Sahibə Qafarova Kuba Respublikasının vitse-prezidenti ilə görüşüb - FOTO
Martın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən 1news.az-a verilən məlumata görə, qonağı və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Azərbaycanla Kuba beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında bir-birini həmişə qarşılıqlı şəkildə dəstəkləyirlər.
Spiker qeyd edib ki, Kuba Respublikasının Prezidenti Miqel Dias-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə şəxsən iştirak edib və siz də sabah Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə iştirak edəcəksiniz.
Söhbət zamanı Milli Məclisin sədri Kubanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüsləri dəstəkləməsini, eyni zamanda, Azərbaycanın da BMT çərçivəsində keçirilən səsvermələr zamanı Kubanın mövqeyini dəstəkləməsini qeyd edib. Spiker COVİD-19 pandemiyasının ağır dövründə də ölkələrimizin bir-birinə kömək etdiyini, Kubalı həkimlərin həmin dövrdə ölkəmizə göstərdiyi dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, ifadə edib ki, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, elm, təhsil, mədəniyyət, idman, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı potensial mövcuddur və bu imkanlardan yararlanmaq lazımdır.
Ölkələrimiz arasında olan əlaqələrin inkişafında parlamentlərimizin özünəməxsus rolundan danışan spiker Sahibə Qafarova hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, dostluq qruplarımız qarşılıqlı səfərlər, müntəzəm dialoq vasitəsilə parlamentlərimiz arasında körpü rolunu oynaya bilərlər.
İki ölkənin qanunvericilik orqanları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının hazırkı Sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsi yaradılıb. Şəbəkənin təsis toplantısı 2021-ci ilin noyabrında Madrid şəhərinə keçirilib. Bu toplantıda Kuba parlamentinin üzvü də iştirak edib. Şəbəkənin birinci konfransı isə 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində Bakıda keçirilib. Bu konfransda isə Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədr müavini Ana Mariya Mari Maçado iştirak edib. Milli Məclisin sədri Kuba parlamentinin Parlament Şəbəkəsinin işində fəal iştirakının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, əlavə edib ki, hazırda Şəbəkənin Bəhreynin paytaxtı Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçiriləcək ikinci konfransına hazırlıq işləri davam edir.
Görüşdə Milli Məclisin sədri qonaqlara Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış və 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesi, işğal dövründə Ermənistanın həmin ərazilərdəki bütün şəhərlərimizi, kəndlərimizi, tarixi, mədəni, dini abidələrimizi yerlə yeksan etməsi, mina problemi barədə məlumat verib. Spiker qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və 5 əsas prinsip əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqda davam edir. Ermənistan iki ildən artıqdır ki, Laçın yolundan hərbi məqsədlər üçün istifadə edir, mina, sursat, canlı qüvvə və talan edilmiş təbii sərvətlərin daşınması ilə məşğuldur. Buna cavab olaraq isə, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekofəallar Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirirlər. Laçın yolu mülki məqsədlər üçün tam açıqdır və heç bir humanitar böhrandan söhbət gedə bilməz.
Ermənistan yalan məlumatlarla məsələnin mahiyyətini təhrif etməyə və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Görünən odur ki, Ermənistan “blokada”, “gərgin humanitar vəziyyət” kimi yalan təbliğatla Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadəni davam etdirməkdə maraqlıdır. Ermənistan bu cür destruktiv davranışlarından çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Azərbaycan sülh və sabitliyik istəyir.
Görüş üçün təşəkkürünü bildirən Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycan Prezidenti İlham Əliyevlə dünən keçirdiyi görüş və apardığı danışıqlar barədə təəssüratlarını bölüşüb. O, sabah Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünə uğurlar arzulayıb.
Qonaq diqqətə çatdırıb ki, Kuba qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır. Kuba bu ildən G77-yə sədrlik edir. Azərbaycanın isə Qoşulmama Hərəkatına sədrliyi daha 1 il uzadılıb. O, bu iki təşkilata rəhbərlik edən ölkələrimizin qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb.
Vitse-prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. O, Kuba və Azərbaycan arasında parlamentlərarası, səhiyyə, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Kubalı qonaq həmçinin qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir. O, ölkəsinin illər ərzində blokadaya məruz qaldığını, amma Kuba xalqının mübarizə və azadlıq əzminin heç vaxt tükənmədiyini bildirib. Vitse-prezident, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşad Mirbəşir oğlu, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, hər iki ölkənin səfirləri Ruslan Rzayev və Karlos Enrike Valdes de la Konsepsyon və digər rəsmi şəxslər iştirak ediblər.