Biri müəllimləri, digəri isə valideynləri günahlandırdı - Məsələ necə tənzimlənməlidir? - ŞƏRH
Son zamanlar sosial şəbəkələrdə tez-tez qarşımıza hansına orta məktəbdə müəllimin şagirdi döyməsi videoları çıxır.
Bəzi insanlar müəllimi qınasalar da, bəziləri də şagirdlərin nadincliyindən gileylənir. Burada sual yaranır, görəsən, çətin psixoloji dönəmdən keçən şagirdlərə qarşı müəllim necə rəftar etməlidir?
Məsələ ilə bağlı psixoloq Əfsanə Rüstəmova 1news.az-a açıqlamasında, müəllimlərin şagirdlərə qarşı anlayışlı davranmasının vacib olduğunu qeyd edib:
"Məktəb yaş dönəmi uşaqlarda özünü kəşf dövründən 5-6 yaşdan başlayaraq orta yeniyetməlik dönəminə 16-17-18 yaşa qədər davam edir. Bu dövr onların indiyə qədər yığdıqlarını göstərmə dönəmidir. Həmin dövr uşaqlara məktəbdə təkcə təhsil həm də davranış qaydaları öyrədilməlidir. Təəssüf ki, bir çox məktəblərdə müəllimlərin, pedaqoqların işi 2+2 öyrətməkdir. Bizdə uşaqlara "hörmət nədir?", "sevgi nədir?", "hörmət etməmək nə üçün pisdir?" öyrədilmir. Bu məsələlərlə bağlı ayrıca dərslər tədris olunmur və biz şagirdlərdən bunları bilməyi tələb etmirik. Həmin dönəmdəki uşaqların beyni bəlkə də həyatlarının heç bir dönəmində lazım olmayacaq məlumatlarla yüklənirlər. Uzun uzadı yazılar yazdırılır, çətin dərslər tədris olunur. Uşaqların beynini süzgəc kimi təsəvvür edə bilərik. Özlərinə lazım olanı saxlayıb, qalanını kənara atırlar. Uşaqların formalaşmasında təkcə ailə, məktəb rol oynamır. Ətraf mühitdə baş verənlər də təsir edir, televiziya verlişləri, internet, qulaq asdığı mahnılar, izlədiyi sosial şəbəkə fenomenləri də təsir edir. Bütün bunların fonunda uşağın xaraketeri də dəyişir. Bu da məktəbdə özünü göstərir. Yeniyetmələr isə hələ öz cinsiyyətini tam kəşf etmir, özlərinin çirkin olduğunu düşünür, səs tonları dəyişir bütün bunlar da onların davranışına təsir edir. Düşünün ki, ən çətin keçid dönəmində kimsə onlardan imtahanlarda yaxşı nəticə göstərməyi tələb edir. Müəllim özü şagirdlə yaxşı münasibət qurmalıdır. Ona müəllimdən əlavə böyük bacı, dost kimi davranmalıdır".
Psixoloq həmçinin vurğulayıb ki, müəllim şagirdlərə qarşı kobud davranmamalı, onlara qarşı kin bəsləməməlidir:
"Ümumiyyətlə, hər dövrlərdə bu kimi hadisələr yaşanıb və yaşanacaq da, bu qaçılmaz bir haldır. Onu da qeyd edim uşaqların ən çətin, ən stresli dönəmləri məktəb illərinə təsadüf edir. Müəllimlər buna görə, səbr nümayiş etdirməli özlərini bu sahədə inkişaf etdirməlidirlər. Əgər müəllim uşaqlara “3 ilim qalıb, cəhənnəm olub, təqaüdə getsəydim canım qurtulardı” deyirsə, həmin müəllimin nə şagirdlərə, nə təhsilə, nə də özünə bir faydası var. Məktəb müəllimləri özlərini pedaqoq kimi yox, məişətləşmiş insan kimi aparırlar. Bir pedaqoqa lazım olan bacarıqlarları inkişaf etdirmək yerinə daha çox məişət bacarıqları ilə gündəmə gəlirlər. Hansısa müəllim uşağa fənni necə sevdirmək əvəzinə söyüş, sillə öyrədirlər. Həmin müəllimin müəllimliyindən söhbət gedə bilməz. İnsani tərəfədən müəllimə bəraət qazandırmaq olar. Lakin peşəsi öyrətmək olan birinə “şəkəri var” deyib də bəraət qazandıra bilmərik".
Məsələ ilə bağlı 1news.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib. Ekspertin sözlərinə görə, aqressiyanın əsas mənbəyi ailədir:
"Aqressiya ailədən qaynaqlanır. Ardınca orta məktəbdə inkişaf edir. Təhilin bünövrəsi qoyulandan bu nüanslara diqqət etmək lazımdır. Təhsildə aqressiya şagird – müəllim münasibətlərinin cəmiyyətin durumuna mənfi təsir göstərir. Müəllimlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Artıq məktəbdədə böyüyən uşaqda aqressiya formalaşdıqdan sonra, bu, sadəcə məktəb daxilində olmur. Yavaş-yavaş əhatə dairəsi genişlənir.
İbtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir. Aydın məsələdir ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzunu günü-gündən aktuallaşır. Nəzərə almaq lazımdır ki, heç bir direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ ola bilməz. Belə bir məsələdə hüquqi bazanın zəif olması bəhanəsinin arxasında gizlənmək vicdansızlıqdan başqa bir şey deyil. Ümumiyyətlə, mən tərəfdarıyam ki, hər kəs öz vəzifə səlahiyyəti çərçivəsində nə isə etməyə çalışsın. Əksərən vəziyyət belədir: yığışıb bütün günü şikayət etmək və özünün dəyişə bilməyəcəyi məsələləri təkrar-təkrar müzakirə etməklə yerlə-göylə əlləşmək. Aydın məsələdir ki, orta məktəb müəlliminin nə qanunu dəyişmək, nə də yeni bir proqram həyata keçirmək səlahiyyəti yoxdur".
Ekspert müəllimlərin şagirdlərə qarşı humanist davranmasını, idarə edilə bilməyən uşaq və yeniyetmələrin psixoloq yanına göndərilməsini deyib:
"Məktəbdə aqressiya məsələsində orta məktəb müəllimlərinin istisnasız hər birinin mənəvi və vəzifə öhdəlikləri var. Hər zaman və hər yerdə səsləndirilən “maaşımız azdır” arqumenti burada qətiyyən keçmir. Bu öhdəliklər maaşın azalıb-çoxalması ilə mütənasib ola bilməz. Unutmayaq ki, müəllimin az maaş almağının cəzasını şagirdləriniz çəkməli deyil.
Son günlər məktəblərdə baş verən hadisələri təhlil edəndə görürük ki, qaydaları pozan sinifdə zorakılıq edənlər adətən oğlanlardır. Ancaq görünür, zaman dəyişir. Birinci sinifimizdə qız heç kimi təqib etmir. Nə müəllim, nə də məktəbəqədər müəllim onun öhdəsindən gələ bilmir. Amma onlara hanslsa sərt cəzanə vermək mümkün deyil, buna bizim humanist təhsil sistemimiz icazə vermir. İdarə olunmayan şagirdi psixoloqa göndərmək də qeyri-mümkündür, çünki bunun üçün mütləq valideynlərin razılığı lazımdır, lakin onlar bunu vermirlər - onlar düşünürlər ki, onların gözəl övladı var və hamı sadəcə onu seçir.
Ümumiyyətlə isə təhsil müəssisələrində zorakılığın olmaması üçün məktəblərə Təlim - Tərbiyə funksiyasını da qaytarmaq və bunu müasir üsullarla icra etmək lazımdır. Hər ailədən müxtəlif dəyərlərlə gələn uşaqlar təhsil müəssisəsinin hər kəs tərəfindən qəbul olunmuş ümumi dəyərlərini qəbul etməli və o dəyərlərə uyğun hərəkət etməlidir. Bu təhsil müəssisəsinin dəyərləri yalnız uşaqlar üçün yox, həm də işçi heyəti tərəfindən qəbul olunmalıdır. İşçi heyəti təhsil müəssisəsinin dəyərlər sisteminin icrası zamanı örnək təşkil etməli və nümunə olmalıdırlar".