XİN: Azərbaycan Brüssel görüşünə razılıq verib, Kişinyov görüşündə iştiraka dair isə yekun razılıq hələlik yoxdur
Azərbaycan tərəfi Brüssel görüşünə razılıq verib, Kişinyov görüşündə iştiraka dair isə yekun razılıq hələlik mövcud deyil.
1news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan və Ermənistan liderləri arasında Brüssel və Kişinyov görüşlərinə dair şərhində deyib.
"Məlum olduğu kimi, ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib.
Qeyd edək ki, Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.
Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil", - A.Hacızadə deyib.