krasnokamsk və s. keçirilən yarışlarda) bu nominasiyada qalib də olmuşdu.

İdmandankənar bacarığı da vardı, tikiş kursunu bitirmiş, üçüncü dərəcəli dərzi diplomu almışdı, gözəl paltarlar tikirdi.

Anası Rəfiqə xanım 1990-cı ildə mətbuata qızı haqqında belə demişdi: “Arzu ailəmizdə yaşca hamıdan kiçik olsa da, evdə mənim əsas köməkçimdir. Xarakteri isə möhkəmdir. Bizim kişilər Arzunun cüdo ilə məşğul olması ilə əvvəlcə heç cür razılaşmaq istəmirdilər. Lakin o, təkid edərək öz sözünün üstündə durdu. İndi kişilər onun əsas azarkeşləridir. Arzu toplanışlara, yarışlara gedəndə mən həmişə həyəcan keçirirəm. Lakin o, evə qələbə ilə qayıtdıqda, sevincdən hər şeyi unuduram”.

1991 Sovet İttifaqının tarixində sonuncu il oldu. Buna baxmayaraq, SSRİ Xalqlarının X Spartakiadası keçirildi.

Qadın sambosu da ilk dəfə spartakiadanın proqramında yer almışdı. Yarış iyunda Minskdə təşkil edildi.

O, turnirin ilk günündə güləşdi, mənsə ertəsi gün.

Ən yüngül çəkidə (44 kq.) üçüncü yerə çıxdı, mətbuat onda belə yazmışdı: “Atayevanın bürünc medalı Azərbaycanın samboçu qızlarının ilk mükafatı oldu. Hərçənd etiraf etmək lazımdır ki, üçüncü yer Arzunun özü üçün o qədər də yüksək nailiyyət deyil”.

İştirakını başa vurduqdan sonra israr etdi, təyyarə biletini versinlər Bakıya qayıdacaq. Məşqçi də bildirdi, biletlər eyni vaxta alınıb, hamı birlikdə getməlidir. Ayağını dirədi ki, yox, yarışı yekunlaşıb, qalmaq istəmir. Hələ mən də onu fikrindən döndərməyə çalışdım: “Ay Arzu, mən sabah güləşəcəyəm, bəs baxmayacaqsan?” Yox ki, yox! Gedəcəyini söylədi, elə bil, əcəl aparırdı yazıq qızı. Məşqçi biletini verib dedi, özü gedib tarixini dəyişdirər. Beləcə uçuş vaxtını dəyişib getdi Bakıya. Mehmanxananın telefon nömrəsini götürmüşdü, axşam zəng vurdu. O vaxt zəngləri kommutator birləşdirirdi, bizdə Yana adında qız vardı, o götürmüşdü dəstəyi - onunla bir otaqda qalırdım, soruşdu ki, bəs Zulya neynəyib, o da çempionluğu qazandığımı bildirdi. Mən də danışdım, təbrik etdi məni.

Axırıncı yarışımız, danışığımız o oldu.

Allah günahlarını bağışlasın, yerini cənnətlə müjdələsin...

Biz artıq qayıtmışdıq. Gələndən iki-üç gün sonra məşqə getdik. Bir qadın gəldi - anası idi, soruşdu ki, bəs Arzu gəlməyib? Mən bilən, istədiyi oğlan da vardı, qorxduq, yəqin, onu qaçırıb anasına deməyiblər. Biz də xəbərimizin olmadığını dedik, o da təəccübləndi ki, necə yəni bilmirik, Azərbaycana hamı birlikdə dönməlidi axı. Həmin vaxt məşqçimiz də gəlib çıxdı, Arzunun tərslik edib bizdən əvvəl qayıtdığını bildirdi. O da dedi, bəs nə vaxt, yoxdur axı. Anası elə həmin gün milisə müraciət etdi, bir neçə gündən sonra da xəbər gəldi, morqdan tapılıb. Anası əlamətlərindən tanımışdı ki, odur.

Hamımız çox pis olduq.

Həm cavan, həm də yaxşı idmançı idi.

Qəşəng, xoşagəlimli, həyat eşqi ilə coşub-daşan qız...

Amma sən saydığını say...

Allah rəhmət etsin, başsağlığı verdik - “Gənclik” tərəfdə yaşayırdılar. Ondan sonra ailəsi ilə əlaqəmiz itdi. O dövrdə mobil telefon da yox idi ki, rahat əlaqə saxlayaq.

Dedilər, Bakı Dövlət Sirki tərəfdə trolleybus vurub. Hərə bir versiya söyləyirdi. Gah dedilər, xeyr, maşın vurub atıb, trolleybus saxlaya bilməyib başının üstündən keçib. Belə versiyalar çox idi. Hansının doğru-düzgün olduğunu bilmədik.

Qəza-qədər Allahdandır, hər kəsə bir tale yazıb.

Allah xeyirlisindən yazsın.

1991-ci il iyulun 10-da, nəhayət, mətbuatda da Arzu Tofiq qızı Atayevanın faciəli surətdə həlak olması ilə bağlı başsağlığı məlumatı dərc edildi.

Azərbaycanın müstəqilliyini görmək ona qismət olmadı.

Yaşasa idi, daha böyük nailiyyətlərə imza atardı.

1992-ci ildən biz beynəlxalq turnirlərdə, o cümlədən olimpiadalarda mübarizə aparmağa, Azərbaycanı təmsil etməyə başladıq. Cüdoda olimpiya çempionlarımız, dünya çempionumuz oldu - düzdür, hələ ki, kişilər arasında. Amma gələcəkdə qadın cüdoçularımızın da mötəbər yarışlarda qızıl medallar qazanacaqlarına, himnimizi səsləndirəcəklərinə inanıram.

Yeri gəlmişkən, çoxsaylı sualları ilə o illəri yenidən xatırlatdığına, xatirələrimi qələmə aldığına və onları arxiv materialları ilə zənginləşdirdiyinə, ümumiyyətlə, yazının mövzusuna görə məqalənin müəllifinə də minnətdarlığımı bildirirəm.

Rasim Mövsümzadə

araşdırmaçı-yazar

Paylaş:
600

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər