Bu gün Gəncənin 4-cü dəfə raket atəşinə məruz qalmasından 3 il ötür
2020-ci ildə Vətən müharibəsi dövründə cəbhə xəttindən uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.
1news.az xəbər verir ki, 11 oktyabrda Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla, 10 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.
Raket atəşə nəticəsində, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.