Milli Məclisin deputatları Fransada görüşlər keçiriblər
Parisdə səfərdə olan Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 8-də Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşüblər.
Bu barədə 1news.az-a Milli Məclisdən bildirilib
Qeyd edilib ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın da iştirak etdiyi görüşdə Fransa Milli Assambleyasının üzvlərinə regiondakı reallıqlar haqqında ətraflı məlumat verilib.
Fransalı parlamentarilər iki ölkə, xüsusilə də parlamentlər arasında münasibətlərdən söz açaraq, bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Milli Məclisin üzvləri Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlıq mühitinin yaradılması üçün ardıcıl səylər göstərdiyini qeyd ediblər.
Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.