Ukrayna səfiri: Humanitar yardımlar üçün Azərbaycan rəhbərliyinə və xalqına çox minnətdarıq
“Artıq 9 aydır ki, Ukrayna ərazilərini işğaldan azad etmək üçün mübarizə aparır.
Bu müddət ərzində biz tam ayrı reallığın şahidi olduq, müharibənin əvvəlindəki uğursuzluqlar hazırda elə bir reallığa çevrilib ki, biz Ukrayna ordusu və xalqının, bizim dostlarımızın, tərəfdaşlarımızın köməyi, sayəsində müharibədə qalib gəlməyə hazırıq və buna qadirik”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski jurnalistlərə müsahibəsində deyib.
“Düşmən döyüş meydanındakı məğlubiyyətini dinc əhalini atəşə tutmaqla kompensasiya etməyə çalışır. Dinc şəhərlər, sivil infrastruktur atəşə tutulur və siz təsəvvür edin ki, bu ilin 24 fevralından indiyə kimi Ukrayna ərazisinə atılan raketlərin 70 faizə yaxını mülki infrastrukturu hədəf alıb. Ukraynanın enerji infrastrukturunun atəşə tutulmasının məqsədi xalqı qorxutmaqdır, işıqdan, istidən, kommunikasiyadan məhrum etməkdir. Bunun cavabında isə düşmən tam başqa reaksiya ilə qarşılaşır, Ukrayna xalqı və dünya birliyi daha da sıx birləşir. Mən dost Azərbaycan xalqına bu çətin müharibə aylarında belə genişmiqyaslı köməyə görə təşəkkür edirəm. Onların arasında minlərlə ton ərzaq məhsulları, tibbi avadanlıqlar, tibbi ləvazimatların Ukraynada bir çox insanların həyatını xilas etməsini unutmuruq.
Bu gün kritik vacib yüklə dolu olan humanitar konvoy yola düşür, müxtəlif enerji sistemi avadanlıqlari, transformatorlar, generatorlar yola salınır. Onlar xəstəxanalar və digər vacib obyektlər üçün nəzərdə tutulub. Bu Azərbaycanın səmimi dostluğunun bariz nümunəsidir və biz bunu çox yüksək qiymətləndiririk. Bunu heç zaman unutmayacağıq, Azərbaycan rəhbərliyinə və xalqına çox minnətdarıq. İnanıram ki biz dostlarımızın köməyi ilə ayaq üstə dayanacağıq və mütləq qalib gələcəyik” – səfir qeyd edib.
1news.az