İrəvanda ticarət mərkəzində güclü partlayış olub, ölən və yaralananlar var - FOTO
Ermənistanın paytaxtı İrəvanda Surmalu Ticarət Mərkəzində pirotexniki vasitələrin saxlandığı anbarda partlayış baş verib.
1news.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, baş verən partlayışda ölənlərin sayı 2-yə, yaralıların sayı isə 60-a çatıb.
Səhiyyə Nazirliyi xəstəxanalarda müalicə alan 15 nəfərin evə buraxıldığını, yaralılardan bəzilərinin səhhətinin ağır olduğunu bildirib.
Nazirlik həmçinin partlayış baş verən ərazidə İrəvandan başqa şəhərlərdən 11 müxtəlif xilasetmə dəstəsinin çalışdığını, yanğınsöndürmə işlərinin davam etdirildiyini və bölgədəki bütün mülki şəxslərin təxliyə edildiyini bildirib.
Partlayıcı maddələrin aşkar edildiyi ərazilərdə işlərə başlanılıb Nazirlik İrəvandakı digər pirotexniki vasitələrin saxlandığı anbarlar üçün də tədbir görüb.
Ticarət mərkəzinin yaxınlığındakı anbarlardakı partlayıcı maddələr təhlükəsiz ərazilərə daşınarkən, metro stansiyalarındakı yeraltı mağazalarda çoxlu partlayıcı anbarların olduğu və orada təxliyə işlərinə başlanıldığı açıqlanıb.
Ermənistan polisi təhlükəsizlik məqsədilə dövlət qurumlarında, hərbi bölgələrdə və kritik nöqtələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Partlayışın səbəbi hələlik bəlli olmasa da, Ermənistan Baş Prokurorluğu partlayışın dəqiq səbəbini müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.
Ermənistan hökuməti isə bölgədəki vəziyyətlə bağlı fövqəladə iclas keçirmək qərarına gəlib.