Deputat: “Azərbaycan Prezidentinin Davosda forumda iştirakı ölkəmizin inkişafı fonunda çox yaxşıdır”
“Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Yeni enerji reallığının istiqamətləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada əhəmiyyətli görüşlər keçirir”.
Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, Azərbaycan artıq xarici sərmayəni cəlb edib:
“Cənab Prezident İlham Əliyev əhəmiyyətli görüşlər keçirir. Prezident allternativ enerji mənbələri, yaşıl enerji, bərpa olunan enerji, ümumiyyətlə, bu istiqamətdə müxtəlif görüşlərdə də iştirak edib. Burada eyni zamanda ayrıca sessiyalarda bu məsələlər müzakirə olunur. Bilirsiniz ki, Azərbaycan bu məsələlərdə bir sıra ciddi addımlara başlayıb. Azərbaycan alternativ enerjinin əldə olunması və bir sıra bu istiqamətdə günəş, külək enerjisindən istifadə üçün bir sıra ciddi addımlar atılır və yeniliklər edilir. Hətta Azərbaycan bu istiqamətdə xarici sərmayəni də cəlb edib. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanın “ACWA Power” və bır sıra beynəlxalq şirkətlərin Azərbaycana investisiya etdiyini görə bilərik. Həmçinin sözügedən şirkətlər bu sessiyalarda fəal iştirak edirlər. Bu baxımdan Davosda keçirilən sessiyalarda, panellərdə, müzakirələrdə iştirak həm dünyada gedən proseslərin öyrənilməsi, həm də Azərbaycanın təcrübəsinin bölüşülməsi, həm də ölkəmizə olan marağın artırılması fonunda xüsusi önəm daşıyır. Yəni bu proses bütövlükdə icazə verir ki, həm biz öz təcrübəmizi bölüşürük, həm də digər dövlətlərin təcrübəsini öyrənirik və bu sahədəki yeniliklərlə tanış oluruq”.
C.Məmmədov həmçinin bildirib ki, onun fikrincə ən vacib məqamlardan biri beynəlxalq investorların cəlbidir:
"Çünki Azərbaycan qarşısına məqsəd qoyub ki, növbəti illərdə öz enerjisinin satışını həyata keçirsin. Yəni söhbət əldə etdiyimiz alternativ külək və günəş enerjisinin Avropa, xüsusilə də Şərqi Avropa ölkələrinə satılmasından gedir. Hesab edirəm ki, bütün bunların fonunda Cənab Prezidentin bu səfəri ölkəmizin inkişafı fonunda çox yaxşıdır. Gələcəkdə Azərbaycanın bir sıra beynəlxalq dövlətlərə əməkdaşlığına, eyni zamanda ölkəmizə yeni investisiyaların cəlbinə mühüm töhvə verəcək”.
Qeyd edək ki, yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Yeni enerji reallığının istiqamətləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada iştirak edib.