Deputat: “Məmurlar qanunun aliliyini əsas tutaraq vətəndaşların rahatlığını təmin etməlidir”
Ötən gün İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edib
Dövlət başçısı qəbulda bir çox önəmli məsələyə toxundu və konkret tapşırıqlar, hədəflər müəyyənləşdirdi.
Dövlət başçının toxunduğu mövzularla bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan müstəqillik dönəmində çox böyük yol qət edib.
“Biz regionların iqtisadi sosial inkişafına nail olmaq üçün xüsusi dövlət proqramları həyata keçirmişik, bu gün də bu proqramlar həyata keçirilməkdədir. Daxili bazarın təmin edilməsi üçün xüsusi fabrik və zavodlar tikilib, kənd təsərrüfatına külli miqdarda vəsaitlər xərclənib. Bu gün də kənd yerlərində vətəndaşların yaşamaları, işləmələri, kənd məhsulları istehsal etmələri üçün dövlət tərəfindən xüsusi subsidiyalar və həvəsləndirici vəsaitlər ayrılır”.
“Bütün bunlarla yanaşıbiz bəzən çox təəssüflər olsun ki, məmur özbaşınalığının da şahidi olmuşuq” – N.Həmzəyev əlavə edib:
“Məhz məmurların bu proseslərə can yandırmaması nəticəsində də dövlətə və və kənd təsərrüfatına çox böyük ziyanların dəydiyinin şahidi olmuşuq. Çox vaxt hansısa qanunsuz əməlləri ilə məşhurlaşan məmurlar da cəmiyyətə məlumdur və bu səbəbdən də bir çox məmurlar həbs həyatı yaşayırlar. Cənab Prezidentin də qeyd etdiyi kimi qanundan ali heçnə yoxdur, heç kim yoxdur. Hər bir dövlət məmuru çalışmalıdır ki, yerlərdə dövlət siyasətini uğurla həyata keçirsin, vətəndaşlara, sahibkarlara dəstək olsun. Sahibkarların daha yaxşı işləməsi, yeni iş yerlərinin açılması, kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün məmurlar münbit şərait yaratmalıdır”.
Deputat deyib ki, müstəqiliyyin ilk illərindən başlayaraq yerlərdə bəzən məmurların iştirakı ilə kənd təsərrüfatına yararlı ərazilər zəbt edilib, müxtəlif yollarla özəlləşdirilərək sahibkarların və yaxud hansısa məmurların nəzarətinə keçib.
“Bu gün həmin ərazilər istifadə edilmir, hansısa sahibkarların bu ərazilərdən istifadə etməsinə şərait yaradılmır. Bu baxımdan da mən düşünürəm ki, cənab Prezident haqlı olaraq bu məsələyə toxundu və məmurların, xüsusilə də yerli icra hakimiyyətlərinin bu məsələləri araşdırması, qanunsuz zəbt edilmiş və istifadə edilməyən ərazilər də təkrar kəndliyə və yaxud aidiyyəti qurumlara qaytarılması təmin edilməlidir. Həmin ərazilər əkilməlidir və bacardığımız qədər çalışmalıyıq ki, daxili bazarı özümüz təmin edək, daha sonra isə xaricə bu cür məhsulların satışı təşkil olunsun.
“Prezidentin yeni icra başçılarını qəbul edərkən toxunduğu məsələlər cəmiyyəti narahat edən məsələlərdir” – deyə deputat əlavə edib.
“Bütün bunlarla yanaşı Prezident Xəzər dənizinin qanunsuz hasarlanması məsələsinə də toxundu. Orada qanuna zidd olaraq inşa edilmiş tikilər cəmiyyəti çox narahat edir. Bu problem də mütləq araşdırılmalıdır, bütün məmurlar qorxmadan, çəkinmədən qanunun aliliyini əsas tutaraq vətəndaşların rahatlığını təmin etməlidir. Əl-ələ verib iqtisadi böhranlar fonunda Azərbaycanın bu mərhələni araxada qoymasına çalışmalıyıq”.