Türkmənistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bu gün dinamik inkişaf yolunda inamla irəliləyir, cəmiyyət həyatının bütün sahələrində sanballı uğurlar qazanır və dünyada nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.
Azərbaycan Respublikası ilə Türkmənistanın çoxşaxəli tərəfdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.
Sizinlə bu yaxınlarda “Avaza” milli turizm zonasında Türkmənistan-Azərbaycan-Türkiyə Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Həmin görüşdə tərəflərin ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətin durmadan genişləndirilməsinə və möhkəmləndirilməsinə sadiqliyi bir daha təsdiqləndi.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlıq xalqlarımızın rifahı naminə dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələri əsasında bundan sonra da uğurla inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm".