Nigar Arpadarai: “Ermənistan “suverenliyinin alveri” siyasətini davam etdirir”
“Soçi görüşünü Ermənistanla Azərbaycan arasında sülhə aparan növbəti addım adlandırmaq çətindir”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
Deputat bildirib ki, Rusiya bu prosesdə vasitəçi rolunu itirməməyə çalışır.
“Rusiya tərəfinin bu addımı Azərbaycan və Ermənistandan daha çox, Qərblə münasibətləri ilə əlaqəlidir, Rusiya ilə Qərb arasında əlaqələrin dinamikasını əks etdirir. Əslində bu dinamika Azərbaycan üzrə deyil, Ermənistan üzrədir. Bu faktiki olaraq, Ermənistanı Rusiyaya , ya da Qərbə “dartmaq” prosesidir. Biz bu prosesdə qismən izləyiciyik. Təbii ki, Ermənistanın hazırki vəziyyəti və orada baş verən proseslər, onların mövqeyində qeyri-stabillik bütün regiona təsir edir. Və Azərbaycan buna hazır olmalıdır. Ermənistan suverenliyinin alveri siyasətini davam etdirir. Bu gün Ermənistanın bütün planları güclü dövlət qurmaq üzərində deyil, xarici siyasət avantüraları üçün sponsor tapmaq üzərində qurulub. Ermənistanın real gələcəyə baxışı mövcud deyil”.
“Ermənistanın cari siyasəti istər-istəməz onun dövlətçiliyinin daha da zəifləməsinə gətirib çıxaracaq”. – deyə, deputat əlavə edib:
“Nəzəri cəhətdən biz azərbaycanlıları bu məsələ bir o qədər maraqlandırmır. Bununla belə, regionda suverenliklə alver edən qeyri-sabit qonşunun olması ciddi risk mənbəyidir. Soçi bəyannaməsi isə bir daha Azərbaycanın mövqeyini təsdiq etdi. Qarabağ münaqişəsi artıq bitib , digər məsələlər Azərbaycanın daxili məsələsidir mesajı bir daha verildi”.
Xatırladaq ki, Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşün yekununda bəyanat qəbul olunub.