Deputat: “Bu, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri olaraq cəsarətli mövqeyini göstərdi”
“Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatına üzv olan dövlətlər arasında birlik və koordinasiya üst səviyyəyə qalxıb”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yalnız Azərbaycanın hüquq və maraqlarının qorunması deyil, Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlərin hüquq və maraqlarının qorunması aspektində çox böyük işlər görülüb. Biz pandemiya dövründə Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının bir çox təşəbbüsləri irəli sürdüyünü və bu təşəbbüslərin BMT səviyyəsində dəstəkləndiyinin şahidi olduq. Ədalətli vaksin paylanılması məsələsi məhz Azərbaycanın təşəbbüsü ilə müzakirəyə çıxarıldı. Azərbaycanın dəstəyi ilə 30-dan çox ölkəyə humanitar yardım göndərildi, vaksinlərin əlçatan olması üçün bir sıra önəmli addımlar atıldı, bunlarla yanaşı, Əlcəzair xalqına qarşı törədilmiş soyqırımı ilə bağlı cənab Prezidentin tarixi çıxışı dünya gündəmini zəbt etdi və dünya dövlətləri Fransanın əməllərinin dərindən öyrənilməsi, Azərbaycanın cəsarətli mövqeyi ilə Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlərin, o cümlədən, Əlcəzairin hüquqlarının bərpası və ölkəyə qarşı edilmiş amansızlığa görə Fransanın üzr istəməsinin vacibliyini anladılar. Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dönəmində, cənab Prezident İlham Əliyev, BMT-nin strukturunda da mühüm dəyişikliklər edilməsinin vacibliyi məsələsinə toxunub. Bu da Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri olaraq cəsarətli mövqeyinin olmasını bir daha sübut etdi",- deyə o qeyd edib.
Naqif Həmzəyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatı Nazirlər Şurasının rəhbərlərinin Bakı toplantısında bütün Qoşulmama Hərəkatı üzvlərinə dərin təşəkkürünü bildirdi.
“Çünki 44 günlük Vətən müharibəsinin gedişində iki dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsi məsələsi gündəmə gəlmişdi və bu təşəbbüsü Fransa irəli sürmüşdü. Amma Qoşulmama Hərəkatının üzvlərinin qətiyyətli mövqeyi sayəsində Fransa və Ermənistanın istəkləri reallaşmadı, Azərbaycanın mövqeyi müdafiə edildi. Bu baxımdan da Qoşulmama Hərəkatı həmişə Azərbaycanın haqq savaşını və mövqeyini dəstəkləyib”.
"Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dönəmində, cənab İlham Əliyevin sədrliyi ilə təşkilatın nüfuzunu daha da artıra bildi” – deputat əlavə edib:
“Əslində, BMT-dən sonra ikinci ən böyük təşkilat Qoşulmama Hərəkatıdır, amma son dövrlərdə bu hərəkatın yalnız adı qalmışdı. Məhz Azərbaycanın sədrliyi dönəmində biz Qoşulmama Hərəkatının aktiv və fəal fəaliyyətinin şahidi olduq. Bu təşkilata üzv olan dövlətlər arasında birlik və koordinasiya üst səviyyəyə qalxdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər şəbəkəsi yaradıldı və parlament şəbəkəsi formalaşdırıldı",- deyə Milli Məclisin deputatı vurğulayıb.
N.Həmzəyev əlavə edib ki, bugün Bakıda Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin toplantısı keçirilir və eyni zamanda, qardaş Türkiyənin XİN başçısı da burada iştirak edir.
“Bununla bir daha dünyaya mesaj verilir ki, Türkiyə bütün platformalarda Azərbaycanın yanındadır. Türkiyənin Xarici işlər naziri hörmətli Hakan Fidanın da iclasda iştirak etməsi, Azərbaycana öz dəstəyini nümayiş etdirməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasının bariz nümunəsidir”.
"Cənab Prezident Ermənistanın öhdəliklərini yerinə yetirməməsi, uzun illər Azərbaycan məscidlərində heyvan saxlaması, azərbaycanlıların hissiyatı ilə oynaması və bu gün də çox təəssüf olsun ki, Azərbaycanın haqqı olan Zəngəzur dəhlizinin açılmasında gecikmələrin olmasını səsləndirdi. Bugün olan toplantıda İranın Xarici işlər naziri də iştirak edir. Cənab Prezident çıxışında İranın da bütün bu baş vermiş hadisələrdən doğru-düzgün nəticə çıxarması üçün bir eyham vurdu. Eyni zamanda Rusiya sülhməramlılarının nəzarətində olan qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və təxribat hallarının artmasına dair fikirlərin burda söylənilməsi, mən düşünürəm ki, gələcəkdə zərurət yaranarsa, bu quldur dəstələrinin təmizlənməsinə yönəlmiş bir eyham idi. Fikrimcə, Ermənistan və onun havadarları bu mesajdan doğru nəticə çıxarmalıdırlar və anlamalıdırlar ki, biz torpaqlarımızı işğaldan azad etmişik, bu Azərbaycanın suveren haqqı idi"- deyə o qeyd edib.