Pelosinin süni göz yaşları, sülh danışıqlarına vurulan zərbə - Deputatdan şərh
“Sentyabrın 18-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş açıqlamalar və söylənilmiş fikirlər qəbuledilməzdir”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Onun səsləndirdiyi fikirlər ədalətli yanaşma deyil. Təəssüflər olsun ki, Pelosi regionda baş verən həqiqətləri dərk etmək istəmir. Onun bu addımı çox çətinliklə sülhə gedən yolda proseslərə vurulan ağır bir zərbə olaraq dəyərləndirilməlidir. Pelosinin əslində 12 sentyabr tarixində şərti Azərbaycan-Ermənistan sərhədlərində Ermənistanın törətdiyi təxribatı erməni mövqeyi baxımından şərh etmiş və onların mövqeyindən çıxış edərək həqiqətləri gizlətmişdir. Əslində isə, təxribat törədən və Azərbaycanın hərbçilərinin şəhid olmasına səbəb olan Ermənistan quldurlarının cəzalandırılması və onlara qarşı təzyiqlərin edilməsi lazım idi”.
“Əslində bu səfərin və Pelosinin verdiyi açıqlamalardan belə nəticə çıxarmaq olar ki, bütün bunlar hamısı böyük bir planın kiçik bir hissələri idi” – deyə, N.Həmzəyev əlavə edib:
“Təxtibatdan sonra bu səfərin baş tutması əslində öncədən planlaşdırılmışdı. Bu da bir növ Ermənistana dəstəyin göstərilməsi üçün ermənipərəst konqresmenlərin və o cümləddən Nensi Pelosinin əlinə bir bəhanə kimi qiymətləndirilir. Əslində biz ABŞ konqresində ermənipərəst və erməni lobbisinin təsiri altında olan senatorların çox olduğunu bilirik. Orada orta dövr seçkilər yaxınlaşır və erməni lobbisinin dəstəyini qazanmaq üçün bu səfər və fikirlər onlara lazımdır. Pelosinin səfər çərçivəsində qondarma erməni soyrqırımı abidəsini ziyarət etməsi, orada süni göz yaşları tökməsi və regionda baş verənləri düzgün qiymətləndirməməsi bir daha dövlətlərə sırımaq istədikləri demokratiya adı altında, əslində isə, müstəmləkə və “parçala hökmranlıq et” siyasətinin bariz nümunəsini ortaya qoydular. Xocalı faciəsini unudanlar, birinci və ikinsi Qarabağ savaşlarında Azərbaycan tərəfindən verilmiş şəhidlərin ruhuna hörmət etməyənlərin heç bir demokratiyadan ədalətdən danışmağa haqları yoxdur. Azərbaycanın haqlı savaşında, haqlı mübarizəsində xalq, ordu, iqtidar, ali baş komandan birliyi bütün qüvvələrə qarşı qalib gələcəkdir. Biz öz haqq yolumuzda daha da irəli gedəcəyik”.