Səfir: Ukraynada döyüşlərdə 26 azərbaycanlı həlak olub
Bu gün Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün Xatirə Lövhəsi açılıb.
1news.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün “Facebook” hesabında yazıb.
Qeyd olunub ki, açılış mərasimində həlak olanların ailələri, həmçinin Ukrayna səfirliyinin, diasporunun, digər qurumlarının və Azərbaycandakı ukraynalıların icmalarının nümayəndələri iştirak ediblər.
“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü başlayandan Ukrayna ərazisində yaşayan etnik azərbaycanlılar dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətlə ayağa qalxdılar.
Bu gün bizə torpaqlarımızın rus işğalçılarından azad edilməsi uğrunda həlak olan 26 Azərbaycan igidinin adı məlumdur”, - səfir yazıb.
Diplomat həmçinin əlavə edib ki, Ukraynanın azadlığı uğrunda həlak olan həmvətənlərimizin xatirəsini əbədiləşdirmək üçün onların həyatı və döyüş yolundan bəhs edəcək sənədli filmin çəkilişi planlaşdırılır, materialların toplanması üzrə hazırlıqlara başlanılıb.