Arayik Artunyan dindirildi
Qarabağdakı separatçı rejimin keçmiş “rəhbəri” Arayik Arutyunyan rejimin sabiq “komandan”ı general Mikael Arzumanyan barəsində başlanılan cinayət işi çərçivəsində dindirilib.
1news.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.
Xatırladaq ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb. Belə ki, o, Şuşanın guya Azərbaycana təslim edilməsində günahlandırılır. Daha sonradan məhkəmə Arzumanyanın həbs edilməsi barədə qərar qəbul edib.
Ermənistan mediası bir müddət əvvəl sözügedən cinayət işində Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyanın da adının hallanacağının istisna edilmədiyini yazıb.
Qeyd edək ki, Mikael Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olaraq fəaliyyət göstərib.