Səhiyyə naziri Vətən müharibəsi zamanı yaralanan veteranlarımızı ziyarət edib
Səhiyyə naziri Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində bərpa-müalicə xidmətlərindən yararlanan Vətən müharibəsi veteranlarını ziyarət edib.
1news.az xəbər verir ki, görüşdə Teymur Musayev 44 gün davam edən Vətən müharibəsinin təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini bildirdi. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldığını vurğuladı.
Nazir şəhid ailələrinə və veteranlara qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Onun sözlərinə görə, xalqımız Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anır: “Hər birimiz Vətən uğrunda canlarından, qanlarından, ailələrindən belə keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borcluyuq. Eyni zamanda, Qələbəni əsgər və zabitlərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Bizə bəxş etdiyiniz bu qələbəyə görə Sizə minnətdarıq”.