Azərbaycanda quş qripi ilə bağlı monitorinq keçiriləcək
Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən növbəti epizootoloji monitorinqlər keçiriləcək.
AQTA-dan 1news.az-a verilən məlumata görə, 13-17 mart tarixlərində keçiriləcək monitorinqlərin təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
Monitorinq zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı, çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşlarının ovlanması planlaşdırılır. Eyni zamanda Bakı şəhərində, Abşeron, Şabran, Lerik, Lənkəran və Hacıqabul rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Xaçmaz, Salyan, Biləsuvar və Lənkəran rayonlarının ailə təsərrüfatlarında ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.