Bakıda ATƏT PA və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə konfrans keçirilir - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ATƏT PA və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə konfrans keçirilir - FOTO - YENİLƏNİB

Qafar Ağayev17:41 - 22 / 05 / 2023
Bakıda ATƏT PA və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə konfrans keçirilir - FOTO - YENİLƏNİB

Mayın 22-də Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, konfransın açılış mərasimində Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq, ATƏT-in 27 müxtəlif ölkəsindən və 4 beynəlxalq təşkilatdan bir çox nümayəndələrin toplantıya qatıldığını söyləyib.

O, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya konfransın keçirilməsinə göstərdiyi dəstəyə və şəxsən iştirakına görə təşəkkürünü ifadə edib. Eyni zamanda, o, ATƏT PA-nın sədri Marqareta Sederfelt, qurumun Baş katibi Roberto Montella, habelə Monteneqro Parlamentinin sədri Daniyela Curoviç və Litva Parlamentinin vitse-spikeri Yonas Yarutisin iştirakından məmnunluğunu bildirib.
Azay Quliyev milli iqtisadiyyatlarda "yaşıl" prinsiplərin həyata keçirilməsində parlamentlərin rolu, bu sahədə əlaqələrin, davamlı inkişafla bağlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, ATƏT regionunda daha ədalətli, davamlı və təhlükəsiz inkişafın təmin edilməsi üçün qarşıda duran hədəflər və atılacaq addımlar nəzərdən keçirilməlidir. Azay Quliyev milli parlamentlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən bu toplantıda dayanıqlı inkişafın təmin edilməsi üçün "yaşıl" iqtisadiyyat modelinin tətbiqi istiqamətində səsləndiriləcək ideyaların önəmli olduğunu deyib. O, tədbirin hazırda cəmiyyətlərin üzləşdiyi böyük iqtisadi və ekoloji təhlükəsizlik problemlərinin effektiv şəkildə həlli üçün yolların müəyyən edilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Qeyd olunub ki, bölgəmiz üçün daha davamlı, daha ədalətli və daha təhlükəsiz gələcəyin təmin edilməsi baxımından qarşılıqlı hörmət və etimad üzərində əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

Sonra konfransda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Azərbaycan Respublikasının parlamenti adından bütün iştirakçıları salamlayan spiker Sahibə Qafarova bildirib ki, ölkələrimiz və bütövlükdə ATƏT bölgəsi üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün bir çox parlamentarinin bir araya gəlməsi təqdirəlayiqdir.

O, qeyd edib ki, biz millət vəkilləri, xalqlarımızın nümayəndələri olaraq, ölkələrimizin müasir çağırışlara dair mümkün olan ən yaxşı həll yollarını tapmaq səylərini dəstəkləmək və hər kəs üçün daha yaxşı bir gələcəyə çatmaq üçün imkanların reallaşmasına kömək etmək üçün məsuliyyət daşıyırıq. Bu mənada, parlament əməkdaşlıq platformaları bizim öhdəliyimizi və qətiyyətimizi əks etdirir. ATƏT Parlament Assambleyası çərçivəsində dialoqumuz, bu cür konfranslar çərçivəsində fikir və təcrübə mübadiləsi, genişlənmə və sıx əməkdaşlıq üçün yeni ideyalar və perspektivlər yaratmaq baxımından vacibdir.

Milli Məclisin sədri qeyd edib ki, ATƏT regionunda mürəkkəb təhlükəsizlik mühiti dövrünün pandemiyadan sonrakı iqtisadiyyatın bərpasındakı çətinliklər və digər çağırışlarla müşayiət olunduğu bir vaxtda, bugünkü konfrans davamlı inkişafda yaşıl iqtisadiyyatın və qarşılıqlı əlaqənin rolu kimi mühüm məsələlərə həsr olunub. Bunlar panel iştirakçılarımız tərəfindən ətraflı müzakirə ediləcəkdir.

Bu məsələlərə qısa şəkildə münasibətini açıqlayan spiker Sahibə Qafarova bildirib ki, "yaşıl" texnologiyaların istifadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm də yeni iqtisadi perspektivlər yaradacaqdır. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət təsir göstərəcək. Əlbəttə ki, inklüziv yaşıl iqtisadiyyata keçid istər-istəməz tədricən olacaq və bir çox problemlərlə müşayiət ediləcək. Ancaq irəliyə doğru düzgün addımlar ataraq onu sabit və davamlı etmək olar.

Milli Məclisin sədri qeyd edib ki, bu, Azərbaycanın gündəmində də mühüm yer tutur. Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətindən biri kimi müəyyən edilib. Son illərdə bərpa olunan enerji mənbələrinin enerji təchizatındakı payının əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılıb. 2021-ci ildə parlamentimiz "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanun qəbul edib. Bu gün artıq beynəlxalq tərəfdaşlarla birgə külək və Günəş elektrik stansiyalarının tikintisi üzrə bir neçə layihə həyata keçirilir. Yaşıl enerji sahəsində yalnız milli potensialın yaradılması deyil, həm də ondan beynəlxalq əməkdaşlığın təşviqində istifadə edilməsi üçün addımlar atılır. Ötən ilin dekabrında Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş imzalanıb. Azərbaycanın nəhəng bərpa olunan enerji resursları ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu artıracaq.

Sahibə Qafarova diqqətə çatdırıb ki, nəqliyyat və kommunikasiya xətlərinin və tranzit marşrutlarının diversifikasiyası və gələcək inkişafı, dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib. Nəqliyyat prosedurlarının sadələşdirilməsi, milli və beynəlxalq hüquqi müddəalardakı boşluqların və çatışmazlıqların aradan qaldırılması kimi praktik tədbirlərin görülməsi dəhliz boyunca ticarət əlaqələrini və biznes fəaliyyətini daha da genişləndirəcəkdir.

Spiker onu da qeyd edib ki, parlament diplomatiyası ATƏT regionunda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün əvəzolunmazdır. Bu diplomatiyanın təməl daşı isə Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət olmalıdır.

Milli Məclisin sədri konfrans iştirakçılarına müraciətlə diqqətə çatdırıb ki, sabah Sizin bir qisminiz konfrans çərçivəsində Azərbaycanın Zəngilan rayonuna səfər edəcək. Siz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının dağıdıcı nəticələrini öz gözlərinizlə görəcəksiniz. O illər Ermənistanın öz qonşusunun torpaqlarını işğal etdiyi illər kimi onun tarixinin ən utancverici səhifələrindən biri olacaq.

Spiker bildirib ki, Ermənistan etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, bu illər ərzində bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandallığa məruz qoyub. İşğal ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi və təbiət qoruqlarımızı məhv edib, təbii sərvətlərimizdən qanunsuz istifadə edib, Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çaylar da daxil olmaqla, torpağı və çayları çirkləndirib.

Spiker Sahibə Qafarova çıxışında bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, ATƏT də daxil olmaqla digər müvafiq beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarları yerinə yetirilmədi.

2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan məktubla bu konfransda iştirak edən nümayəndə heyətlərinə müraciət edərək, onlara sabah Zəngilan rayonuna getməməyi tövsiyə edib. Bu Sizin öz seçiminizdir. Əgər Siz bu səfərə getsəniz, çox şeylərin şahidi olacaqsınız. Bir tərəfdən Ermənistanın işğalının nəticələrini, törətdiyi dağıtıları öz gözlərinizlə görəcək, digər tərəfdən isə Azərbaycan Hökumətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə iki il yarım ərzində həyata keçirdiyi irimiqyaslı tikinti-quruculuq işləri ilə tanış olacaqsınız.

Milli Məclisin sədri konfrans iştirakçılarına xitabla qeyd edib ki, Siz bu ərazilərdə olarkən, Azərbaycan hökumətinin güclü siyasi iradəsinin və İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki il yarım ərzində yollarda, körpülərdə, elektrik stansiyalarında, məktəblərdə, xəstəxanalarda, yaşayış evlərində aparılan irimiqyaslı yenidənqurma və bərpa işlərində xalqımızın qətiyyətinin şahidi olacaqsınız. Qısa müddət ərzində inşa edilmiş Zəngilan Beynəlxalq Hava Limanı və regionda yeni nəqliyyat infrastrukturuna çevriləcək Zəngəzur dəhlizi Orta Dəhliz boyunca nəqliyyat və ticarət sahəsində əməkdaşlığı xeyli genişləndirəcək.

Bu ərazilərdə ətraf mühitə dair "ağıllı şəhər və kəndlər" layihələrinin həyata keçirilməsinin ilk uğurlu nümunəsi olan Ağalı kəndini ziyarət edəcəksiniz. Və orada keçmiş məcburi köçkünlərlə görüşdükdən sonra görəcəksiniz ki, bu qədər illərdən sonra həyat artıq bu torpaqlara qayıdıb.

Çıxışına yekun vuran spiker Sahibə Qafarova bir daha burada qonaqlarla birlikdə olmaqdan məmnunluğunu ifadə edib və onlara bütün gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra konfransın açılış mərasimində ATƏT PA-nın sədri Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella çıxış ediblər.

Qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya, ATƏT PA-nın Katibliyinə təşəkkürlərini ifadə ediblər. Çıxışçılar tədbirin ATƏT regionunda ətraf mühitin mühafizəsi problemlərinin aradan qaldırılmasına, ekoloji böhran şəraitində milli iqtisadiyyatların dayanıqlı inkişafının təmin edilməsinə, sabitliyin qorunmasına töhfə verəcəyinə əminliklərini bildiriblər.

Çıxışlarda iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, regional təhlükəsizliyə və sabitliyə mənfi təsirindən söhbət açılıb, insan fəaliyyətinin ətraf mühitə təsiri, təbii sərvətlərin istismarının ekoloji nəticələri ilə bağlı fikirlər səsləndirilib. Habelə, COVİD-19 pandemiyasının yaratdığı problemlərin, regional münaqişələrin iqtisadi və ekoloji baxımdan ciddi təhlükə doğurduğu deyilib.

Natiqlər yaşıl iqtisadiyyatın qlobal və yerli səviyyədə sosial-iqtisadi tərəqqinin və ətraf mühitin mühafizəsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər. Ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün mütərəqqi üsulların tətbiq edilməsinin önəmli olduğu vurğulanıb. Onlar alternativ və qeyri-ənənəvi vasitələrlə enerji mənbələrindən yararlanmağın həlli yollarının müəyyənləşdirilməsinin, bu sahədə potensial imkanlardan daha geniş istifadə etməyin zəruriliyini qeyd ediblər.

Çıxışlarda ekoloji problemlərin daxili potensial imkanlardan istifadə etməklə aradan qaldırılması ilə yanaşı, ətraf mühitdə baş verən neqativ dəyişikliklərin nəticələrinin qlobal səviyyədə həlli istiqamətində beynəlxalq səylərin artırılmasının və təcrübə mübadiləsinin vacibliyindən bəhs edilib. Bildirilib ki, yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, təhlükəsizliklə bağlı məsələlərin həyata keçirilməsində beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, ATƏT regionunda təhlükəsiz əməkdaşlığın inkişafı və sabitliyin qorunması üzv ölkələrin tərəqqisinə, xalqların milli maraqlarına xidmət edir.

Tədbirdə dayanıqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təmin edilməsində, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində parlamentlərin xüsusi rolu qeyd edilib. Milli parlamentlər tərəfindən bu məsələlərin təşviqi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımların, bu sahədə təcrübə mübadiləsinin önəmli olduğu bildirilib.

Açılış mərasiminin yekununda Azay Quliyev çıxışçılara səsləndirdikləri maraqlı fikirlərə görə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb, aparılan müzakirələrin faydalı olacağına əminliyini söyləyib.

Sonra tədbir iştirakçıları xatirə fotoları çəkdiriblər.

Konfrans öz işini panellərdə davam etdirib.

“Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” mövzusuna həsr olunmuş birinci paneli açan moderator, ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə baş komitəsinin məruzəçisi Qudrun Kuqler (Avstriya) tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Mövzu ilə bağlı fikirlərini bölüşən moderator yaşıl iqtisadiyyata, yaşıl enerjiyə keçidin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan, bu keçidin müasir texnologiyaların və yüksək həyat standartlarının tətbiqinə təkan verməsindən bəhs edib.

Çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Elnur Soltanov müzakirə olunan mövzu ilə bağlı Azərbaycanda görülən işlərdən danışıblar.

Sonra paneldə Litva Seyminin vitse-spikeri Jonas Jarutis, Kanada nümayəndə heyətinin üzvü Con Aldaq, ATƏT PA-da Albaniya nümayəndə heyətinin rəhbəri Damian Qciknuri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev çıxış ediblər və mövzu ilə bağlı fikirlərini bölüşüblər.

“Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusuna həsr edilmiş ikinci panelə ATƏT PA-nın vitse-prezidenti və davamlı inkişaf üzrə xüsusi nümayəndə Askar Şakirov (Qazaxıstan) moderatorluq edib.

Askar Şakirov giriş nitqində qlobal təbii və humanitar fəlakətlərin dünya iqtisadiyyatını və ekologiyasını ciddi tənəzzülə uğratmasından söz açıb, bunların qarşısının alınması üçün dövlətlərin birgə səylərinin əhəmiyyətindən danışıb.

Sonra Gürcüstanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Maka Botçorişvili, İtaliyanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Mauro Del Barba, BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ofisinin iqtisadçısı Xurşid Rüstəmov, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov çıxış ediblər, yaşıl iqtisadiyyatın beynəlxalq nəqliyyat və logistikadakı yeri, onun bu sahədə əməkdaşlığın genişləndirməsinə təsirlərindən danışıblar.

Panellərdə iştirakçıların mövzu ilə bağlı şərhləri dinlənilib, sualları cavablandırılıb.

Konfransda və onun panellərinin işində Milli Məclisin deputatları, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Ülviyyə Ağayeva, Əminə Ağazadə, Tural Gəncəliyev, Tahir Mirkişili, Ağalar Vəliyev, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli, ATƏT PA-ya üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

***

Saat

10:28

Bakıda ATƏT Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.

1news.az xəbər verir ki, tədbirdə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputat və xarici rəsmi şəxslər iştirak edir.

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçiriləcək.
Konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.

Paylaş:
702

Son xəbərlər

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47
Bütün xəbərlər