Cavid Osmanov: “Azərbaycanla hərhansı bir formada qarşıdurma yaratmaq Ermənistanın gücündə deyil”
“Ermənistan tərəfindən növbətui dəfə təxribatların törədilməsi onu göstərir ki, Ermənistan həm üçtərəfli razılaşmalarda əldə olunan razılıqlara, yəni üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmir və eləcə də sülh müqaviləsini imzalamaqdan belə təxribatlar törətməklə boyun qaçırır”.
Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Cavid Osmanov deyib.
“Ermənistan tərəfindən törədilən bu təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən dərhal alınıb. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlarda da bir daha göründü ki, Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıq öz mövqelərində dayanıblar, ölkəmizin ərazi bütövlüyünə qarşı hərhansı bir təxribat törədildiyi halda qarşısını dərhal və qətiyyətlə almaq iqtidarındadırlar. Ermənistan çox yaxşı bilir ki, Azərbaycanla hərhansı bir formada qarşıdurma yaratmaq Ermənistanın gücündə deyil, bütün müstəvilərdə Azərbaycan Ermənistandan dəfələrlə güclüdür. 44 günlük Vətən Müharibəsi bunun bariz nümunəsidir. Avqust ayının 3-də Ermənistanın təxribatlarına qarşı “Qisas” əməliyyatının keçirilməsi bunun növbəti təzahürüdür.
Deputat deyib ki, Ermənistan belə təxribatlar törətməkdə başqa məqsədlər güdür.
“Birincisi, qeyd etdiyim kimi Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. İkincisi, Ermənistan hələ də Azərbaycana qarşı mina terroru həyata keçirir. Ermənistan bunu ona görə rahatlıqla edir ki, bu günə kimi cəzasız qalıb, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana bununla bağlı təsir edilməyib, hərhansı bir sanksiyalar tətbiq edilməyib, ona görə də belə təxribatları davam etdirir. Digər bir tərəfdən isə Ermənistanın belə təxribartlar törətmək və dezinformasiyalar yaymaqda məqqədi ilk növbədə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqdır. Onların dərhal BMT Təhlükəsizlik Şurasına və eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müraciət etməsi onu göstərir ki, onlar həmin təşkilatları da 44 günlük Vətən Müharibəsində olduğu kimi yenə də təxribata çəksinlər. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya, Fransa prezidentləri və ABŞ Dövlət Departamentinin rəhbəri ilə telefon danışıqları etməsi onun cılızlığının göstəricisidir. Onlar bu yolla da artıq dəfn olunmuş ATƏT-in Minsk Qrupuna süni nəfəs vermək vermək kimi qiymətləndirilməlidir. Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzü bu gündən sonra da ayıq-sayıq və qətiyyətlə qoruyacaq və istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq”.